Azərbaycan Qiymətləndiricilər Palatasının nəzdində Tədris Akademiyası fəaliyyətə başlayacaq.
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Ayan Qəmbərova AZXEBER.COM-a bildirib ki, Akademiyanın yaradılmasında əsas məqsəd ölkədə qiymətləndirmə sahəsində peşəkar hazırlıq sistemini formalaşdırmaq və bu sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının davamlı inkişafını təmin etməkdir: "Qiymətləndirici peşəsi dinamik bilik və daimi yenilənmə tələb edən bir sahədir. Biz Palata olaraq hesab edirik ki, bu sahədə peşəkarlığın artırılması, vahid standartların tətbiqi və beynəlxalq təcrübələrin ölkəmizdə yayılması üçün sistemli tədris vacibdir. Tədris Akademiyasının yaradılması da məhz bu zərurətdən irəli gəlir,” – deyə Ayan Qəmbərova vurğulayıb.
Onun sözlərinə görə, Akademiyada həm fəaliyyət göstərən qiymətləndiricilər üçün ixtisasartırma və peşəkar inkişaf proqramları, həm də sahəyə yeni daxil olan şəxslər üçün ilkin peşə hazırlığı kursları keçiriləcək: "Təlimlər beynəlxalq standartlara və milli qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcək. Eyni zamanda, tədris prosesində praktiki yanaşmalar, real qiymətləndirmə halları və interaktiv metodlardan istifadə olunacaq. Biz həm əyani, həm də onlayn təlim imkanlarını nəzərdə tutmuşuq ki, regionlarda çalışan mütəxəssislər də bu prosesə rahat şəkildə qoşula bilsinlər”
Ayan Qəmbərova əlavə edib ki, Tədris Akademiyası yalnız təlim təşkil edən bir qurum olmayacaq, eləcə də qiymətləndirmə sahəsində elmi-praktiki tədqiqatların aparıldığı, innovativ yanaşmaların müzakirə olunduğu və beynəlxalq əməkdaşlıqların qurulduğu bir mərkəz kimi fəaliyyət göstərəcək: "Akademiya çərçivəsində beynəlxalq ekspertlərlə birgə seminarlar, sertifikatlaşdırma proqramları və sahəyə dair aktual mövzularda forumların təşkili planlaşdırılır. Məqsədimiz Azərbaycanda qiymətləndirmə peşəsini daha da nüfuzlu, şəffaf və etibarlı instituta çevirməkdir.”
Sədr müavini qeyd edib ki, Tədris Akademiyasının fəaliyyəti qiymətləndirmə xidmətlərinin keyfiyyətinə, müştəri məmnuniyyətinə və sahədə etimad mühitinin möhkəmlənməsinə birbaşa təsir göstərəcək.