Avtobuslarda niyə kondisioner quraşdırılmır?

MARAQLI
08:19 02.07.2011
1795
Gediş haqqının artımından söz gəzməyinə baxmayaraq, deyəsən heç kəsi nəqliyyatda kondisionerlərin quraşdırılmaması narahat etmir.

Sərnişinlər də ictimai nəqliyyatdakı şəraitsizlikdən təngə gəliblər. 50 yaşlı sərnişin Sevda Kərimovanın dediyinə görə, nəqliyyatda kondisionerin olmaması ucbatından dəfələrlə özünü pis hiss edib. "Bu səbəbdən də ictimai nəqliyyatda gedərkən ürək dərmanlarımı özümlə götürürəm", - deyən həmsöhbətimizin sözlərinə görə, havanın getdikcə istiləşməsini nəzərə alaraq ictimai nəqliyyatda kondisionerlərin quraşdırılması məqsədəuyğun olardı.

Nəqliyyat Nazirliyinin katibliyinin müdiri Namiq Həsənov bildirir ki, avtobuslarda nəfəsliklərdən istifadə olunur. “Bəzi avtobuslarda kondisioner sistemi fəaliyyət göstərir. Amma şəhər nəqliyyatında daha çox nəfəslik sistemindən istifadə olunur. Çünki avtobusların qapıları tez-tez açılır və kondisionerin işləməsinin əhəmiyyəti itir”.

Uzaq marşrutla gedən avtobuslarda, rayonlararası marşrutlarda kondisioner sisteminin olduğunu deyən Həsənov şəhərdaxili nəqliyyatda bu sistemin özünü doğrultmadığı qənaətindədir. Dediyinə görə, dünyanın əksər yerlərində belədir.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyevanın sözlərinə görə, isə metrolarda kondisionerlərin quraşdırılması barədə dövlət proqramı qəbul olunub. “Metrolarda kondisionerlərin quraşdırılması nəzərdə tutulub. 1-2 ilə, bəlkə də 6 aya kondisionerlərin quraşdırılması gözlənilir”.

OXŞAR XƏBƏRLƏR