Barəsində həbs-qətimkan tədbiri seçilmiş Leyla Yunusun özünü sovet dövrünün dissidentləri ilə müqayisə cəhdi ironik münasibət doğurub.
Hazırda haqqında istintaq hərəkətlərinin davam etdirildiyi L.Yunusun özü ilə sovet dissidentləri arasında belə bir müqayisə aparmasına münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Gün.Az-a açıqlamasında onun bu hərəkətinin qətiyyən yerinə düşmədiyini deyib:
“Onun özünü sovet vaxtının dissidentləri ilə bir sıraya qoymaq cəhdi absurddur. Çünki belə bir müqayisə aparmaq, Leyla ilə o dövrün dissidentləri arasında uyğunluq tapmaq əsla mümkün deyil.
Ən azı ona görə ki, sovet dissidentləri tam təcrid edilirdilər, hər hansı formada fəaliyyət göstərmələrinə mane olunurdu, işləməyə imkan verilmədiyi üçün onlar maddi baxımdan acınacaqlı vəziyyətdə idilər.
Leyla Yunusun isə maddi vəziyyətinin necə olduğu məlumdur. Xaricilərlə işləyir, onlardan aldığı sifarişləri yerinə yetirərək böyük pullar qazanır, villalar tikdirir və ümumiyyətlə, heç bir maddi sıxıntı hiss etmir.
Buna görə də Leyla Yunusla sovet dövrünün dissidentlərini nəinki müqayisə etmək, heç onların adını yanaşı çəkmək də doğru olmazdı.
Yaxşı olardı ki, Leyla Yunus özünü sovet balerinası Qalina Ulanova ilə müqayisə edərdi. Çünki Leyla nə qədər balerinadırsa, elə o qədər də dissidentdir”.