"People`s Choice" mükafatı öz sahiblərini tapdı
Ötən gün ABŞ-da "People`s Choice", yəni "Xalqın Seçimi" mükafatının təqdimetmə mərasimi keçirilib. Gecənin qəhrəmanı 5 nominasiyada qalib gələn "Ac oyunlar" filmi olub. Film "ən yaxşı film", "action janrında ən yaxşı film", "ən yaxşı franşiza" nominasiyalarında mükafat alıb. Baş rol ifaçıları Coş Hatçerson, Layam Hemsvort və Cenifer Lourens "ən yaxşı ekran komandası", Cenifer Lourens ayrılıqda "ən yaxşı aktrisa" nominasiyasında fərqlənib. Müğənni Keti Perri 2 mükafat alıb: "ən yaxşı pop-müğənni" və "ən yaxşı ifaçı" nominasiyalarında. "Kantri janrında ən yaxşı ifaçı" mükafatını Teylo Svift alıb. "Maroon 5" qrupu "ən yaxşı qrup" seçilib. "İlin yeni tanınan qrupu" mükafatını isə "The Wanted" alıb. "Ən yaxşı aktyor" adını Robert Dauni, "ən yaxşı dramatik aktrisa" adını isə Emma Uotson qazanıb. Amerikalıların fikrincə, "ən yaxşı komediya aktyoru" Adam Sendler olub, "ən yaxşı komediya aktrisası" mükafatını isə Cenifer Eniston alıb. "Pipls Çoys"un xüsusi "humanitar" mükafatını isə tanınmış aktrisa Sandra Ballok alıb. O, "Katrina" qasırğası nəticəsində dağılmış Yeni Orlean şəhərində məktəb və xəstəxanaların bərpasına yüz minlərlə dollar xərclədiyinə və dağılmış şəhərdən olan oğlan uşağını övladlığa götürdüyünə görə bu mükafata layiq görülüb.