Tədbir Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın və Türkiyənin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daha sonra Qərbi Azərbaycan həqiqətləri və Qərbi Azərbaycan İcmasının fəaliyyəti, Qərbi azərbaycanlıların ləyaqətli şəkildə geri qayıdışı ilə bağlı Qərbi Azərbaycan Televiziyası tərəfindən hazırlanan film nümayiş etdirilib.
Tədbirin açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konfrans iştirakçılarına müraciətini oxuyub. O, Türkiyədə belə bir tədbirin keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək, konfransın işinə uğurlar arzulayıb.
Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, TBMM-nin üzvü Efkan Ala Qərbi Azərbaycanla bağlı Türkiyədə ilk belə konfransın keçirilməsinin tarixi əhəmiyyətindən danışıb.
Konfrans işini panel müzakirələrlə davam etdirib.
Qərbi Azərbaycanın tarixindən bəhs edən birinci panel türkiyəli tarixçi, Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Tarix İnstitutunun direktoru Prof. Dr. Kamal Çiçəyin moderatorluğu ilə baş tutub. Paneldə tanınmış tarixçi professorlar İlbər Ortaylı, Aygün Attar, Tufan Gündüz, Okan Yeşilot və İbrahim Ethem Atnur çıxış ediblər.
TBMM-in Qadınlar və kişilər arasında imkan bərabərliyi komissiyasının sədri Çiğdem Erdoğanın moderatorluğu ilə keçirilən "Qərbi Azərbaycan: hüquqi və humanitar aspektlər” mövzusunda ikinci paneldə TBMM-in komissiya sədrləri Vedat Bilgin və Derya Yanık, TBMM-in üzvü Zeynep Yıldız, professorlar Cavid Abdullazadə, Yaşar Sarı və Muharrem Kılıç çıxış ediblər.
Panellərdən sonra iştirakçılara təşəkkürnamələr təqdim edilib.
Konfransın bağlanış sessiyasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov, TBMM-in üzvü, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Zafer Sırakaya, Milli Məclisin deputatı, "Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı və TBMM-in üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım çıxış ediblər.