Artıq axirətlə bağlı suallara süni intellekt cavab verəcək: Din xadimləri etiraz edir

Artıq axirətlə bağlı suallara süni intellekt cavab verəcək: Din xadimləri etiraz edir
SOSİAL
14:00 16.01.2026
763
Qazaxıstan Müsəlmanları Dini İdarəsi 2026-cı ildə "Imam AI” adlı süni intellekt əsaslı tətbiqi istifadəyə verməyi planlaşdırır.
 
Yeni proqram dini suallara operativ cavablar verməyi, Qurani-Kərimdən və hədislərdən sitatlar təqdim etməyi nəzərdə tutur. Layihə cəmiyyətdə həm maraq, həm də ciddi müzakirələr doğurub. Bəzi çevrələr bu təşəbbüsün dini maarifləndirmə sahəsində yeni imkanlar açacağını düşünür, digərləri isə süni intellektin ruhanilərin rolunu əvəz edib-etməyəcəyi sualını gündəmə gətirir. Eyni zamanda proqramın təqdim edəcəyi cavabların düzgünlüyü və etibarlılığı da narahatlıq yaradan əsas məqamlardandır.

İlahiyyatçı Elşad Miri AZXEBER.COM-a açıqlamasında bildirib ki, süni intellekt müəyyən sahələrdə insanı əvəz edə bilər, lakin dini məsələlərdə bu mümkün deyil:

"Süni intellekt bir sıra sahələrdə insanı əvəz edə bilər. Ancaq Qurani-Kərim Allahın insanlara yol göstərən kitabıdır və ilahi kəlamdır. Süni intellekt mövcud məlumatlar əsasında insanlara informasiya ötürə bilər. Lakin axirət, iman və ilahi hikmətlə bağlı məsələləri izah etmək onun imkanları xaricindədir. Bu, mümkün deyil”.

Ekspert vurğulayıb ki, süni intellekt yalnız mövcud informasiyaları təqdim edir:

"İnsanlar süni intellektdən pulsuz istifadə etməklə, əslində onu yaradan strukturlara fayda verirlər. Bu baxımdan, süni intellekt dini məsələlərdə qərarverici rol oynaya bilməz. O, sadəcə əvvəlcədən mövcud olan məlumatları ötürür. Eyni zamanda, süni intellektə müəyyən istiqamət verildikdə, o, ənənəvi dini anlayışlardan kənara çıxa bilər ki, bu da əlavə risklər yaradır”.
 

İlahiyyatçı Ağa Hacıbəyli AZXEBER.COM-a açıqlamasında vurğulayıb ki, süni intellekt dövrümüzün ən yüksək texnologiyalarından biri hesab olunur:

"Süni intellekt dövrümüzün ən yüksək texnologiyası sayılır. O, mövcud mənbələrə əsaslanaraq insanlara cavab verir. Başda Qurani-Kərim və Peyğəmbərimiz (əleyhissalam)ın sünnəsi olmaqla, İslam tarixinin əsas qaynaqlarından məlumatları dəqiqləşdirərək insanlara çatdırır”.

Ekspert bildirib ki, İslam və iman anlayışı olduqca dərin və həssas mövzudur:

"Dünyada mövcud olan heç bir texnologiya, nə qədər mütərəqqi olsa da, insanı tam əvəz edə bilməz. Üstəlik, süni intellekt də insan beyninin məhsuludur. Sadəcə, bu texnologiya vasitəsilə insanlar daha sistemli və dəqiq məlumatlar əldə edə bilirlər. Lakin süni intellekt heç vaxt imamları əvəzləyə bilməz. Çünki insan duyğulara malikdir, qarşısındakı şəxsin hisslərini anlaya və qəlbindən hiss edə bilir. Süni intellekt isə bu baxımdan yalnız imamın köməkçisi rolunu oynaya bilər”.

Ağa Hacıbəyli qeyd edib ki, əsas məqamlardan biri də İslam dünyasında gedən tərəqqi prosesidir: 

"Hazırda müxtəlif təriqət və məzhəblərə insanların cəlb olunması halları müşahidə edilir. Süni intellektdə isə belə subyektiv maraqlar yoxdur. O, daha çox etibarlı və dəqiq mənbələrə istinad edir. Ola bilsin ki, məhz süni intellektin köməyi ilə bu gün ixtilaf doğuran bir çox məsələlərə daha aydın yanaşma formalaşsın”.

 Şəhanə Ziyad

OXŞAR XƏBƏRLƏR