Avropada yaşayan azərbaycanlı müğənni Sərxan Cəfərovun anası ilə müsahibəni təqdim edirik:
– Sərxan Cəfərov kimdir?
– Sərxan Cəfərov 1997-ci ildə, Masallı şəhərində anadan olub. 2015-ci ildə Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin vokal ifaçılığı ixtisasını bitirib. İncəsənət məktəbində oxuduğu müddətdə, ilk dəfə 2013-cü ildə, 15 yaşında və daha sonra 16 və 17 yaşlarında bir neçə televiziya yarışmasına və proqramına qatılıb. 2014-cü ildə ilk dəfə "Böyük Səhnə” televiziya yarışması vasitəsilə Avroviziya milli seçimlərində iştirak edib. 2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada İfaçılığı” ixtisasına qəbul olub.
Universitetdə oxuduğu müddət ərzində müəlliməsi, əməkdar artist və prezident mükafatçısı İnarə Babayevanın rəhbərliyi ilə Azərbaycan Dövlət Televiziyasının "Odlar Ölkəsi” layihəsi nəzdində, AzTV və Mədəniyyət TV-na məxsus Televiziya layihələrində və konsertlərdə solist kimi çıxış edib.Eyni zamanda yerli və xarici ifaçıların mahnılarını "cover” edərək, yeni nəfəs verən Sərxana, "cover” etdikləri mahnılara görə yerli və xarici ifaçılardan müsbət rəylər gəlib. 2019-cu ildə son "cover”dən sonra Sərxan rəsmi olaraq İctimai Televiziya tərəfindən Avroviziya milli seçimlərinə dəvət alan 15 namizəd arasında olub. 2019-cu ildə Bakıdan Polşaya köçən Sərxan, magistratura təhsilini Lodz Dövlət Universitetinin Politikal Əlaqələr ixtisasına qəbul olmuş və "Musiqinin Politikada Rolu” mövzusunda diplom işi ilə universiteti bitirmişdir.
Hal-hazırda Polşada yaşayan Sərxan, 2020-ci ildə ilk sinqlı olan "Tell Me”, 2023-cü ildə "Until The Edge”, 2025-ci ildə "Till the Dawn” və "Sweet Dreams” mahnılarını ərsəyə gətirib. Hal-hazırda yeni mahnı və "cover”lər üzərində çalışır.
– Onun musiqiyə olan həvəsini, istedadını necə kəşf etdiniz?
– Sərxanın uşaqlıqdan musiqiyə, incəsənətə çox həvəsi olub. Demək olar ki, körpəlikdən – 1-2 yaşından etibarən, ritmlər tutmağa başlayıb. Hətta rəsm çəkməyə də marağı olub. Bütün musiqi alətləri var idi. Mən özüm tibb sahəsində çalışıram. İstəyirdim ki, oğlum da tibb sahəsində oxusun. Mənimlə klinikaya gələndə, baş həkim olmaq istədiyini bildirirdi. Amma özü də hiss etdi ki, həvəsi musiqi sahəsinədir. "Mən müğənni olacağam”, – deyəndə, məni də gülmək tutmuşdu. Mən Sərxanın səsini yoxlatdım.
Vokal müəlliməsi bildirdi ki, yaxşı səsi var. Daha sonra Sərxan vokal dərslərinə başladı. Azərbaycanda hələ uşaq yaşlarından etibarən yarışmalarda iştirak edib. O vaxtlar Azərbaycanda rəqs qrupu ilə oxumaq, oynamaq, performans göstərmək yox idi. Sərxanın juriləri onu çox dəstəkləyirdi. Onun gələcəkdə irəli gedəcəyini vurğulayırdılar. Juriləri Faiq Ağayev, Lalə Məmmədova, Natavan Həbibi, Kamran Həsənli Sərxanı çox bəyənirdilər.
Ölkəmizdə müğənnilər daha çox toylarla məşhurlaşdığı üçün Sərxan bu mövzuda bir az sındı, vətəndən uzaqlaşdı. Həm təhsil almaq, həm də irəli getmək məqsədilə xarici seçdi. Təhsilini artıq bitirib. Orada qalıb inkişaf etmək istəyir. Orada oxuya-oxuya Həm də İT üzrə çalışmağa başladı. Musiqi üzrə hələ ki, bir qazancı yoxdur. Hazırda, yeni klipində ifa etdiyi mahnının sözləri, bəstəsi də özünə aiddir. Klipi isə Portuqaliyanın Madeyra adasında, okeanın ortasında çəkilib. Bu klipi 3 ölkədə əziyyət çəkə-çəkə ərsəyə gətirib. Öz ölkəsində sözlərini yazıb, başqa ölkədə səs yazma və aranjemanı edib.
– Bu istedad genetikdirmi? Nəslinizdə musiqiçi olubmu?
– Atam müəllim idi. Amma tarda da ifa edirdi. Qardaşım qarmon çalırdı. Anamın da səsi olub. Əmim oğlu mühəndis olmağına baxmayaraq həm də müğənni idi. Atam çox istəyirdi ki, ailəmizdə kimsə müğənni olsun. Sərxanın bu seçiminə çox sevinirdi. Yarışmalarda çıxışlarını həvəslə izləyirdi. Hamı onun uğuruna çox sevinirdi. Anam həmişə yanımızda olub. Bir xalam da var, o da hər zaman dəstək olurdu. Ancaq ən çox, maddi-mənəvi mən dəstək olmuşam.
– Gələcəkdə öz ölkəsinə dönməyi, musiqini burada davam etdirməyi düşünürmü?
– Yüksəlsə, öz ölkəsinə də dönə bilər. O, sənətində inkişaf etməyi hədəfləyib. Burada gözəl şansı olarsa, niyə də yox. Ora da gedər, burada da inkişaf edər.
– Daha çox xarici ifalar səsləndirir, sözlərini də özü yazır. Bəs, Polşada Azərbaycan musiqisini təmsil edirmi?
- Bəli, Polşada "Kula” mahnısı var. Avroviziyada haçansa bu mahnı ifa olunmuşdu. Sərxan bu mahnını Azərbaycan dilinə tərcümə etdi. Həmin "Dinlə” adlı tərcümə edilmiş mahnını Polşada yazdırıb "cover” edib. Həmçinin Polşada universitetdə oxuduğu vaxtlarda, dekanlıq və rektor bildi ki, Sərxan müğənnidir. Dekanlıq universitetdə oxuyan bütün tələbələrin mail adresinə mesaj göndərdi ki, Sərxanın konserti təşkil ediləcək və bütün tələbələr orada olsun. Həmin universitetdə də dünyanın bütün ölkələrindən gəlib təhsil alan tələbələr var. Universitet Sərxan üçün belə bir konsert təşkil etmişdi. Məndə həmin konsertdən görüntülər var. Lakin Sərxan o qədər təvazökar insandır ki, YouTube kanalına da yerləşdirmir. "Zamanı gələndə özü çıxacaq meydana”, – deyir. Hazırda Azərbaycan mahnısı yazmağı da düşünür. Klassik mahnılarımızdan, Rəşid Behbudovdan, Poland Bülbüloğlundan, səviyyəli sənətkarların mahnılarını ifa edib.
Sərxanın Azərbaycanda qatıldığı ilk yarışma "Sehirli pərdə” yarışması olub. Orada münsif Kamran Həsənli Sərxanı seçmişdi. Sərxan bu yarışmada "Əziz ana” mahnısını ifa etmişdi. Həmin vaxt onun gözləri məni axtarırdı. Sevincini gözləri ilə mənə baxaraq bölüşdü. Bu görüntülər də var. Sadəcə, hələ ki, gizlədir.