“Arvadım atamın goruna söydü, vurub öldürdüm...”

KRİMİNAL
00:15 08.06.2014
2684

Xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirli bilinən şuşalı qaçqın, 1977-ci il təvəllüdlü Hüseynov Nəsir Qurban oğlunun məhkəmə istintaqı yekunlaşıb.

AZXEBER.COM virtualaz.org saytına istinadən xəbər verir ki, N.Hüseynov həyat yoldaşını azyaşlı uşaqlarının gözü qarşısında qətlə yetirdiyinə görə mühakimə olunub.

Hadisə ötən il oktyabr ayının 21-də baş verib. N.Hüseynov həyat yoldaşı Aygül Hüseynovanı azyaşlı uşaqları - Cəlalə Hüseynova (2010-cu il təvəllüdlü) və Qurban Hüseynovun (2012-ci il təvəllüdlü) gözləri qarşısında xüsusi amansızlıqla qətlə yetirib. Səbəb kimi ailədaxili münaqişə göstərilir.

Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib: “Maşının kreditini ödəmək üçün banka getmişdim. İşlərimiz çox olduğundan işlətdiyimiz dükanı həmin gün arvadım Aygülə tapşırmışdım. Evə qayıdanda Aygül də, uşaqlar da dükanda idilər. İçəri girən kimi Aygül üstümə qışqıraraq “hardasan, niyə gec gəlirsən” dedi. İş üçün getdiyimi dedim, sakitləşdirməyə çalışdım, başa düşmədi. Əksinə, səsinin tonunu daha da qaldıraraq bir neçə ay əvvəl rəhmətə getmiş atamın goruna söydü. Onun səs-küyünü qonşuların da eşidəcəyindən ehtiyatlanıb dedim ki, dur uşaqları da götür, çıxıb evə gedək. Birlikdə dükandan çıxdıq. Aygül öndə, mən, anam və oğlum onun arxasınca gəldik.

Evə girən kimi Aygül yenə mübahisəni davam etdirdi. Hətta stolun üstündən bıçaq götürərək özünü öldürəcəyi ilə hədələdi. Azyaşlı qızımı qucağımdan yerə qoyub bıçağı Aygülün əlindən almaq üçün ona sarı getdim. Bilək nahiyəsindən tutub sıxdım, güclə olsa da bıçağı əlindən ala bildim. Bu vaxt Aygül yenə də özünü öldürəcəyini deyərək bıçağı məndən geri almağa cəhd göstərdi. Əsəblərimi cilovlaya bilmədim, bıçağı Aygülün ürək nahiyəsinə vurdum. Qışqırıb qapıya tərəf qaçdı. Qonşuların gələcəyindən qorxub bıçağı evin damına tulladım. Tez-tələsik qonşuluqda yaşayan Emin həkimi çağırmaq üçün həyətə düşdüm. Emin həkim gələnə kimi Aygül keçindi. Dükana düşüb 102-yə zəng vurdum, hadisə barədə məlumat verdim”.

Zərərçəkmiş şəxsin hüquqi varisi İradə Mədətova isə məhkəməyə verdiyi ifadəsində qızı Aygülün 2009-cu ildə Nəsirlə ailə həyatı qurduğunu göstərib: “Nəsir qızımı qaçırmışdı. Aygülün dalınca gedən zaman Nəsirin 7 il ailəli olduğunu, amma uşağı olmadığına görə ayrıldığını öyrəndim. Qızım Nəsirlə öz xoşu ilə qaçdığını bildirdi. Rəsmi nikah bağladılar. Birgə nikahdan iki övladları dünyaya gəldi. Qızım ailəsi ilə birgə Novxanı qəsəbəsindəki “Şəfəq” düşərgəsində yaşayırdı. Əvvəllər qızımla Nəsirin münasibətləri yaxşı idi. Qayınanası Nəcibə də onlarla bir evdə yaşayırdı. Maddi çətinlikləri var idi. Nəsir icarəyə dükan götürüb işlədirdi. Amma spirtli içki düşkünü olduğundan qızımın qızıl-zinət əşyalarını, hətta cehiz verdiyim soyuducunu da satmışdı. Hər ay qızıma pay göndərirdim, maddi cəhətdən köməklik edirdim. Amma əri qızıma verdiyim pulun hamısını onun əlindən alırdı.

Son vaxtlar Nəsir Sumqayıt şəhərindən olan bir qadınla yaxınlıq edirdi. Bu üzdən də qızıma gün vermirdi, evdən çıxıb getməsini tələb edirdi. Hadisədən üç gün əvvəl Nəsirin anası Nəcibə zəng vurub məndən 400 manat istədi. Ona pulumun olmadığını dedim. Oktyabrın 21-də isə axşam saatlarında Nəsir özü mənə zəng vuraraq Aygülün qol-qıçının qırıldığını dedi. Tez Nəsirin qardaşı arvadı Mənsurəyə zəng vurdum. Mənsurə mənə Aygülün öldüyünü dedi. Ertəsi gün Aygülün meyitini dəfn eləmək üçün öz rayonumuza - Bərdəyə apardıq”.

Sözügedən cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Ənvər Seyidovun sədliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nəsir Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR