Millət vəkili Qənirə PaşayevaTovuzda əri tərəfindən boğazı bıçaqla kəsilərək qətlə yetirilən Aytəkin İbrahimovanın faciəsindən yazıb.
AZXEBER.COM xəbər verir ki,millət vəkili hadisədən ciddi şəkildə üzüldüyünü qeyd edib: "Aytəkin xanımı seçici olaraq görmüşdüm və gənc bir qadının, iki kiçik övlad anasının bu cür faciəli ölümündən çox üzüldüm və ciddi narahat oldum. Parisdə AŞPA-nın Sosial İşlər Komitəsinin İclasında olsam da xəbəri alan kimi tez zəng edib rayonun prokuroru ilə də danışdım və rayondan bu ağır faciə, səbəbləri ilə bağlı geniş məlumat aldım.
Aytəkin xanıma Allahdan rəhmət diləyirəm. Bu cinayəti törədənin layiq olduğu cəzanı alacağına inanıram və almalıdır. Amma iki övladı anasız qoymanın və bir qadını bu cür qətlə yetirmənin mənəvi cəzası, əgər bir az da olsa vicdanı qalıbsa, onu ömrünün sonuna qədər daha ağır cəzalandıracaq.
Ailələrə isə sözüm odur ki, övladınız ailə quranda diqqətli olun. Ailə qurduğu adamın başqa ölkədə, başqa yerdə də ailəsi varmı deyə. Gənc qızlar, bu məsələdə diqqətli olun! Oğlan evinin insanları, əgər belə məlumatınız varsa, gizlətməyin, çünki sonra ailələr dağılır, faciələr yaşanır. Oğlan və ya qız tərəfin ailələri, qurulmuş ailələrə mənfi mənada çox müdaxilə etməyin. Gərginliyi daha da artırmayın. Bunları son illər gördüyüm bir çox hadisələr səbəbindən söyləyirəm.
Qadınlara qarşı artan bu cür cinayətlərə, zorakılıqlara artıq yetər deyirik! Qadınlara qarşı bu cür zorakılıq, cinayət xəbərlərindən artıq çox yorulduq deyirik. Körpə uşaqlar əziyyət çəkirlər. İndi bir anlıq anasız qalan və anasını atasının qətlə yetirdiyini biləcək o uşaqları düşünün. Bunun nə qədər ağır bir travma olduğunu düşünəndə belə insanın qəlbi parçalanır. Nədir insanlarda bu qədər aqressivliyin, zorakılığa meyilliyin artmasının səbəbləri? Bu da çox ciddi araşdırılmalıdır və cəmiyyət olaraq ciddi addımlar atmalıyıq. Əks halda zorakılıqların, ağır faciələrin artdığı bir topluma çevrilə bilərik ki, buna yol verməməliyik".