Azərbaycan ailələri may ayında niyə toy keçirmir?

MARAQLI
07:39 01.05.2011
6845

Ölkəmizdə may ayında toy mərasimlərinin keçirilməməsi ilə bağlı qəribə bir ənənə mövcuddur. Artıq əksər ailələr “May ayında toy etməzlər” deyimini əsas götürərək bu ayın həqiqətən də uğursuz olduğu və xeyir gətirməyəcəyinə inanır, mayda xeyir iş görməkdən vaz keçirlər. Bu ənənənin səbəbini bilməsək də azərbaycanlılar mayda toy-nişan eləməyə o qədər də isti yanaşmır. Qeyd edək ki, bu vaxt ərzində sənətçilər də mayın gəlişi ilə əlaqədar toylarda fasilə olacağını deyirlər. Bundan əlavə, bəzi restoran və şadlıq evləri artıq fəaliyyətinə fasilə verib. Lakin restoran və şadlıq evlərinin əməkdaşları may ayında olan durğunluğun səbəbini bilmədiklərini deyirlər. Bəs may ayıda niyə toy eləmək olmaz? Bunun səbəbləri haqda müxtəlif versiyalar səsləndirilir.

Bu haqda deyilən ən məşhur fikirlərdən biri ermənilər haqqındadır. Deyilənlərə görə, ermənilərin qondarma soyqırımından sonrakı ay may ayına düşüb onlar da mayda yas saxlayırlar, bu da elə o vaxtdan belə qəbul olunub.
Bir çox mənbələrdə deyilir ki, xristian ayinlərinə görə may ayı ağır ay kimi qiymətləndirilir.

Bəzi ekspertlər isə may ayında toy olmamasının səbəbini yasəmənin çiçək açması ilə izah edir: “Xalq arasında mayın boş ay olduğu və bu ayda xeyir-bərəkət olmadığı deyilir. Bu inancı heç kəs əsaslandıra bilməsə də ənənəyə çevrilib. Dində bu inancın heç bir əsası yoxdur. Amma bəzi yerlərdə deyilir ki, may ayında yasəmən çiçək açır. Ona görə də bu dövrdə toy eləmək düzgün deyil, yasəmən uğursuzluq gətirir. Yasəmən çiçəyinin mənası “ya sən, ya mən” deməkdir. Yəni həmin vaxtda toy eləsən, ya sən qalarsan, ya mən. Bəzən də deyilir ki, may ayında yağışlar çox olur. Bu dövr təbiətin ağlayan dövrüdür. Təbiət ağlayarkən şadlıq eləmək olmaz”.

Digər tərəfdən isə bu adətin köklərinin Qədim Romaya gedib çıxdığı deyilir. Bəzi fikirlərə görə may sözü “Maius” latın sözündən götürülüb. Bu söz isə öz kökünü qədim Romada Mayi İlahəsinin adından götürüb.

Başqa bir versiyada isə deyilir ki, Qədim Romada may ayında “Lemuriya” deyilən tədbir keçirilirdi. Bütün ay ərzində məbədlər bağlanır, camaat ölənlərini yada salır, dua oxuyur, məclislər verirdilər. Kəbin kəsilməsi və toylar məbədlərdə keçirilirdi. Bu mərasimlə əlaqədar may ayında toylar keçirilmirdi.
Mayda toyların keçirilməməsinin səbəbini bu ayda ən şiddətli, gərgin əkin-biçin mövsümünün olması ilə də izah edənlər var. Əgər öz tariximizə fikir versək görərik ki, adətən toylar payızda keçirilirdi. Bu da onunla izah olunur ki, insanlar yaz və yay fəsillərində bütün işlərini görüb qurtarır və dincəlməyə başlayır. Beləliklə, toylara payızda başlayırlar. Həmçinin may ayında evlənəndə uşaq təxminən soyuq ayda dünyaya gəldiyindən, yaza çıxması çətinlik törədirdi.
May ayında toy etməmək adətinin xalqımız arasında geniş yayılmasının bir səbəbi də ruslardan keçib. Ruslar Azərbaycana gəldikdən sonra bu adət daha qabarıq şəkildə özünü göstərib. Halbuki ruslar özləri bu adətə batil inanc kimi baxır və sadəlövhlük sayır. Məsələn, Moskvada may ayında “VVAQ”ları yoxlayıblar və aydın olub ki, mayda evlənənlərin sayı digər aylarda evlənənlərin sayından çoxdur. Qəribə olsa da, bu ayda evlənənlər arasında boşananlar da azdır.
Bəziləri isə may ayında toy edilməməsinin səbəbini fəsil dəyişməsi ilə izah edirlər. Deyilənlərə görə, may ayında orqanizmdə canlanma olur, xəstəliklərin bir çoxu məhz bu ayda özünü göstərir.

May ayında toy olmamasının səbəbini ekspertlərdən də soruşduq.

Professor Adil Qeybulla may ayında toy olmamasının heç bir tibbi əsası olmadığını bildirdi: “Bu ayda toy olmamasını orqanizmdəki dəyişikliklərlə izah etmək doğru deyil, bunun tiblə heç bir əlaqəsi yoxdur. Mayda toy etmək olar”.

Dini ekspert Kənan Rövşənoğlu may ayında toy edilməməsinin İslam dini ilə heç bir əlaqəsi olmadığını dedi.

Psixoloqlar və astroloqlar da may ayına aid olan bu ənənəni mənasız hesab edir və heç bir izahın olmadığını deyirlər.

//”Yeni Müsavat”

 

OXŞAR XƏBƏRLƏR