Antalya görüşündə nəticə əldə olunmadı: Müharibə davam edir - TƏHLİL

Antalya görüşündə nəticə əldə olunmadı: Müharibə davam edir - TƏHLİL
MANŞET
17:44 10.03.2022
753
Bu gün bütün dünyanın gözü Türkiyənin Antalya şəhərinə yönəldi. Çünki Rusiyanın Ukraynaya qoşun yeritməsindən sonra bu gün ilk dəfə idi ki, iki ölkənin xarici işlər nazirləri Sergey Lavrovla Dmitro Kuleba arasında görüş baş tuturdu. Bu, müharibənin dayanacağı, silahların susacağı ümidini az da olsa, yaratmışdı. Görüşün Türkiyədə baş tutması bu ölkənin ümidləri bir qədər də artırdı, müharibə başlayandan bəri Türkiyənin bu istiqamətdə təşəbbüslü addımları bunu deməyə əsas verirdi.
 
Amma Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünün yekununda müharibənin yekunlaşması ilə, heç olmasa atəşkəs üçün də razılıqlar əldə olunmadı. Ukrayna XİN başçısı Dmitri Kuleba jurnalistlərə açıqlamasında "Bugünkü görüşdə atəşkəs istədik, amma heç bir irəliləmə, nəticə əldə edə bilmədik", deyə ifadəsi şimal qonşumuzla Ukrayna arasında gərgin müharibənin hələ də davam edəcəyi demək idi. Dmitri Kulebanın "Mən bu məsələnin diplomatik yolla həll olunması üçün əlimdən gələni etdim. Gələcəkdə görüşlər davam edəcək" sözləri müsbət xəbərlər üçün hələ bir qədər də gözlənilməli olduğuna əsas verdi.

Deyə bilərik ki, silahların ən çox susmasını istəyən, bu istiqamətdə müəyyən addımlar atan ölkələrdən biri, bəlkə də birincisi Türkiyədir ki, o, bunu Qərb dövlətləri kimi sözdə yox, əməldə nümayiş etdirir.
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Antalyada Rusiya və Ukrayna XİN başçıları ilə birlikdə keçirilən üçtərəfli görüşə münasibət bildirərkən də bunu bir daha qeyd etdi: "Sülhə ən çox ehtiyac olduğu bir vaxtda həmkarlarım Lavrov və Kuleba ilə üçtərəfli formatda görüşdük. Arzumuz regionda sülhün əldə olunmasıdır. Rusiya ilə Ukrayna arasında diplomatik təmasların davam etməsi üçün səylərimizi əsirgəməyəcəyik”.

Çavuşoğlunun "Müzakirə asan olmadı. Döyüşlər isə davam edir. Təbii ki, təkcə bir görüşdən möcüzələr gözlənilməməlidir”, fikrində isə həqiqət var. Bir görüşlə ciddi nəticələrin əldə edilməsini gözləmək də lazım deyil. Müharibə başlayanda bəri iki ölkənin xarici işlər nazirlərinin ilk dəfə qarşı-qarşıya gəlməsinin özü belə müsbət hadisədir. "Bütün çətinliklərə rəğmən, mədəni formada tərəflər öz mövqelərini ifadə etdi. Tərəflər bir-birilərinin fikrinə hörmət etdi. Hər iki tərəf istəsə, yenə müzakirələrə ev sahibliyi etməyə hazırıq", deyən Çavuşoğlu müsbət təşəbbüslərin davamının gözlənilməsini özündə ehtiva etdi.

10 mart 2022-ci il – Rusiya-Ukrayna müharibəsinin 15-ci günü də bu hadisələrlər yadda qaldı. Önəmli görüşlər, müsbət mənzərə fonunda gərgin müharibə və silahlı qarşıdurmalar, dağılan binalar da müharibənin bugünkü tarixinə həkk olundu. Hadisələrin gedişatı onu göstərir ki, qanlı Ukrayna torpaqları hələ bir müddət də suveren dövlətin ərazisinə soxulmuş rus silahlılarına şahidlik edəcək, ukraynalılar bu çağırılmamış qonaqla mübarizə aparacaq.

"Rusiya Üçüncü Dünya müharibəsinin, xüsusilə nüvə savaşının mümkünlüyündən heç vaxt danışmır”, deyən Lavrov isə dünya müharibəsini istəmədiklərini qeyd etsə də, Ukrayna-Rusiya müharibəsinin də dayanmasını istəmir. Nəzərə alsaq ki, bunun üçün Rusiya Ukraynanın qarşısına qoyduğu şərtlərə əməl etməsini istəyir, bu da Ukrayna tərəfdə asanlıqla qəbul edilən məsələlər deyil. Lavrov hətta bu döyüşün "ölümünə” olduğunu da qeyd edir: "Qərbin bizim hərəkətlərimizə çılğın reaksiyası Rusiyanın dünyanın siyasi xəritəsində qalmaq uğrunda verdiyi döyüşün həyati yox, ölümünə olduğunu göstərir. Bu bizim üçün ölüm - qalım mübarizəsidir”.

Bugünkü görüşlər yekunlaşdı, müharibə davam edir, geridə qalan 15 günün üzərinə hələ neçə gün də əlavə olunacağı sual altındadır. Qərbdən istədiyi dəstəyi ala bilməyən Ukrayna isə mübarizə aparmaqda davam edir. Silahların susması, sülhün bərqərar olunması ümidləri üçün növbəti görüşlərin baş tutmasını gözləmək lazım olacaq.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR