Aydın Abbasov: “Atamın Azərbaycana gəlişi ilə bağlı heç bir problem yoxdur”
Milli Məclisin sabiq deputatı, Azərbaycanın sabiq baş nazirinin 1-ci müavini Abbas Abbasovun oğlu Aydın Abbasov “Yeni Müsavat”ın suallarını cavablandırıb. Atası ilə bağlı sualları cavablandırmaqdan imtina etsə də, israrımızdan sonra sabiq deputat bəzi məqamlara aydınlıq gətirdi. Məlum oldu ki, Rusiyadan, Abbas müəllimin yanından yenicə qayıdıb.
- Aydın bəy, deputatlıq fəaliyyətindən sonra nə işlə məşğul olursunuz?
-Mən öz fəaliyyətimlə, özümə maraqlı olan sahə ilə məşğulam. Çinlə bağlı müəyyən fikirlərim var idi. İstədim biznesimi onların modeli üzərində qurub inkişaf etdirim. Gördüm ki, dünya qarışıb, elə ən gözəl model Azərbaycan modelidir. Artıq Çin iqtisadiyyatı trilyonlarla xarici borcun işindədir, onların problemləri çoxdur.
- Sirr deyilsə, biznesin hansı növü ilə məşğulsunuz?
- Mən yeni texnologiyalar üzərində öz işlərimi qurmaq niyyətindəydim və bir az da irəli getdim. Amma bilirsiniz ki, ümumiyyətlə, bütün yeni texnologiyaların əsas sifarişçiləri dövlətlərdir. Aparıcı dövlətlər də bu gün həddən artıq böyük çətinliklərləüzləşiblər. Görək necə olur… Özümüzə, millətimizə, dövlətimizə nə xeyirdirsə, onu da edəcəyik. Mən istəyirəm hər kəs bilsin ki, bizi bu gün narahat edən əsas məsələ şəxsi işlərimizlə bağlı deyil, ümummilli problemimizlə, Qarabağ məsələsi ilə bağlıdır. Qarabağ məsələsi ilə bağlı mən öz fikrimi bildirmişəm. Elə sonuncu feysbuk statusumda da bu barədə fikirlərimi bölüşmüşəm.
Ola bilsin siz izləmirsiniz. Amma bizim ordunun dördgünlük müharibədə göstərdiyi qəhrəmanlıqlar, qazandığımız böyük uğurlar bizi çox sevindirdi vəümidləndirdi. Elə buna görədir ki, Ermənistan ictimaiyyəti, başda onların saxta prezidenti olmaqla bu döyüşlərin nəticələrinə görə çox ehtiyatlanırlarvə Azərbaycandan qorxurlar. Azərbaycandakı vəhdət, birlik, vəzifəsindən, işindən asılı olmayaraq, hər kəs ordumuza böyük dəstək verdi, Ali Baş Komandana böyük ümid və inam həmin günlərdə öz sözünü dedi. Bu gün də hesab edirəm ki, Azərbaycan haqlı olaraq öz sözünü dedi və düşmən bizim gücümüzü bilməlidir.
Ümumiyyətlə, dünya ictimaiyyəti də baş verənləri nəzərə alıb Qarabağ məsələsinin ədalətli həllinə çalışmalıdır. Həmin dördgünlük müharibədə bunun əlamətlərini müşahidə etdik, bütün dünya ölkələri bizim prezidentə müraciət etdi ki, məsələ sülh yolu ilə həll olunsun. Əlbəttə ki, Azərbaycan prezidentinin də mövqeyi məsələnin sülh yolu ilə həllindən ibarətdir. Amma bu gün dünyada gedən prosesləri siz də görürsünüz. Məsələn, Almaniya Bundestaqı çox təəssüf ki, Türkiyəyə qarşı belə bir addım atdı, saxta “erməni soyqırımı”nı tanıdı. Bu hadisə məni də çox sarsıtdı. Bu qərar həm də Azərbaycana qarşıdır, çünki Almaniya ATƏT-in sədridir. Əlbəttə ki, Qarabağ məsələsi də öndə gedən məsələlərdən biridir. Ölkəmizin rəhbəri də dəfələrlə qeyd edib ki, dünyada, regiondakı stabilliyin ən birinci məsələsi Qarabağ probleminin həllidir. Yəni Qarabağ məsələsi həll olunarsa, regionumuzda və digər regionlardakı qaynar nöqtələrdə də problemlər öz həllini tapacaq. Amma əfsus ki, bu gün Avropanın aparıcı dövləti hətta Avropa ailəsinin üzvü olmağa iddialı olan böyük bir dövlətə qarşı belə bir addım atdı. Bu məsələ artıq qlobal ümumtürk probleminə çevrilib. Belə bir məqamda Almaniya Bundestaqının belə bir qərar verməsi çox təhlükəli bir hadisədir.
- Bəs, Abbas Abbasovun hazırda hansı işlərlə məşğuldur? Bu ərəfədə Qarabağ məsələsi ilə bağlı hər kəsdən mövqe gözlənilir. Xüsusilə də “İstiqlal” ordenli Abbas Abbasovun münasibət bildirməsi kifayət qədər gözlənilən olsa da, hər hansı münasibət olmadı. Bunun səbəbi nədir?
- Atam hazırda öz işləri ilə məşğuldur. Artıq ictimai fəaliyyət dayandırıldı, daha o işlərlə məşğul olmur. Abbas müəllim Azərbaycan dövlətinin möhkəmlənməsini istəyən, Qarabağın qaytarılmasını arzu edən, buna çalışan patriot bir insandır. Azərbaycanın müstəqilliyi əldə olunandan bəri heç vaxt da ayrı mövqedə olmayıb. Ola bilsin ki, Abbas müəllim KİV-də öz fikrini bildirməyib. Hesab edir ki, bununla bağlı dövlətimiz var, onun mövqeyi yetərlidir. Təbii ki, bizim hər birimizin mövqeyi eynidir, Qarabağ torpaqları və ümumiyyətlə, işğal altındakı ərazilər hamısı azad olunmalı və azərbaycanlı qaçqın və köçkünlər dədə-baba torpaqlarına qayıtmalıdır. Nəzərə almalıyıq ki, Rusiyada erməni jurnalistlərin və politoloqların sayı çoxdur. Hətta bizim orda Fuad Abbasov adlı jurnalistimiz var idi, ermənilərə qarşı çox mərdliklə mübarizə aparırdı. Amma onu daha çox Türkiyə mediasının nümayəndəsi kimitanıyırdılar. Biz gördük ki, Azərbaycana qarşı qərəz nümayiş etdirildi. Sosial şəbəkədə də fikrimi bildirdim, yazdım ki, Fuad bizim qeyrətli oğlumuzdur. Amma həqiqət bundan ibarətdir ki, Azərbaycanın tarixi torpaqları işğal olunub.
-Abbas müəllimin Azərbaycana gəlişində hər hansı problem varmı?
-Yox, atamın Azərbaycana gəlişi ilə bağlı heç bir problem yoxdur. Heç bir zaman da hər hansı problem olmayıb. Azərbaycan hüquqi dövlətdir, Allaha şükür ki, bu dövlətin qarantı, konstitusiyası, qanunları var. Kim belə şayiələri yayırsa, bunlar ancaq anti-Azərbaycan mövqeyindən çıxış edən adamlar ola bilər. Mənim atam kifayət qədər hörmətli, nüfuzlu kişidir, ona görə də xahiş edirəm ki, Abbas müəllimi digər məsələlərə qatmayın. Onun adını ləkələməyə bəzi məqamlarda cəhdlər göstərilsə də, bu, mümkün olmadı. Onun mövqeyi bəllidir. Ümumiyyətlə, biz ailəliklə dövlətə, millətə bağlı insanlarıq. Mənim qardaşım Serbiyadadır, orada kifayət qədər hörmət qazanmış bir oğlandır, Güləş Federasiyasının vitse-prezidentidir. Azərbaycanı kifayət qədər təbliğ edir. Bizim işimizin, gücümüzün adı nədir ki, həm ailəmiz, həm dövlətimiz, həm də millətimizdir.
-Abbas müəllim Dünya Azərbaycanlılarının qurultayına dəvət olunubmu?
- Düzü bundan xəbərim yoxdur. Mən 4-5 gündür gəlmişəm, Bakıda deyildim. Bundan əvvəlki iki qurultayda iştirak etmişəm. Allah qoysa bu qurultay da uğurla nəticələnər, ölkə prezidentinin dünya azərbaycanlılarına tövsiyələri müsbət həllini tapar. İnşallah diaspor fəalları cənab prezidentin tövsiyələrindən düzgün nəticələr çıxarıb daha fəal mövqedən çıxış edərlər. Mən Ramiz müəllimin (Mehdiyevin-E.P. ) yazısını da oxudum. Ramiz müəllimin məqaləsindəki fikirlər də rəhmətlik Heydər Əliyevin dövlətçilik prinsiplərinə əsaslanır. Orda da çox mühüm məsələlər əksini tapmışdı ki, bu gün Azərbaycan dövlətinin müstəqilliyini qoruyub-saxlamaq əsas məqsəddir. Bunlar çox dəyərli sözlərdir. Bizim dövlətimizin inkişafı bizim üçün ən vacib məqamlardan biridir. Bütün dünyanın nəzəri artıq Azərbaycandadır, neft-qaz sərgisi keçirilir, cənab prezidentə məktublar gəlir.