Avropa İttifaqı Komissiyası "TikTok”un Rəqəmsal Xidmətlər Qanununun qaydalarını pozduğunu müəyyən etmək üçün rəsmi araşdırmaya başlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Aİ Komissiyasının verdiyi açıqlamaya görə, "TikTok"un "uşaqların müdafiəsi, şəffaf reklam, tədqiqatçılar üçün məlumatların əldə edilməsi və platformanın asılılıq yaradan dizaynı və zərərli məzmun riskləri” ilə bağlı DSA qaydalarını pozub-pozmadığı qiymətləndiriləcək.
Rəsmi araşdırma "TikTok"un 2023-cü ilin sentyabrında Komissiyaya təqdim etdiyi hesabata və məlumat sorğularına verilən cavablardan sonra aparılan ilkin araşdırmadan sonra başlayıb.
İstintaq həmçinin platformanın "yetkinlik yaşına çatmayanların məxfiliyini və təhlükəsizliyini yüksək səviyyədə təmin etmək üçün adekvat və mütənasib tədbirlər görüb-görmədiyini” araşdıracaq.
Bundan əlavə, platformanın, o cümlədən alqoritmlərin asılılıq yaradan dizaynının uşaq hüquqlarının qorunmasına, insanın fiziki və psixi sağlamlığına mənfi təsirləri və radikallaşmaya təsiri araşdırılacaq.
Bunlardan başqa, araşdırmanın digər məqamlarına sosial media platformasındakı reklamların DSA-ya uyğunluğu və tədqiqatçılara platformanın ictimai məlumatlarına çıxışın təmin edilməsində "şübhəli çatışmazlıqlar” daxildir.
2023-cü ilin avqustunda qüvvəyə minən Aİ qanunu əsas rəqəmsal platformalara sərt qaydalar gətirib.
Mikayıl