Amerika diplomatiyasının siması

SİYASƏT
13:00 26.10.2013
1234
1news.az saytında “Amerika diplomatiyasının siması-3: müxalifətin “Stokholm sindromu”, yaxud “it hürər, karvan keçər”” adlı məqalə dərc olunub. Yazıda ABŞ xüsusi xidmət orqanlarının Avropa vətəndaşlarının və xüsusən də Almaniya kansleri A.Merkel kimi yüksək vəzifəli məmurların telefon danışıqlarının gizlicə dinlənilməsi fonunda ABŞ diplomatiyasının məkrli oyunlarından və iflasından, xarici siyasət və əməkdaşlıq sahəsində istifadə etdiyi metodların natarazlığından söhbət açılır.
ABŞ diplomatiyasında nə baş verir?
Məsələ burasındadır ki, Amerika diplomatiyası üçün bu gün fəxr oluna biləcək faktların sayı getdikcə azalır. Son dövrlərdə Rusiya ilə münasibətlərin soyuması, Fransa ilə əlaqələrin qeyri-müəyyən həddə çatması, Almaniyada casusluqla bağlı qalmaqal, İsraillə münasibətlərin zəifləməsi, Yaxın Şərq üzrə siyasətdə Türkiyə ilə birlikdə işlərin çətin duruma düşməsi, Suriyada kimyəvi silah növləri ilə əlaqədar baş tutmayan planlar və digər diplomatik uğursuzluqlar məhz bu qəbildəndir. Bütün bunlar isə amerikalıların uzunmüddətli milli maraqlarına əhəmiyyətli zərbə vurur.
Yazıda deyilir ki, ABŞ-ın “qəribə” diplomatiyasının narahatlıq doğuran sədaları Azərbaycanda da eşidilməkdədir. Belə ki, oktyabrın 9-da ölkəmizdə keçirilmiş prezident seçkilərini AŞPA, Avropa Parlamentinin və ATƏT-in Parlament Assambleyasının nümayəndələri, eləcə də Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun müşahidəçiləri izləyib. Bütün missiyalar öz hesabatlarında seçkilərin ədalətli və şəffaf keçdiyini, demokratiya yolunda daha bir addım olduğunu qeyd edib, təkcə DİİHB-dan başqa. Məlum olub ki, Büronu təmsil edən missiyanın hesabatı seçkidən əvvəl hazırlanıb. Təbii ki, sual yaranır: harada və kim tərəfindən? Əlbəttə ki, Vaşinqtonda. Özü də dünya siyasətinin mərkəzi sayılan bir ölkədə, erməni lobbisinin nökəri olan gənc bir məmurun əli ilə. Məhz bu məmurun arzusu ilə Avropa Parlamentində belə bir çağırış səslənib ki, seçkilərin yekununu qiymətləndirərkən digər missiyaların müsbət xarakterli nəticələrinə yox, məhz DİİHB-nin saxta qənaətlərinə əsaslanmaq lazımdır.
Yenə də həmin məmurun göstərişinə əsasən, ATƏT-dəki amerikalılardan ibarət missiya AŞ-nın baş katibi T.Yaqlanda açıq-aşkar təzyiq göstərib. Səbəb AŞPA müşahidəçilərinin rəyi ilə Amerika missiyasının rəyinin “üst-üstə” düşməməsidir.
“Freedom House” təşkilatı kimə xidmət edir?
Məqalədə əsl məramı və məqsədi gizli saxlanılan təşkilatların müəyyən fəaliyyətindən də bəhs edilir. Belə bir əminlik hökm sürür ki, amerikasayağı azadlıq və demokratiya dünyanın bütün xalqları üçün xoşbəxtlik və çiçəklənmə reseptidir. Bu reseptdən imtina edənləri isə acı aqibət gözləyir. Başqa sözlə desək, “yolundan azanları” ABŞ-ın “kiçik müəssisəsi” sayılan “Freedom House” təşkilatı yoluna qaytara bilər.
Məsələn, Azərbaycanda fəaliyyət göstərən “Yeni fikir” gənclər təşkilatı da belə üzdəniraq qurumlar tərəfindən maliyyələşdirilir və himayə olunur. Yeri gəlmişkən, 1941-ci ildə yaradılmış “Freedom House” təşkilatına Amerika Dövlət Departamentinin keçmiş yüksək vəzifəli məmuru Devid Kramer rəhbərlik edir. “Keçmiş” kəlməsi bu adama bir o qədər də yaraşmır. Belə ki, onun əvvəlki yüksək maaşı olduğu kimi qalıb, lakin son illər siyasi proseslərə təsir dairəsi daha da genişlənib. D.Kramer vaxtilə ABŞ dövlət katibinin demokratiya və insan haqları məsələləri üzrə köməkçisi olub, indi isə bu postu “Freedom House” təşkilatında işləmiş Tomas Melia tutur. Maraqlı yerdəyişmədir, deyilmi?
Yeri gəlmişkən, D.Kramer hələ dövlət katibinin köməkçisi olarkən 2008-ci ildə Bakıya gəlmişdi. Prezident İlham Əliyevlə görüşdə ölkəmizin ünvanına qucaq-qucaq təriflər söyləmiş, inkişafa və siyasi proseslərə heyran qaldığını bildirmişdi. Hətta Azərbaycanın Gürcüstana göstərdiyi köməyə görə ölkə başçısına az qala göz yaşları içində minnətdarlığını da bildirmişdi. Bəs, bu gün nə dəyişdi? Təşkilatın üzü niyə döndü?
“Stokholm sindromu”
Məqalədə bildirilir ki, bu əcaib sindrom adətən döyülüb əzilən, alçaldılan qurbanın gözlənilmədən öz zülümkeşinə xoş münasibəti və məhəbbəti ilə səciyyələnir. Hətta tarixdə belə faktlar mövcuddur ki, terrorçuların əlinə keçmiş qurbanlar qısa müddətdə onların həmfikirlərinə çevrilib və terrorçularla birgə ümumi maraqları yaranıb.
Bu sindrom Azərbaycan müxalifətinə də şamil oluna bilər. Azərbaycanı sevməyən qüvvələr ölkəyə gizli müdaxilə edərək onun daxili işlərinə qarışmağa, sabitliyi pozmağa cəhd göstərəndə müxalifətdə böyük sevinc və bayram əhval-ruhiyyəsi yaranır.
Bəs ABŞ dövlət katibinin köməkçisi, türklərin qatı düşməni Tomas Melianın “Demokratiya naminə sənət” (“Art for democracy”) adı altında maskalanmış təşkilata bilavasitə himayədarlıq etməsinə nə ad vermək olar? İndi təsəvvür edin ki, Azərbaycanın xarici işlər naziri, məsələn, Detroytda işdən qovulmuş fəhlələrin hüquqlarını qorumaq üçün ABŞ-da yaradılan təşkilatın həmtəsisçisi ola bilərmi? Amma Tomas Melia AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə görüşdə deyib ki, “Azərbaycandan və onun hökumətindən zəhləsi gedir”.
“Yeni fikir” heç də yeniliyi təbliğ etmir
Məqalədə daha sonra yazılır ki, 2013-cü ilin aprelində keçirilmiş həmin görüşdə Azərbaycan tərəfdən digər emissarlar da iştirak edib. Onlardan biri – Səid Nuriyev ölkəmizin keçmiş vətəndaşı olub, vaxtilə “Yeni fikir” gənclər təşkilatında sədr müavini vəzifəsini tutub. Səid 2005-ci ildə iğtişaşlar törətdiyinə görə həbs olunub, azadlığa çıxan kimi Azərbaycandakı diplomatik missiyanın göndərişi ilə ABŞ-a müalicəyə gedib. Keçmiş müxalifətçi yeni ağalarla dərhal dil tapıb. Amerikalı sponsorların pulu ilə Polşada təhsil alıb, indi isə mütəxəssis-məsləhətçi kimi Amerikadan olan ağalarının qarşısında quyruq bulayır.
Yazıda göstərilir ki, Səid Nuriyev kimilər tək deyil. Azərbaycanın çörəyini yeyib bu çörəyə naxələf çıxanlardan biri də İngiltərədə məskunlaşmış Murad Həsənlidir. İş o həddə çatıb ki, müxalifətçinin Bakıda yaşayan valideynləri Azərbaycan Prezidentinə 2006-cı ilin iyun ayında yazdıqları açıq məktubda övladlarının Azərbaycana yağdırdığı yalan və böhtandan xəcalət çəkdiklərini bildiriblər. Elə bu qəbildən olan “müxalifətçilər” sırasına Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun adını yazsaq, yanılmarıq. Ermənipərəstliyi ilə fərqlənən, əcnəbi qüvvələrin qrantlarını sağa-sola xərcləyən bu xanım dünyanın bütün şər və böhtanlarını xalqımızın adına yazmaqla məşğuldur.
Məqalədə deyilir ki, bu kimi ünsürlərin bütün səyləri əbəsdir, Necə deyərlər, “it hürər, karvan keçər...”.
Mühüm faktların açıqlandığı məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:
https://www.1news.az/analytics/ 20131025105202541.html

OXŞAR XƏBƏRLƏR