Aynişan Quliyeva: "Finalda özümə rəqib iştirakçı görmürəm"

ŞOU-BİZNES
12:12 11.02.2011
1740

-Aynişan, final mərhələsinə iki gün qalıb. Özünü hazır hiss edirsən?
-Özümü bu yarışmaya əvvəlcədən hazır hiss edirəm. Uduzmağı sevmədiyimdən bir balaca şübhə elədiyim işə girişmirəm. Elə iştirakçılar var ki, özlərini sınamağa gəlmişdilər, amma mən dəqiq inanırdım ki, keçəcəm.

-Finalda sənə rəqib olacaq iştirakçı varmı?
-Finalda mənə rəqib olacaq bir iştirakçı görmürəm. Finala qədər özümə rəqib olacaq iştirakçılar var idi. Onlar da finala düşmədilər. Bu baxımdan da çox arxayınam.

-Hansı keyfiyyətin səndə belə arxayınlıq yaradır?
-Bilirsiniz, mən səhnədə çox sərbəstəm. Finala düşən beş nəfərin arasında səhnədə ən temperamentli özümü görürəm. Yəni, performans göstərməyi bacarıram. Mahnını ifa etməklə yanaşı eyni anda rəqs elementlərini yüksək səviyyədə yerinə yetirə bilirəm. Səhnədə şox çılğınam. İnanın mənə, adi həyatda özümü elə də sərbəst hiss etmirəm, amma səhnəyə çıxan kimi tamam başqa Aynişan oluram.

Belə çıxır ki, "Eurovision"un nəhəng səhnəsi səni qorxutmur?
-Qətiyyən yox! Əksinə səbirsizliklə o səhnəyə çıxmağımı gözləyirəm.

Bu inam səndə haradandı ay Aynişan?
-Dedim axı, özümə çox inanıram. Daha çox anamın mənəvi dəstəyi, psixoloji hazırlığı mənə kömək olur. Anamın "sən bunu bacaracaqsan!", "sən bunun öhdəsindən gələcəksən!", "sən güclüsən!" sözləri məni göylərə qaldırır.

-Hazırlıq prosesləri necə gedir? Kimlərlə məşğul olursan?
-Əlbəttə ki, ifamla anam Aybəniz xanım məşğul olur. Rəqslərimlə Nailə Məmmədzadə, geyimlərimlə isə bizim gözəl modelyerimiz Fəxriyyə Xələfova məşğul olur. Bu cəhətdən özümü bəxti gətirmiş iştirakçı hiss edirəm.

-Aynişan, digər ifaçılardan simaca məsumluğunla fərqlənirsən. Hətta sənə baxanda insanda elə bir fikir yaranır ki, balaca qızcığaz anasının kosmetikasını, uzun libaslarını geyinib səhnəyə çıxıb. Amma ifanla bütün bu fikirləri alt-üst edirsən. Bu barədə özünə deyiblər?
-Bəli, çox deyiblər. Yəqin daxilən hələ də çox balacayam. Məncə elə daxilimdəki uşaqlığım məni digər iştirakçılardan fərqli edir, seçilirəm. Məncə bu da mənə xal gətirir.

Xatırladaq ki, “Eurovision-2011”-in Milli Finalı fevralın 11-də keçiriləcək. Fevralın 11-də “Eurovision-2011” Mahnı Müsabiqəsinin milli finalı Azərbaycan Akademik Milli Dram teatrında keçiriləcək. Final mərhələsində 5 ifaçı Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova mübarizə aparacaq. “Eurovision” Mahnı Müsabiqəsinin milli təşkilatçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti hazırda final mərhələsi ilə bağlı son hazırlıq işləri aparır. Fevralın 11-də finalçıların ifasından sonra münsiflər heyətinin səsverməsi nəticəsində Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisi müəyyən olunacaq. Belə ki, final mərjələsində tamaşaçıların səsverməsi mümkün olmayacaq. Konsert İctimai Televiziya və Radioda 21:00-da yayımlanacaq.

Qeyd edək ki, Milli seçimlərə 2010-cu ilin oktyabrından start verilib. İlkin dinləmələrdən keçən 77 nəfər noyabrın 15-dən etibarən İctimai Televiziyanın efirində 7 həftə boyunca yarışıb. Tamaşaçılar və münsiflər heyətinin səsverməsi nəticəsində iştirakçılardan 10 nəfər yarımfinal mərhələsinə keçə bilib. 2011-ci il yanvarın 3-dən 10-dək davam edən yarımfinal mərhələsindən isə finala 5 nəfər vəsiqə qazanıb. ANSPRESS

OXŞAR XƏBƏRLƏR