“Avroviziya” təmsilçimiz və ifası ilə bağlı tənqidlərə - Rəsmi münasibət

“Avroviziya” təmsilçimiz və ifası ilə bağlı tənqidlərə - Rəsmi münasibət
SOSİAL
20:45 11.03.2026
281
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Azərbaycanın "Avroviziya 2026" Beynəlxalq Mahnı Müsabiqəsindəki təmsilçisi və mahnısı ilə bağlı rəsmi açıqlama yayıb.

AZXEBER.COM-un məlumatına görə, açıqlamada bildirilir ki, Azərbaycanın "Avroviziya 2026" Beynəlxalq Mahnı Müsabiqəsində təmsilçisi JIVA-nın ifa etdiyi "Just Go" mahnısı ictimaiyyətə təqdim olunub.

Qeyd olunub ki, son günlər sosial şəbəkələrdə Azərbaycan təmsilçisi, mahnı seçimi və yaradıcı heyətlə bağlı müxtəlif müzakirələr fonunda ictimaiyyətə seçim prosesi barədə daha ətraflı məlumat vermək zərurəti yaranıb:

"Azərbaycanın builki təmsilçisinin müəyyənləşdirilməsi prosesi çoxmərhələli və peşəkar seçim əsasında həyata keçirilib. Bu yanaşma nümayəndə heyətinin 2023-cü ildən etibarən ardıcıl tətbiq etdiyi seçim modelinə uyğundur. Qeyd edilməlidir ki, son illərdə bu prosesə maraq əhəmiyyətli dərəcədə artıb. Əgər əvvəlki dövrlərdə mahnı seçimində xarici müəlliflərin payı daha yüksək idisə, son illərdə yerli bəstəkar və müəlliflərin fəallığı nəzərəçarpacaq dərəcədə yüksəlib. Bu il təqdim olunan mahnılar arasında da yerli müəlliflərin üstünlük təşkil etməsi sevindirici haldır".

Bildirilib ki, seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub və bu çərçivədə 186 mahnı təqdim edilib. Təqdim olunan mahnıların 107-si yerli müəllif və ifaçılar, 79-u isə xarici müəlliflər tərəfindən göndərilib.
İlkin mərhələdən etibarən seçim prosesi çərçivəsində JIVA-nın namizədliyi ekspertlər tərəfindən ayrıca nəzərdən keçirilib və onun 2025-ci ildə "Səs Azərbaycan" layihəsinin qalibi kimi əldə etdiyi uğur da qiymətləndirmədə nəzərə alınıb. Bu yanaşma onun artıq peşəkar səhnədə özünü təsdiqləmiş ifaçı olması, güclü canlı vokal imkanları və illərlə formalaşmış səhnə təcrübəsi ilə əsaslandırılıb.

"Digər müraciətlər peşəkar heyət tərəfindən qiymətləndirilib və növbəti mərhələyə 18 namizəd seçilərək dəvət olunub. Bu mərhələdə onlar üçün canlı dinləmələr və fərdi müsahibələr təşkil edilib. Namizədlərin vokal imkanları, səhnə təqdimatı, artistik ifadə üslubu və beynəlxalq auditoriya üçün potensialı xüsusi diqqətlə qiymətləndirilib. Dinləmələrin nəticəsində daha iki namizəd müəyyənləşdirilib və beləliklə, yekun qısa siyahı üç iştirakçıdan ibarət olub.

Yekun qərar xüsusi formalaşdırılmış fokus qrupunun və ekspert rəyinin nəticələri əsasında qəbul olunub. Nəzərə alınan əsas meyarlardan biri də bu ildən etibarən "Avroviziya"nın yarımfinal mərhələsində münsiflər səsverməsinin yenidən tətbiq edilməsidir. Bu dəyişiklik fonunda güclü canlı ifa və sabit vokal imkanları xüsusi əhəmiyyət daşıdığı üçün seçim zamanı bu meyar əsas prioritetlərdən biri kimi nəzərə alınıb. Məhz bu baxımdan JIVA-nın namizədliyi daha qabarıq şəkildə önə çıxıb və o, Azərbaycanın 2026-cı il təmsilçisi kimi seçilib", - deyə açıqlamada vurğulanıb.
Qeyd edilib ki, JIVA (Cəmilə Həşimova) güclü vokalı, təcrübəli ifası və səhnə səmimiyyəti ilə tanınan azərbaycanlı müğənnidir. Onun yaradıcılıq yolu 2003-cü ildə keçirilən "Bakı Payızı" müsabiqəsində ikinci yer qazanması ilə başlayır. 2007-ci ildə "Show Time" layihəsində iştirak edib, 2011-ci ildə isə "Avroviziya" milli seçim həftəsində ilk üçlüyə daxil olub. Müğənni müxtəlif musiqi layihələrində uğurla iştirak edib.
O, Xalq artisti Rəşad Haşımovun rəhbərlik etdiyi məşhur RAST ansamblı ilə çıxış edib və Montreux Jazz Festivalında səhnəyə çıxıb. Daha sonra Hazz Band qrupunun solisti kimi çıxış edərək caz elementlərini müasir estrada ilə birləşdirib.
2017-ci ildən etibarən JIVA solo karyerasını davam etdirir, pop, dans və R&B janrlarında Azərbaycan, rus və ingilis dillərində mahnılar ifa edir.
2018-ci ildə o, "Jara" Beynəlxalq Musiqi Festivalının böyük səhnəsində çıxış edib, 2025-ci ildə isə Röya Ayxanın komandasında "Səs Azərbaycan" layihəsinin qalibi olub.

Əlavə edilib ki, Azərbaycanı "Avroviziya 2026"da təmsil edəcək mahnı - "Just Go" - sevgi, kədər və daxili güc haqqında emosional balladadır.
Mahnının söz və musiqisinin müəllifi ABŞ-da yaşayan azərbaycanlı bəstəkar Fuad Cavadovdur:
 
"O, uzun illərdir həm Azərbaycanda, həm də ABŞ-da müxtəlif musiqi layihələrində fəaliyyət göstərən bəstəkar və prodüserdir. 1961-ci ildə Bakıda anadan olan Fuad Cavadov əvvəlcə 6 saylı musiqi məktəbində akkordeon ixtisası üzrə təhsil alıb, daha sonra Asəf Zeynallı adına Musiqi Kollecinin musiqi nəzəriyyəsi və bəstəkarlıq fakültəsinə daxil olub. Təhsil illərində paralel olaraq "Azkonsert"də İlhama Quliyeva, Nisə Qasımova, Mübariz Tağıyev və digər tanınmış sənətçilərlə çalışıb, həmçinin öz vokal-instrumental kollektivini yaradaraq konsert proqramları ilə çıxış edib.
1986-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olan bəstəkar burada xor dirijorluğu və bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. Təhsil illərində onun bəstəkarlıq müəllimləri Əziz Əzizov, Leonid Vaynşteyn və Fərəc Qarayev olub. Məhz onların rəhbərliyi altında müxtəlif musiqi alətləri və vokal üçün klassik instrumental əsərlər bəstələyib. 1995-ci ildən etibarən ABŞ-da yaşayan Fuad Cavadov beş musiqi albomu buraxıb, film və televiziya layihələri üçün musiqilər yazıb və hazırda Los-Ancelesdə yaradıcılıq fəaliyyətini davam etdirir. Qeyd edək ki, Fuad Cavadov Amerika Bəstəkarlar Assosiasiyasının üzvüdür.

Bununla yanaşı, seçim mərhələsində təqdim olunan bütün mahnılar ümumi qaydalar çərçivəsində diqqətlə nəzərdən keçirilib və onların hazırlanma prosesi ilə bağlı zəruri meyarlar qiymətləndirilib.
Son günlər sosial şəbəkələrdə mahnı və onun müəllifi ilə bağlı müxtəlif iddialar, o cümlədən əsərin guya süni intellekt vasitəsilə yaradılması barədə fikirlər səsləndirilir. Bildiririk ki, bu fikirlər həqiqəti əks etdirmir.
"Just Go" peşəkar yaradıcı yanaşma əsasında hazırlanmış orijinal bir musiqi əsəridir və onun arxasında uzun illərə söykənən təcrübə, peşəkar bilik və yaradıcı əmək dayanır.

Biz hər zaman konstruktiv tənqidə açığıq. "Avroviziya" kimi böyük bir platformada fərqli fikirlərin olması təbiidir.
Bununla yanaşı, ictimai müzakirələrin qarşılıqlı hörmət, sağlam fikir mübadiləsi və obyektiv yanaşma çərçivəsində aparılmasının daha doğru olduğuna inanırıq.

JIVA bu il Azərbaycanı beynəlxalq səhnədə təmsil edəcək istedadlı, zəhmətkeş və layiqli sənətçidir. O, bu fürsəti peşəkar hazırlığı, illərlə formalaşmış yaradıcılığı və səhnə bacarığı ilə qazanıb".

Qeyd edək ki, 70-ci "Avroviziya" Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək və canlı şoular 12, 14 və 16 may 2026-cı il tarixlərində baş tutacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
01:08 12.03.2026
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
00:49 12.03.2026
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
00:37 12.03.2026
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
00:03 12.03.2026
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
23:56 11.03.2026
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
23:48 11.03.2026
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
23:36 11.03.2026
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
23:27 11.03.2026
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
23:16 11.03.2026
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
Könül Həmzəyeva saxlanıldı
23:11 11.03.2026
Könül Həmzəyeva saxlanıldı
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
23:02 11.03.2026
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
22:55 11.03.2026
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
22:54 11.03.2026
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
22:48 11.03.2026
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
22:40 11.03.2026
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb
22:26 11.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb