Premyer Liqanın formatı yenə dəyişir?
Maraqlı xəbər eşitmişəm. Deyirlər ki, Azərbaycan əsilli iş adamı Telman İsmayılov “Qusar” klubunu sponsorluğa götürür. Şəxsən mən buna inanmıram. Ancaq hər şey ola bilər. Bütün sahələrdə iddialı olan “AST Telman”ın klubu hər halda adına layiq olar. Bu isə o deməkdir ki, iddialı klubların sırasına daha biri əlavə olunacaq. O artıq başqa mövzudur ki, futbolumuz bundan xeyir görər, ya yox.
Bu məsələdə məni təəccübləndirən daha bir məqam var. Bu söhbəti mənə eləyən şəxs iddia edir ki, “Qusar” növbəti mövsümdən Premyer Liqada çıxış edəcək. Maraqlıdır, necə? AFFA-nın İcraiyyə Komitəsinin çıxardığı son qərara əsasən növbəti mövsümdən Premyer Liqada 10 komanda mübarizə aparacaq. Ancaq adam iddia edir ki, Premyer Liqanın formatı yenə dəyişdiriləcək və növbəti mövsüm çempionatımız 16 komandalı iki dövrəli sistemlə keçiriləcək. “Qusar”la yanaşı “Qaradağ Lökbatan”, “Neftçala” və “Ağsu” da Premyer Liqaya vəsiqə qazanacaq. Şəxsən mən buna da inanmıram. Ancaq bizim məmləkətdə hər bir möcüzə gerçəkliyə çevrilə bilər. Başqa məsələdir ki, hər bir gerçəklik də möcüzə kimi qələmə verilə bilər.
1-ci divizionda keçirilən “Ağsu” – “Qaradağ Lökbatan” oyunu xeyli səs-küyə səbəb oldu. Məğlub olan qonaqlar hakim qərarlarına etiraz etdilər. Ara qarışdı, məzhəb itdi. Niyə? Axı açıqlanıb ki, Premyer Liqaya vəsiqə qazanan olmayacaq. Bu hadisə ona işarə verir ki, həqiqətən format dəyişə bilər.
Mövsümün gedişində formatı dəyişmək qeyri-peşəkarlıqdı. Format dəyişdirilirdisə, bu, 2013/2014 yox, 2014/2015 mövsümündən icra olunmağa başlanmalıydı. 10 komandalı 4 dövrəli sistemdənsə, 16 komandalı 2 dövrəli sistemi daha uğurlu sistem hesab edirəm. Bu halda Gəncə, Tovuz, Neftçala, Ağsu kimi bölgələrdə futbol olacaq və bu qərar futbolumuzun kütləvililiyinə xidmət edəcək. Ancaq bir şərtlə ki, “Kəpəz” və “Turan” klublarına normal sponsorlar tapılsın və bu klublarda ciddi iş görsünlər.
Bu bir daha onu göstərir ki, futbolumuzu idarə edən şəxslər bu sahədən çox uzaqdırlar. Gündə bir qərar verməkdənsə, hər gün düşünüb dəqiq qərar vermək lazımdır. Futbol nə biznes mərkəzidi, nə də bazar.