ASAN Radionun əməkdaşları Şuşada olublar. Həm efirdə, həm də sosial mediada ilk radio kimi kütləvi yayım ediblər. ASAN Radionun direktoru Emin Musavi, xüsusi müxbir Ruslan Zeynal və foto-videoqraf Arzu Aslanov Şuşanın işğaldan azad olunmasının 2 ayının tamamında maraqlı audio və video reportajlar hazırlayıblar.
Mədəniyyət paytaxtımız Şuşanın Yuxarı Gövhərağa məscidi, Üzeyir Hacıbəyli, Xan qızı Natəvan, Bülbülün evində olublar. Molla Pənah Vaqifin dağıdılmış məqbərəsini ziyarət ediblər.
Əməkdaşlarımız ASAN Radionun rəsmi facebook səhifəsində "Cıdır düzü”ndən, "Topxana meşəsi”dən, Füzuli-Hadrut-Şuşa yolundan canlı yayım ediblər.
Bundan başqa, Şuşa qalası, Şuşa türməsi, Qazançı kilsəsi və digər tarixi yerlərdən reportaj hazırlayıblar. Həmkarımız, əslən şuşalı Ruslan Zeynal 29 ildən sonra uşaqlığının keçdiyi baba evini tapıb.
Bununla yanaşı, "TRT FM” Radiosu ilə beynəlxalq layihə çərçivəsində ilk dəfə Şuşadan canlı "Radiokörpü” qurulub.
Qeyd edək ki, ASAN Radio Şuşada 95.6 FM-də yayımlanır.