Venesuela prezidenti Uqo Çaves ABŞ prezidenti Barak Obamanı ikiüzlü adlandıraraq, Venesuelanı rahat buraxmağa çağırdı.Məsələ burasındadır ki, Obama Venesuelanın “El Universal” qəzetinə müsahibəsində ölkənin İran və Kuba ilə sıx əməkdaşlıq etməsini tənqid edib. Obamanın bu hərəkəti Çavesin hiddətlənməsinə səbəb olub. “Cənab Obama yenidən bizə hücum edir. Yaxşı olardı ki, o, özünü ölkəsinə həsr etsin və öz problemləri ilə məşğul olsun”, - deyə Çaves bəyan edib. O əlavə edərək bildirib: “Bu cür məsuliyyətsiz olma, Obama! İkiüzlüsən sən, ikiüzlü!” Çaves, həmçinin Obamanı ABŞ-da yaşayan afrikalılar, yoxsul amerikalılar və ona inanan Afrika ölkələri üçün “uğursuzluq” adlandırıb. “Sənə görə onlar hamısı xəcalət çəkir. Ümumiyyətlə, bizi rahat burax və ABŞ-da səslərini axtarmaqla məşğul ol! Çünki sənin işin elə budur!”, - deyə Venesuela prezidenti bəyan edib.