Elçin Aslangil
SÜRƏT
İblis: Sənin yaratdıqlarının içərisində ən mükəmməli
mənəm.
Allah: Təkəbbür...
İblis: Sən yeni yaratdığın bu əcaibə nə üçün təzim
etməyimi istəyirsən?
Allah: Çünki o, yaratdıqlarımın ən üstünü, ən
mükəmməlidir.
İblis: Mənə sübut et ki, o məndən üstün, o məndən
də mükəmməldir.
Allah: Haqq-hesab?
İblis: Bəli, ədalətli Allah. Mən beş min ildir ki,
sənə qulluq edirəm, sədaqətlə sənin əmrindəyəm.
Haqqım yoxdurmu?
Allah: Məndən istə! Yaxşı, bu əcaib adlandırdığının
səndən üstün olduğunu elə indicə sənə sübut
edəcəm. Bu ovcumdakı nədir?
İblis: Bilmirəm.
Allah: İnsan, bu nədir?
İnsan: Alma...
Köhnə sovet istehsalı olan elektrik tənzimləyiciyə
sıradan işıq lampası qoşdum. Mən tənzimləyicidə cərəyanı
artırdıqca, o daha da parlaq görsənirdi. Aludə
olurdum gözqamaşdıran işığa. Cərəyanı bir az da
artırdım, gözlərimdə qaranlıq kölgələr yarandı. Bir az
da... mirvari dənələr süzüldü tıncıxan gözlərimdən. Bir
az da... parlaqlıq gözlərim də ürəyim kimi çırpınmağa
başladı. Bir az da... bir az da ...və BUM!
Oturduğum yerdən qalxıb kor gözlərimlə güzgüyə
tərəf getdim, güzgüdə özümü axtardım. Üzümdə,
qəzəbli gözlərimdə, saçımda, bir sözlə, surətimdə
Allahı görmək eşqi ilə uzun-uzadı özümü süzdüm...
Yer əhalisindən göylərə – Allaha ibadət edən ilk
kəs İblis olmuşdur. İbadəti, Mələkləri təəccübə gətirən
ilk kəs İblis olmuşdur. Yalandan ağlayan ilk
kəs İblis olmuşdur. Cəhənnəmdə xütbə oxuyan da
ilk kəs İblis olacaq...
Dodaqlarım pıçapıç, dişim dilimin altını çeynəyir.
İçimdə qəribə bir sevgiyə ehtiras var. Qaynayır,
qaynayır, şişir, böyüyür və... Rəngarəng kəndirlər
sallanır göydən. Bəzisi uşaqlıq xatirələrimdən tanışdır
mənə. Əvvəl kəndirləri əzizlədim, oxşadım. Sonra
qəfildən nədənsə üşəndim, qorxdum. Bir iki addım
geriyə çəkilib yerə çökdüm...
Hz. Davudun əhd sandığının qorunduğu məkana,
Hz. Süleymanın məbədinin divarlarına, Hz. Musaya
Allah tərəfindən göndərilən on əmrin yazıldığı iki
lövhəyə, Hz. İsanın Qiyamət günündə oturduğu taxtın
ayaqlarını dayadığı torpağa, Hz. Məhəmmədin
meraca qalxdığı yerə, Allahın kainatı yaratmağa başladığı
nöqtəyə, Satrullaha başımı elə şiddətlə çırpdım
ki, ruhum parçalanan efir qatlarından sızıb uçdu,
cismən öldüm...
Münkər və Nəkir: Rəbbin kim? Dinin nədir?
Peyğəmbərin kimdir? Kitabın nədir?
Mən bu suallara çoxdan cavab vermişəm. İsrafilin
Sura ilk üfürməsi lap çoxdan baş verib. İkinci
üfürməsini, ölülərin dirilməsini və məhşər meydanında
toplaşmasını isə ala-toran xatırlayıram...
“Allah sizin və sizdən əvvəlkilərin, hətta sizdən
sonrakıların da taleyini biləndir”.
“OL” kəlməsinin sürətilə alnımdakı təri silmədən
qaçırdım. Qarşıma çıxan ilk qığıltım, bələyimə,
kirimi yuyan ilk suya, ilk oyuncağıma, məktəbli çantama
fikir vermədən qaçırdım. Lenin heykəlinin
mərmər altlığının üstündə dayanaraq, sağ əlimi irəli
uzadıb məni əziyyətlə ora çıxaran, sonra da altdan
yuxarı mənə fəxrlə baxan atama salam verdiyim
zamana fikir vermədən qaçırdım.
“OL” kəlməsinin sürəti ilə çoxdan məhv olmuş,
mənim və məndən sonrakı sivilizasiyanı, hətta
dağılmış dünyanı da geridə qoydum. Bəlkə milyon,
bəlkə də milyard yaşım var...
Allah “OL” kəlməsi qədər bizdən uzaqdadır. Biz
isə ona doğru yola çıxan çoxdan məhv olmuş, fəqət
işığı yol gedən ulduzlar kimiyik...
“Başınıza and içməyin. Çünki saçınızın tək telini
belə nə ağ, nə də qara etmək iqtidarında deyilsiniz.
“Hə”niz hə, “Yox”unuz yox olsun. Bundan artığı
şeytanındır”. (Hz İsa, İncil)