"Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumu strateji xarakter daşıyır" - Türk general

"Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumu strateji xarakter daşıyır" - Türk general
SİYASƏT
14:19 12.12.2025
540
Xəbər verdiyimiz kimi, Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında görüş planlaşdırılır. Bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov brifinqdə açıqlayıb. İki ölkə liderinin görüşü Türkmənistanın paytaxtı Aşqabadda baş tutacaq.

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz AZXEBER.COM-a deyib ki, bu görüş gündəm baxımından çox geniş məsələləri əhatə edir:

"Enerji əməkdaşlığı, qaz mərkəzi layihəsinin həyata keçirilməsi, Akkuyu AES və digər enerji mövzuları ilə bağlı Türkiyə və Rusiya arasında enerji məsələləri müzakirə olunacaq. Daha sonra Ukrayna müharibəsi və diplomatik yol xəritəsi, Qərbin son təklifləri, qəbul edilə biləcək addımlar, tədbirlər, əsir mübadilələri və sülhə aparan yolun dəqiqləşdirilməsi məsələsi gündəmdə olacaq. Suriya məsələsi və regional təhlükəsizlik də əsas mövzulardan biridir. Çünki PKK/YPG fəaliyyətləri, onların hələ də Suriya bütövlüyünə inteqrasiya olunmaması səbəbindən yaranan problemlər, sabitlik məsələləri və Rusiya hərbi bazalarının mövcud vəziyyətinin qorunması kimi məqamlar müzakirə ediləcək”.

Y.Karauz qeyd edib ki, Cənubu Qafqazda baş verən proseslər də müzakirə oluna bilər:

"Digər mühüm məsələ isə Qarabağdan sonra Cənubi Qafqazda baş verən proseslərdir. Bu çərçivədə Azərbaycan–Türkiyə-Rusiya üçtərəfli əməkdaşlığı və Azərbaycan–Ermənistan sülh prosesinin sürətləndirilməsi məsələsi də gündəmdə olacaq. Turizm də daxil olmaqla digər iqtisadi məsələlər də müzakirə ediləcək. Qara dənizin təhlükəsizliyi, Şimal–Cənub nəqliyyat dəhlizi ilə bağlı məsələlər də danışıqların gündəmindədir. Son olaraq silah sistemləri və müdafiə sənayesi əməkdaşlığı kimi məsələlər də nəzərdən keçiriləcək”.

"Qərbin, NATO-nun və Tramp administrasiyasının fikirləri qarşılıqlı olaraq müzakirə olunacaq. Bu səbəbdən görüş çox önəmli və strateji xarakter daşıyır və nəticələrini yaxın zamanda izləmək mümkün olacaq”-, deyə general bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR