‘Atlant’dakı silahlı məmur oğlunun kimliyi bilindi - VİDEO

KRİMİNAL
00:56 18.12.2014
8973

Bir müddət öncə yayılmış videodan belə görünürdü ki, Azərbaycan məmurlarından birinin oğlu əlində silah tutaraq Nabrandakı “Atlant” istirahət mərkəzinin müştərilərini güllələməklə hədələyir.

İnsident bu il avqustun 2-də baş verib. Həmin vaxt mətbuatda belə məlumatlar yayılmışdı ki, Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mübariz Ağayevin oğlu gecə “Atlant”da avtomatdan atəş açıb.

Doğrudur, Quba RİH başçısı o vaxt bu məlumatı təkzib edərək oğlunun həmin vaxt evdə olduğunu, Quba RİH-in sözçüsü isə gəncin xaricdə olduğunu demişdi.

Bu dolaşıq izahat da müəmmaları artırırdı. Üstəlik həmin vaxt heç kəs məsuliyyətə cəlb olunmamışdı. Hüquq-mühafizə orqanları isə belə bir silahlı insidentin ümumiyyətlə baş vermədiyini iddia edərək xəbəri təkzib etməyə çalışmışdı.

Lakin dediyimiz kimi, ötən həftə bu davaya dair sensasion video əldə edib yaydıq. Həmin videogörüntülər silahlı insidentin icra başçısının oğlu tərəfindən törədilməsi versiyasını dərhal inkar etdi. Çünki kadrdakı silahlı şəxs başqası idi. Amma onun şəxsiyyətini o vaxt müəyyən edə bilməmişdik.

Lakin virtualaz.org saytının apardığı araşdırmalar nəticəsində həmin silahlı məmur oğlunun kimliyinə aydınlıq gəlib.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, bu hadisə ciddi ictimai rezonans doğurduğundan Quba Rayon Prokurorluğunda fakt üzrə cinayət işi qaldırılıb. Müstəntiqlər silahlı şəxsin Ziya Əliyev adlı gənc olduğunu müəyyənləşdiriblər.

Ziya Əliyev Quba Rayon Bələdiyyəsinin sabiq sədri Elxan Əliyevin oğludur. Maraqlıdır ki, Elxan Əliyevin özü hazırda həbsdədir. O, 2012-ci ilin martında baş vermiş Quba iğtişaşlarına görə cəza çəkir.

Ziya Əliyev Binə aeroportunun polis rəisinin yaxın qohumudur.

Mənbə deyib ki, bu gün Quba Rayon Məhkəməsində bu insidentlə bağlı qaldırılmış cinayət işi üzrə məhkəmə baxışı olacaq. Ziya Əliyev barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi istisna deyil.

OXŞAR XƏBƏRLƏR