ABŞ ilə İsrail İrana qarşı yeni hərbi əməliyyat planı hazırlayıb və bu, diplomatik danışıqlar pozulacağı təqdirdə, noyabrda keçiriləcək aralıq seçkilərdən dərhal sonra başlayacaq.
AZXEBER.COM "Report"-a istinadən xəbər verir ki, bu barədə "Axios" portalı Amerika və İsrail rəsmilərinə istinadən yazıb.
Məlumata görə, bazar ertəsi İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general Eyal Zamir mümkün zərbələrdən əvvəl hərəkətləri koordinasiya etmək üçün ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperlə danışıqlar aparıb.
"Son anda razılaşma əldə olunmasa, kütləvi bombardmanlarla hücum əməliyyatının aralıq seçkilərdən qısa müddət sonra bərpa edilməsi ehtimal olunur. Müttəfiqlər İranın nüvə obyektləri, energetikası və ali rəhbərliyinə qarşı bir həftəlik kütləvi zərbələr kampaniyası hazırlayırlar", - mənbələr iddia ediblər.
Qeyd olunub ki, Qətərin başçılıq etdiyi regional vasitəçilər, həmçinin Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan və Misir də İrana yeni zərbələrin qarşısını almaq üçün cəhd göstərir. Onlar Tehranı aktivlərin bir hissəsinin blokdan çıxarılması və neft ixracında yumşalmalar müqabilində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərini nüvə obyektlərinə buraxmağa inandırır, İran rəhbərliyinə xəbərdarlıq edirlər ki, güzəştlər irimiqyaslı bombardmanların yeni dalğasının qarşısını almaq üçün yeganə imkan olaraq qalır.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərdən sonra İrana yeni zərbələrin endirilməsini istisna etməyərək mövcud vəziyyətdə hər şeyin mümkün olduğunu bildirib.











































