Müharibə Araşdırmaları İnstitutu (ISW) Rusiyanın elektron müharibə sistemləri ilə NATO səmalarını hədəf aldığını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Finlandiya, Polşa və İsveçdəki uçuşların böyük bir hissəsində GPS kəsintiləri yaşansa da, Estoniya hökuməti son aylarda uçuşların 85 faizindən təsirləndiyini bildirib.
İyulda Litva siqnal müdaxiləsinin əvvəlki illə müqayisədə 22 dəfə artdığını açıqlayıb. Müdaxilənin Rusiyadan qaynaqlandığı ehtimal edilir.
Avqustun ortalarında əldə edilən peyk görüntüləri Polşa sərhədindən 25 kilometr aralıda Kalininqrad vilayətində dairəvi antena massivlərinin tikintisini göstərib.
Analitiklərin fikrincə, bu strukturlar Baltik dənizi və Şimali Atlantikada sualtı rabitəni izləyə, rabitə xətlərinə nəzarət edə və passiv kəşfiyyat məlumatları toplaya bilər.
İnstitut həmçinin bildirib ki, elektron əməliyyatlar Rusiyanın Ukraynadakı müharibə zamanı inkişaf etdirdiyi texnologiyalardan istifadə etməklə aparılır.