"ATV mühiti məni cəlb edirdi və burada olmaq mənim üçün çox xoşdur"

"ATV mühiti məni cəlb edirdi və burada olmaq mənim üçün çox xoşdur"
MAQAZİN
15:33 06.12.2016
2383
"ATV Kulis” verilişinin aparaıcısı, gənc teleaparıcı Murad Əzimzadə ilə müsahibəni təqdim edirik.

- ATV mühiti sənin üçün yenidir. Hansısa bir fərq varmı səncə?

- Yaradıcılıq mühiti olan istənilən televiziya mühiti doğmadır. ATV-də olmaqdan məmnunam, yeni iş yeridir, yeni mühitdir, müzakirə etmək istəyəndə ağıllı insanlarla rastlaşa billirsən, bu baxımdan ATV mühiti məni cəlb edirdi və burada olmaq mənim üçün çox xoşdur.

- ATV sənin karyeranda dönüş nöqtəsidir?

- Bacardığım işi peşəkar etməyə çalışıram, nə qədər uğurludur, buna rəhbərlik və tamaşaçılar qərar verə bilər. ATV mənim məşhurluğumu daha da artıracaq, publikam zənginləşəcək. Biz verilişimizdə teleməkanın mətbəxini göstəririk. ATV mənim həyatımda dönüş nöqtəsi olmaqdadır. Yeni olsaq da, bazar günləri reytinqdə qane edici durumdayıq, bu, artıq dönüş nöqtəsidir mənim üçün. Format yeni və fərqlidir.

- ATV həmişə sənin marağında olub. Səbəblər nələrdir?

- Aparıcı insan üçün tanınmaq önəmlidir. Məşhurluğa gedən yol ATV-dən başlayır. Olmayan formatları etmək üçün intellektimə güvənirəm və maraqlı layihələr üçün ATV mənim üçün önəmlidir. Mən 2010-cu ildə də, 2013-cü ildə də ATV-də çalışmaq istəmişəm. ATV-yə sevgi həmişə var.

- Bu veriliş necə ortaya çıxdı?

- Avqustda görüşlər oldu, müxtəlif formatları müzakirə etdik. Sosial yönümlü layihələrdə tamaşaçılar məni görüblər, bir də belə bir layihədə özümü yoxlamaq maraqlı oldu mənim üçün. Televiziyadan uzaq düşən kütləyə kulisi göstərməklə onları televiziyaya yenidən cəlb etmək məramımızı gerçəkləşdirmək istədik. Amma dayanmaq yoxdur və çalışmaq lazımdır daim.

- Layihə müddətlidir yoxsa konkret bir zaman düşünülməyib?

- Bu layihəyə başlayanda tanışlar deyirdi ki, ATV-də bu qədər veriliş və serialların kulisini çəkəndən sonra nə çəkəcəksiz? Biz başqa tədbir və konsertlərin də kulisini çəkmək istəyirik. Yanvardan başqa nələrsə etmək istəyirik, görək necə olur?

- Yaradıcılığını necə nümayiş etdirirsən?

- Öz yaradıcılığımı və ədəbi potensialımı studiya mətnlərimdə göstərməyə çalışıram. Televiziya informasiya istehsal edən zavoddur, biz məlumatı alırıq və ötürürük. İnformasiyanı olduğu kimi təqdim etsək, bu, çox quru olar, intellekti məhz informasiyanın ötürülməsində nümayiş etdiririk. Komandada hər kəs öz yaradıcılığını göstərir. Mən də, Elvin də, Zümrüd də və digər uşaqlar da. Bütün bunlar birləşəndə olur layihə.

- Daimi publikan sənin bu verilişdə olmağını necə qəbul edir?

- İradlar da var, tənqidlər də, təriflər də. Bu normaldır. Sosial-maarifçi veriliş aparanda da, belə formatda da məni izləyən daimi tamaşaçılarım var. Bizim verilişdə televiziyanıın incə məqamları göstərilir, bu da gənclərə nələrisə öyrətmək deyilmi?

- Şeir də yazırsan, köşələr də. Niyə ədəbiyyata və yazılı mediaya ehtiyac duyursan?

- Aparıcının intellekti yaxşı olmalıdır, kimliyindən asılı olmayaraq. Nümunə olmağı bacarmalıyıq. Məncə tv adamının qələmi olmalıdır mütləq, özü də aparıcının xüsusən. Bekon deyirdi, kitab elmin yorulmayan qanadıdır.

- Geyim qarderobundan çox kitab rəfinlə öyünürsən. Bu tələbat nədən qaynaqlanır?

- Mən çox kitab alıram. Birinci səbəb kitab istehsal edən insanlara dəstək olmaqdır. Xoşuma gəlməyən heç bir əsəri almamışam. Kitab ona görə alıram ki, oxumağa acam, mən kitaba doymuram. İntellektual görünmək məqsədim olmayıb, necə tanınmağım önəmli deyil, özüm özümü tanıyıram. Geyim almaq xərc kimi görünür, amma kitab almaq qənaətdir, səmərəlilikdir. Kitab alanda ruhum təmizlənir.

- Yazılar, şeirlər, ictimai fəaliyyət... Kitab oxumağa vaxt ayıra bilirsən?

- Son iki ayda bir az ləngimələr var. Ən çox həftə sonları oxuyuram. Bir-birimizin əlimizdən tutub, aydınlanmalıyıq. Buna görə kitab da oxuyuram, gənclərlə də görüşürəm, tədbirlərə qatılıram. Köşə yazılarım da vacibdir, bəzi şeyləri sadəcə yazaraq ifadə etmək olur. Sosial yönümlü yazılar yazmağı düşünürəm, silsilə formasında. Neqativ şeylərdən asılı olmamalıyıq, dəqiq təhlillər aparıb, öz bildiklərimizi göstərməliyik.

- Sosial şəbəkələrdə neqativ şeylər paylaşırsan amma...

- Yaradıcı adamların hamısı neqativ əhvalda olur. İnsan nə qədər çox özünü aldadıb, pozitiv olsa, yaradıcılığı duracaq. Yaradıcı adam yarpağı da, iki yaşlı xərçəng uşağı da görməyi bacarmalıdır. Yaradıcılığın kökündə mənəvi sarsıntı mütləqdir. Adama yazdıran da elə yaşadığın sarsıntılar deyilmi?

- Yaxşı həyatı olub, uğur qazanan yaradıcı insanlar da olub...

- Əlbəttə, amma mənə sarsıntı keçirən adamlar maraqlıdır. Gözəl həyatı olan Paulo Koelyonu necə sevim ki? Öz-özünü aldatmağı bacarmayan adam oxucunu necə aldada bilər ki? Ədəbiyyat təxəyyüldür, informasiyada aldatma, amma ədəbiyyatda sən nəyi isə qurursan.

- Televiziya və ədəbiyyat harda toqquşur?

- Sözdə və mətndə. Bir də intellektdə.

- Efirin məsuliyyəti aparıcıdan daha çox asılıdır?

- Tamaşaçı aparıcını görür. Hansısa kadrda səhv olsa tamaşaçı buna görə kadr arxası işçiləri yox, aparıcını günahlandırır. Düzdür, reytinqə təsir edənlər qonaq seçimi və sair nüanslardır. Amma aparıcı zəifdirsə, Marsdan yad planetli də gətirsən, baxılmayacaq. Əgər tamaşaçını iki dəqiqəlik saxlaya bilmirsənsə efirdə, bu işi bitirmək lazımdır. Özünü aktual eləyə bilməsən tamaşaçını qınaya bilməzsən.

- Gündəmdə qala biləcəksən?

- ATV məni gündəmdə saxlayır. Efir adamının səmimiyyəti varsa, tamaşaçı ona həmişə baxacaq. 30 yaşdan sonra yeleviziyada qalacamsa, gələcəkdə xəbər formatlı tolk-şou istərdim aparım. Ya da uşaqlarla bağlı nələrsə etmək istəyərəm.

- Nəyi apara bilməzsən?

- İdman xəbərlərini heç vaxt apara bilmərəm.

- Sevdiyin yeməklər hansılardır?

- Sevgi ilə bişən hər yeməyi yeyirəm.

- Sevmədiyin yemək yoxdur?

- 9 ildir tək yaşayıram, sevmədiyim yemək yoxdur. (Gülür)

- Brendlərə münasibətin necədir?

- İmkanın varsa, brend al. Pulun yoxdursa, məcbur deyil. Geyim düşgünü deyiləm, amma avanqard stildə geyinməyi sevirəm.

- Musiqi dinləyəndə nəyə önəm verirsən?

- Musiqi təhsilim var. Musiqidə ifaya da, nota da diqqət edirəm.

- Yaşamağı niyə sevmək lazımdır?

- Düz getmək lazımdır, nə sağla, nə də solla. Əyilmədiyin müddətdə yaşamalısan. Canlı olan hər nə varsa, yaşamaq istəyir.

- Yad planetlilərə inanırsan?

- Bu boyda kainat varsa, deməli, bizdən başqa da nələrsə var. Mən elmə və insan təfəkkürünə önəm verirəm.

- Ağıllı qadınları sevirsən?

- Mən ağıllı insanları sevirəm. Ağıllı qadın həqiqətən sevilməlidir, amma mən zahirpərəstəm. Vəhdətdə olmalıdır. Ana baxışlı qadınları sevmək lazımdır.


mənbə: ATV.AZ
OXŞAR XƏBƏRLƏR