bir uşaq iki yaşındaykən atası
ölmüşsə, onunla əlaqəli xatirələri
varlığıyla deyil, yoxluğuyla
əlaqəli olur.
buna baxmayaraq məndə iki dənə
xatirə parçası qalıb. birində mən
gecə yarısı oyanmışam, sən
qaçıb qucağına alırsan məni;
digərində qonaq otağında hazırlanmış
bir çarpayıda əldən düşmüş yatır və davamlı
öskürürsən.iki saniyəlik iki
xatirə.
xatirə niyyətinə qalan bir neçə kitab var rəfdə. və
bir də; almağa başladığın dünya
ədəbiyyatı klassikləri. böyüyəndə çox işimə
yarayacağını söyləmisən anama.
səndən sonra biz yığmağa başladıq, 12 cild oldular.
evdə buraxdığın hüzn, sənin
necə biri olduğunu soruşmaqdan
məhrum etdiyi üçün məni, mən də onları oxudum
ibtidai sinifə başlayar başlamaz. bergmanın
“yeddinci möhürü”ü, hötenin “faust”u, sənin
üzündən yeddi yaşımda girdilər
həyatıma. anladığımı
sanmıram o yaşda, amma məqsəd səni
necəsə tanımaqdı.
bir də rəsmlərinə baxdım həmişə.indi mənim
boyumda-eyni boydaymışıq
onsuz da-qarabuğdayı, arıq, gülərüz, zərif bir kişi.
evdə səndən bəhs olunduğu və
ağlanıldığı zamanlarda,
başqa otağa qaçsam da, bir qulağım orada
oldu həmişə. onları da əlavə etdim təsvirinə. mavi
köynəkləri sevdiyini, gündə iki dəfə təraş olduğunu, tərsliyini,
ağıllılığını və necə bütün ailənin
gözbəbəyi olduğunu öyrəndim o biri otaqdan.
və ölümünə yaxın mənə ayaqqabı almaq üçün
mağazaya girdiyində, yeriyəcək gücün
olmadığından, necə bir
kresloya çöküb, satıcıdan bütün uşaq
ayaqqabılarını sənə gətirmələrini xahiş
etdiyini...
adımı qoyarkən də
çətinlik çəkmisən. yazıçı və şairlərin kitabını
günlərlə vərəqləmisən, ad axtarmısan mənə. hətta
adım əvvəllər “şeyx sənan”mış, şəhadətnamə
çıxartdıqdan sonra “sənan” adını çox bəyənib
dəyişdirmisən adımı. adımı həddindən
çox sevməyim ondandı.
böyüyüncə öyrəndim bəzi detalları da.
lap az qalan pulunuzla bibim yemək almağa
çalışarkən, ne olar siqaret alaq
deməyini, internatdan
qaçdığın şənbə günləri gəzmək
əvəzinə, qohumunla biryerdə tiflisdə
yatan mirzə fətəli axundovu ziyarət
etdiyini, aşıq ədalət ilə
görüşmək üçün qaraçöpdən qazaxa
getdiyini, sonradan öyrəndim.eyni sənə
çəkmişəm, beləcə başa düşdüm.
amma çox əsəbləşdim sənə və tanrıya
uşaqkən. “niyə mən?” deyə soruşdum ondan. sənə də özünə
yaxşı baxmadığın üçün əsəbləşdim.
indi səninlə eyni yaşdayam.
öldüyün yaşa 4 ay olar keçmişəm. sənə və ona
incikliyim də çoxdan kecib
onsuz da.
anam bu yaxınlarda, saxladığı bir
yerdən mənim böyüməyimi cəkmək üçün
aldığın həvəskar kameranı verdi mənə.
təptəzə. içində işlənməmiş xam
kassetlər də var. 22 ildir əlvurmadan
gözləmişlər. öldüyün üçün vaxtın
olmayıb istifadə eləməyə.
bir şey daha söyləmək istəyirəm. səni tanıyan
hərkəsin, keçən o qədər ilə baxmayaraq
adını deyərkən səsləri titriyir və
gözlərində həmişə bir sevgi və buğ var. az bir
zamanda hərkəsin qəlbinə girmiş və
çıxmamısan.
ölərək məni çox kədərləndirdin amma, belə bir adam
olduğun üçün həmişə qürur duydum səninlə.
məni tanısan, sən də qürur duyardın,
əminəm.
varlığınla və yoxluğunla məni
var etdiyin üçün təşəkkürlər.qəbrin nurla dolsun.
Sənan ƏLLƏZ