Fernando Alonso keçmiş rəqibi Mixael Şumaxerin rekordlarından birini üstələyib.
Ötən həftəsonu keçirilən Kanada Qran-prisində altıncı yeri tutan ispaniyalı pilot, "Formula-1"də ən uzun müddət xal toplayan sürücü kimi alman pilotun rekordunu geridə qoyub.
Fernando Alonso ilk "Formula-1" xalını 9 mart 2003-cü ildə Avstraliya Qran-prisində əldə edib. O vaxtdan bəri iki dəfə dünya çempionu olan Alonso, 257 yarışda xal toplayıb.
"Circuit Gilles Villeneuve" trasında altıncı yeri tutduqdan sonra Alonso, yeddiqat "Formula-1" çempionu Mixael Şumaxerin 2012-ci ildən bəri saxladığı rekordu qırıb.
Şumaxerin ilk və son xalları arasında 21 il 2 ay 17 gün mövcud olmuşdusa, Alonso üçün bu müddət artıq 21 il 3 aya çatıb.
Alonso ən azı 2026-cı ilə qədər "Formula-1"də yarışmağa davam edəcək və beləliklə, yeni rekordunu daha da gücləndirmək şansı olacaq.