Aynur Qurbanqızı: "Azərbaycan qadını özü kölə olmağı seçir" (MÜSAHİBƏ)

MARAQLI
08:14 11.08.2011
4319
Müsahibimizlə bərabər bunun səbəblərini araşdırmağa çalışacağıq. Müsahibimiz qadın azadlığı uğrunda mübarizə aparan azadqadın.az saytının rəhbəri və Azərbaycanda “Xanımların gözəllik sirləri”seriyalı ilk 10-dan artıq kitabın müəllifidir. 

- Aynur xanım, “AzadQadın.Az” saytının rəhbərisiz. Sizin azadlıq kriteriyalarınız nədir? Necə bir qadını azad qadın hesab edirsiz?
- Mənim üçün azad qadın öz hüquqlarını bilən, zorakılığa qarşı mübarizə aparan, “Arvadı əri döyər də” yaxud “Yaxşı at özünə qamçı vurdurmaz” kimi səviyyəsiz düşüncələrdən uzaq, ağıllı, savadlı, dünyagörüşlü, mənliyini, ləyaqətini qoruyan qadındır. Amma təəssüf ki, cəmiyyəmizdə çoxsaylı dardüşüncəli insanlar azad qadının sinonimi kimi əxlaqsız qadın ifadəsini işlədirlər. Baxmayaraq ki, XXI əsrdə yaşayırıq, amma demək ki, texnika sürətlə inkişaf etsə də, Azərbaycanda əksər beyinlər inkişaf etmir. Bu da müasir yaşamla köhnəfikirlilik arasında təzad yaratmaqla böyük problemlərə yol açır.

- Bugünkü cəmiyyətdə azad qadına daha çox rast gəlmək olar, yoxsa nələrdənsə, kimlərdənsə asılı qadına?
- Birmənalı olaraq Azərbaycanda atadan, qardaşdan, ərdən asılı qadınlar daha çoxluq təşkil edir. Ən acınacaqlısı isə budur ki, Azərbaycan qadını özü kölə olmağı seçir. Bunu sosial şəbəkələrdə müzakirə zamanı aydın görmək olar. Hətta təhsilli, ali savadlı xanımlar da qadın azadlığı əleyhinədir. Yazırlar ki, əlbəttə, mütləq qadının başı üzərində bir kişi yumruğu olmalıdır, yoxsa yolumuzu azarıq. Bu məntiqdən belə çıxır ki, Azərbaycan qadının qanında əxlaqsızlıq var və kişilər olmasa uşaqdan tutmuş ağbirçəyə qədər hamımız pis yollara düşəcəyik. Elə bu cahil düşüncələrdən doğan problemlərdən biri də boşanmış qadınlara az qala bir fahişə kimi baxılmasıdır. Çünki əgər o ayrılıbsa, yanında bir kişi yoxdursa, demək mütləq digər kişilərlə “gəzir”. Bu da həyat yoldaşı rəhmətə gedən yaxud, hansısa səbəblərdən boşanmaq məcburiyyətində qalan gənc xanımların yeni həyat qurmasına mane olur.

- Bəlkə, boşanmaqdansa ailədaxili zorakılıqlara dözərək bir ömrü puç etməyi də bu baxımdan göz önünə alırlar?
- Tamamilə razıyam. Qeyd etdiyim kimi, nə qədər ki, Azərbaycan qadını haqqında bu cür düşünəcədəyik, hər sahədə bu kimi problemlər qaçılmaz olacaq. Hər şey zəncirvari bir-birinə bağlıdır. Bu yaxınlarda Şəkidə arvadını zorladığı üçün atasını öldürən gənc oğlanın məhkəmə prosesi ilə hər kəs tanış oldu. Cinayət işinin ittiham aktında bir abzası nəzərinizə çatdırmaq istəyirəm “A.Q.gilin ailəsi 5 nəfərdən ibarət idi. Ailədə iki qardaş, bir bacı olan A.Q. daim atası tərəfindən əziyyətlərə məruz qalırdı. Belə ki, A.Q.-nin atası M.Q. hər gün evə sərxoş vəziyyətdə gələrək, ilk öncə A.Q.-nin anasını, daha sonra isə uşaqları döyürdü. Bu əziyyət uşaqlıqdan A.Q.-gil böyüyənə qədər davam edir. A.Q.-nin anası isə M.Q.-nin bu hərəkətlərinin onun içkili olmasında görür, uşaqlara atasına qarşı pis hərəkət etməməyi söyləyir: “Nə eləsə də, sizin atanızdır. Atanıza qarşı nalayiq hərəkət eləməyin”. Uşaqlar həddi buluğa çatdıqdan sonra da M.Q öz nalayiq hərəkətlərindən bezmir, daim evdə səs-küy salaraq, onlara işgəncə verməyə davam edir. A.Q-nin anası çıxış yolunu böyük oğlu A.Q-ni evləndirməkdə görür. Ana fikirləşir ki, bəlkə evə gəlin gələndən sonra kişi düzələr, gəlindən utanıb uşaqlara və ona çəkdirdiyi əziyyətlərə son qoyar.” Baxın, bir qadın uzun illər ərinin özünə və uşaqlarına verdiyi bu işgəncələrə dözür, nəticə nə olur? Daha böyük faciələrə yol açır. Ata oğlunun həyatyoldaşını zorlayır, oğul isə atasını boğub öldürür və 8 il həbs həyatına məhkum olunur. Bir ailə facəsi, biabırçılığı, bir gənc həbsə düşür, bir gənc gəlin təcavüzün bir həyat boyunca ağrısını yaşayacaq. Bütün bunlara vaxtında son qoymaq olmazdımı? Bəlkə də o qadın da bu həyatdan bezib boşanmaq istəyib, amma cəmiyyətin bu axmaq düşüncələri ona mane olub. İndisə, bu cəmiyyət o qadının üzünə “tüpürür”, “vaxtında bu kişidən niyə ayrılmadın?” deyə qınayır.

- Sizcə, bu gün azad qadın deyəndə daha çox başqa mənfi xüsusiyyətlər yada düşmürmü, bu nə ilə bağlı ola bilər?
- Bu da başqa bir problemdir. Bəzi qızlar var ki, o qədər mentalitet “zəncirində” saxlanılır ki, ailədən uzaq düşən kimi, yaxud azacıq “azadlıq” veriləndə indiyə qədər ona qadağan olunmuş hər şeydən sanki acığını çıxırmış kimi başlayır siqaret çəkməyə, açıq-saçıq geyməyə, gündə bir oğlanla görüşməyə, bir sözlə bir əxlaqsız həyat tərzi keçirməyə… Mən bunun da günahını yenə də o “zəncirdə” görürəm. Mütəxəssis araşdırmalarına görə də, əksər hallarda bu cür həyat keçirənlər vaxtilə hər şeyin onlara qadağan olunduğu insanlardır. Təbii ki, qanında, canında olanlar da az deyil. Amma bu o demək deyil ki, azad qadın deyəndə biz onları düşünməliyik?

- Qadın öz azadlığını daha yaxşı təqdim edə bilmir, yoxsa cəmiyyət onu düzgün qiymətləndirə bilmir?
- Hər iki problem mövcuddur. Azadlıqdan sui-istifadə edənlər də var, amma cəmiyyətin düzgün qiymətləndirməsi daha çoxluq təşkil edir. Cəmiyyət bəzən müasir düşüncəli qızları da yuxarıdakı kateqoriyaya aid edir. Hansısa qız dəblə geyinir, oğlan dostları varsa, yaxud həyatında qərarları özü verirsə onlar haqqında da bu cür mənfi rəylər yaradırlar, baxmayaraq ki, davranışlarında artıq bir şey yoxdur. Adi bir misal çəkim, Azərbaycanda internetə daxil olan qızlara əxlaqsız kimi baxan böyük bir kütlə hələ də mövcuddur. Bu isə artıq geridəqalmışlıqdan, savadsızlıqdan irəli gəlir. Təbii ki, bu cür absurd düşünən insanların azad qadın anlayışına pis baxmaları normaldır. Həyata baxışları bu cür olan kütlədən artıq nə gözləmək olar?

- Fikrinizcə, qadının azadlığı əlindən alınarsa, bununla necə mübarizə apara bilər? Çünki bu mübarizə çox vaxt ailəli qadınların ailəsini itirməsinə səbəb olur.
- Bu çox çətin sualdır. Düşünürəm ki, mübarizə üçün birinci qadının sosial gücü olmalıdır. Təhsil almalıdır, yaxud hansısa sənəti öyrənməlidir, özünü maddi baxımdan saxlayacaq gücə sahib olmalıdır. Əgər bu yoxdursa, o bir qarın çörək üçün kimdənsə asılıdırsa biz hansı mübarizədən danışa bilərik. Amma deməyəcəm ki, işsizlikdən, pulsuzlıqdan, aclıqdan dilənməkdənsə, pis yola yola düşməkdənsə ərinin yumruğunu dözüb yerində otursun.. Əslində, heç bir çıxış yolu olmayanda elə mənim də verəcəyim məsləhət budur. Amma öz hüquqlarını bilən qadın mübarizə apara bilər. “Ərim məni çölə atar, nə edərəm?” deyə düşünənlər yanılır. Hər bir uşaqlı qadının o evdə yaşamaq hüququ var, şəxsi evdirsə hətta bölünə bilər. Hər bir kişi boşandan sonra öz uşağına baxmağa borcludur. Bir sözlə, boşanmaq küçədə qalmaq demək deyil.

- Amma küçədə qalanlar da az deyil…
- Hə, elə mən bu məsələyə də toxunmaq istərdim. Əslində, qadın problemlərinin yaranmasında cəmiyyət qədər dövlət də günahkardır. Bizim məhkəmə sistemləri əksər hallarda düzgün fəaliyyət göstərmir. Amma dəvədən böyük fil də var deyirlər. Yəni ümidsizliyə qapılmaq lazım deyil. Əsas odur ki, hüququnu bil və mübarizə apar! Və ən əsası arzu edərdim ki, ailədə valideynlər qıza cehiz yığmaqdansa, əvvəlcə onun təhsilinə çalışsınlar, dəbdəbəli cehizlə ər evinə yola salmaqdansa, öncə o cehizə verdiyi pullarla qızına bir iş qursun, iş sahibi etsin. O zaman o qız daha xoşbəxt olar, nəinki bahalı qabqacaq, qır-qızıl içində…

- Bəs saytınıza daha çox hansı problemlərlə müraciət edirlər?
- Bir çox saytlarda həkim, psixoloq məsləhəti bölməsi olsa da, hüquqla bağlı maarifləndirmə yoxdur. Buna görə də, azadqadin.az-ı təsis edərkən ən birinci bu bölməni olmasına qərar verdim. Hüquqşünas Fariz Namazlıya müraciət etdim, çox sağ olsun, o təmannasız hüquqi yardıma razı oldu. Əvvəlcə düşünürdüm ki, yəqin bu bölməyə müraciət az olar. Amma yanılmışam, xanımların heç demə həkimdən də, kosmetoqdan da çox hüquqi maariflənməyə ehtiyacı varmış. Problemlər əksər hallarda aliment, ailə-məişət məsələləri ilə bağlı olur. O cümlədən psixoloq bölməsinə də müraciətlər olur. Bu yaxınlarda bir xanım yazmışdı ki, mən nişanlımdan 5 aylıq hamiləyəm, 2 ay sonra toyumuz olacaq deyə uşağımı abort etditmək istəyirəm. Nədi-nədi mentalitetimiz bunu qəbul etmir. Daha sonra isə yazmışdı ki, körpəmi öldürməyə əlim gəlmir, ona görə onunla bərabər özüm də ölmək istəyirəm, intahar edəcəm. Bu xanıma günlərlərlə məktub yazıb onu bu düşüncələrdən uzaq olmasına çalışdıq. Sonra isə onun haqqında xəbər hazırlayıb sayta, sosial şəbəkələrə yerləşdirdim. O cümlədəm xəbərə həkim məsləhəti də əlavə etmişdim ki, ilk hamiləliyi yarıda kəsmək həm də sonsuzluğa səbəb ola bilər. İnsanlar müzakirəyə qoşuldu və hər kəs ona güclü olmağı, cəmiyyətin qınağına fikir vermədən uşağı dünyaya gətirməyi, bunu qorxmadan valideynlərə söyləməyi məsləhət etdi. Bu fikirlərdən sonra qız bir az özündə təskinlik tapmışdı və yazdı ki, nə olursa olsun o uşağı dünyaya gətirəcəm. Nişanlım buna görə məndən imtina edərsə, özüm işləyib balamı saxlayacam. Gördüyünüz ki, bu da cəmiyyətin bir problemidir. Qıza nigahdan əvvəl hamilə qalmasına haqq vermirəm, bunu səhv kimi dəyərləndirirəm. Amma artıq bu səhv olubsa, bağışlamağı da bacarmalıyıq, nəinki intahara sürükləmək.

OXŞAR XƏBƏRLƏR