AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Axios" portalı müzakirələrin gedişi ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, bu, hərbi əməliyyatın son mərhələlərində həyata keçirilə bilər və Vaşinqtonun Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün əsas addım olacaq.
Hələlik bu əməliyyatı tərəflərdən hansının reallaşdıracağı və ya birgə keçirilib-keçirilməyəcəyi ilə bağlı məlumat yoxdur. Çox güman ki, əməliyyat hər iki ölkə İran Silahlı Qüvvələrinin cəlb olunan bölmələr üçün ciddi təhlükə yaratmayacağına əmin olduqdan sonra baş tutacaq.
"Əsas hədəf 60 %-ə qədər zənginləşdirilmiş 450 kq uran olacaq – bu həcm kritik sayılır, çünki onu cəmi bir neçə həftə ərzində silah səviyyəsinə (90 %) çatdırmaq mümkündür" , - mənbənin məlumatında bildirilib. Ekspertlərin hesablamalarına görə, bu miqdar 11 nüvə başlığı yaratmaq üçün kifayətdir. Hazırda kəşfiyyat məlumatlarına görə, ehtiyatların əsas hissəsi İsfahandakı nüvə obyektinin yeraltı tunellərində, qalanları isə Fordo və Natanzdakı obyektlərdə yerləşir.
ABŞ Prezidenti Donald Trampın administrasiyasında iki ssenari müzakirə olunur: zənginləşdirilmiş uranın İrandan tamamilə çıxarılması və ya cəlb edilmiş nüvə ekspertlərinin, yaxud Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəxəssislərinin yerində durulaşdırılması planlaşdırılır. Bununla belə, Tramp özü "Air Force One"nın göyərtəsində jurnalistlərin suallarını cavablandırarkən quru əməliyyatının keçirilməsini istisna etməyib, lakin vurğulayıb ki, bu yalnız çox ciddi əsaslar olduqda mümkündür və hazırda nəzərdən keçirilmir. Ağ Evdə rəsmi olaraq bəyan edirlər ki, prezident bütün variantlara açıqdır.
"Əgər biz nə vaxtsa, buna getsək, (iranlılar) elə darmadağın ediləcəklər ki, quruda müqavimət göstərə bilməyəcəklər", – Tramp bildirib.
Nüvə dosyesi ilə eyni vaxtda İranın xam neft ixracatının 90 %-ə qədərinin keçdiyi Xarq adasındakı strateji neft terminalının ələ keçirilməsi də müzakirə olunur. Lakin mənbələr dəqiqləşdirirlər ki, söhbət İraq kampaniyası nümunəsində irimiqyaslı işğaldan getmir: konkret tapşırıqları yerinə yetirmək üçün yalnız kiçik xüsusi təyinatlı qrupların nöqtə reydləri nəzərdən keçirilir.
Daha əvvəl "The New York Times" qəzeti Amerika kəşfiyyatındakı mənbələrə istinadən xəbər vermişdi ki, İran İsfahandakı nüvə obyektinin dağıntıları altında basdırılmış əsas yüksək zənginləşdirilmiş uran ehtiyatını dar tunel vasitəsilə əldə edə bilər.








































