Tanınmış aparıcı Aytən Səfərova barəsində cinayət işi açılması barədə yayılan məlumatlara münasibət bildirib.
AZXEBER.COM xəbər verir ki, jurnalist Ölkə.Az-a açıqlamasında bu məlumatın cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə bəzi şəxslər tərəfindən yayıldığını deyib:
"Məlumatları kimin yaydığını bilirəm. O şəxslər ajiotaj yaratmaq, məhkəməyə təsir etmək istəyirlər. Çünki bəzi qüvvələr var ki, mənim bəraət almağımdan qorxurlar. Bilirəm ki, mənim orada cinayət tərkibli hər hansı bir addımım olmayıb. Bu, məqsədyönlü şəkildə olunub ki, ictimaiyyətdə çaşqınlıq yaradılsın.
Vəkilim də var. Bütün bunlar zənnimcə, məhkəmə orqanlarına təsir etmək üçündür. Yalnız və yalnız bunu dşünürəm. Mənim orada heç bir cinayət əməlim yoxdur.
Sürücülük vəsiqəmin müddəi bir həftə idi ki bitmişdi. Çox gərgin bir həftə idi. Bununla razıyam. Hansı sürücünün yadındadır ki, onun vəsiqəsinin vaxtı nə vaxt bitir?! Avtomobilin texniki baxış müddəti, sığortası bitəndə sürücü dərhal cərimə edilir. Nə üçün bu məsələdə cərimə yoxdur? İnsanlar bilməlidirlər".
A.Səfərova hadisə günü sürət həddini aşması ilə bağlı yazılanlara da münasibət bildirib.
"Onu kim sübut edib? Nə mən, nə də vəkilimiz bununla razıyıq. Çünki mən sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm. Adam qırmızıda keçib, özü də ikinci xəttə dönüb qarşıma çıxıb. Orada mənim qəzadan yayınmaq üçün heç bir texniki imkanım olmayıb.
Mən məhkəmələrimizin ədalətli olmasına inanıram və bilirəm ki, bu məsələdə obyektiv qərar verəcəklər, mənim günahım olmadığımı biləcəklər”.
Qeyd edək ki, ötən ilin aprelində 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində A.Səfərovanın aparıcının idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə "Hyundai İX-35" markalı avtomobilin toqquşub. Hadisə nəticəsində Ayxan Əliyev adlı gənc vəfat edib.
Qəza nəticəsində A.Səfərova da xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Bu gün isə aparıcı Aytən Səfərova barəsində yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlandığı barədə məlumat yayılıb.
Sənədə istinad edildiyi deyilən məlumatda qeyd edilir ki, A.Səfərova sürət həddini aşıb və avtomobili sürücülük hüququ olmadan idarə edib (sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıb).