Peşəkar boks üzrə dünya çempionu Fariz Məmmədov
Bu idmançı qısa müddət ərzində Azərbaycn boks tarixində elə bir iz qoyub ki, bəlkə də illər sonra da xatırlanacaq. Argentinalı «əlcək ustası» Rudi Enkarnasionalı nokauta göndərməklə dünyada bir nömrə olduğunu sübut edən idmançı çox keçmir ki, kriminal aləmdə «Lotu Quli» kimi tanınan Nadir Səlifovun rəhbrlik etdiyi dəstənin təsiri altına düşür. Sonradan isə o bu dəstənin aparıcı simalarından birinə çevrilir. Cinayət Məcəlləsinin bir neçə maddəsiylə-qanunsuz silah saxlama, əldəetmə, hədə-qorxu ilə tələbetmədə-ittiaham olunan Fariz hazırda həbsxana həyatı yaşayır. Hansı ki, peşəkar boksda axsayan idmanımızın Fariz Məmmədov kimi təcrübəli idmançıya, daha sonra isə məşqçiyə ehtiyacı var idi.
Boksçu, Sidney Olimpiadasının bürünc mükafatçısı Vüqar Ələkbərov
Hazırda 29 yaşında olan Vüqar Mingəçevir güləş məktəbinin yetirməsidir. Cəmi 19 yaşında bütün ölkədə məşhurlaşan idmançının nə zamansa cinayətkarlıqda ittiham olunacağını bəlkə də ağlına gətirmirdi. Amma zaman keçdikcə Vüqar da kriminal çevrədən yan keçə bilmir və həbs olunur. Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi iləhədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunan idmançı iş adamı ,«İnşaatçı-E» MMC-nin təsisçisi Kənan Quliyevdən zor tətbiq etməklə «Toyota» markalı avtomobilini və hədələyərək 10 min dollar tələb etməkdə təqsirləndirilir. İlkin istintaqda irəli sürülən ittihamı qəbul edən Vüqar məhkəmədə dediklərinin doğru olmadığını söyləyir. Belə ki, Ələkbərov Quliyevdən ona olan borcunu istədiyini iddia edir.Beləliklə, məhkəmə Ələkbərovu günahsız hesab edərək, məhkmə zalından azadlığa buraxır. Ancaq prosesə jurnalistlərin buraxılmaması deməyə əsas verir ki, Vüqarın günahsız bilnməsi tanınmış idmançı olmasından və zərərçəkmiş tərəfin iddiasını geri götürməsindən sonra baş tutub. Hər halda bu da bir ehtimaldır.
Xatırladım ki, bürünc medalçı 2004-cü ildən sonra-yəni 23 yaşından bəri elə də ciddi uğur qazana bilmir. Görünən odur ki, karyerasının pik nöqtəsində lazımsız həbsə məruz qalan Vüqar hələ də özünə gələ bilmir.
Boksçu Ramal Amanov
Boks yığmamızın daha bir tanınan siması Ramal Amanov da bir zamanlar kriminal həyatın bir addımlığından geri qayıdıb. Elə məhz Vüqar Ələkbərov tutuqlanarkən Ramal da saxlanılmışdı. Avropa və dünya çempionatlarının iştirakçısı olmuş Amanov dəmir barmaqlıqlar arxasındakı həyatı görməsə də, hər halda bu həyata bələddir. Onu da deyim ki, bu idmançının el arasında «razborka» kimi tanınan irimiqyaslı mübahisələrə də girişdiyi söylənilir. Hər halda hazırda «Baku Fires» boks komandasının tərkibində çıxış edən idmançı əvvəlki kimi parlaq qələbələr qazanmır. Qalib gəldiyi döyüşlərdə isə minimum xal üstünlüyü əldə edə bilir. Halbuki, 26 yaşlı idmançı 4-5 il əvvəl ölkə boksunun gələcəyi sayılırdı.
Qaydasız döyüşçü, Avropa ikincisi Azad Məmmədov
Qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı, tanınmış idmançı Azad Məmmədov da məhz kriminal idmançılardandır. Karyerasının ilk illərində böyük uğurlara imza atan Azad da sonradan cinayətkarların tələsindən yan keçə bilmir. Amma fikrimcə, ittiham olunduğu maddəyə baxanda Azadın özünün də bu yola meylli olduğu sezilir.
Qanunsuz silah gəzdirmədə ittiham olanan Məmmədov doğulduğu Şəki rayonunun Qoxmux kəndində yaxın qohumunun yas mərasimində iştirak edərkən rayon polis idarəsinin əməkdaşları tərəfindən həbs olunur. Evində aparılan axtarış zamanı bir ədəd «Vinçester» tipli silah, bir ədəd «Tir» tüfəngi və qaz tapançası aşkar edilərək götürülür. Qeyd edim ki, A. Məmmədov 1999-cu ildə Rusiyada keçirilmiş qaydasız döyüş üzrə Avropa çempionatının gümüş medalçısı olub.
Cüdoçu, Pekin olimpiadaçının bürünc mükafatçısı Mövlud Mirəliyev
Bu idmançının kriminal aləmlə əlaqəsinin olması rəsmən təsdiqini tapmasa da, onun da bir zamanlar «rasborka»larda işitrak etdiyi bildirilir. Deyilənə görə, Mövlud qruplaşmalar arasında oln böyük məbləğli pul məsələlərinin dəfəlrlə iştirakçısı olub. Əldə etdiyimiz məlumata görə, bu hadisələr 37 yaşlı cüdoçunun həyatının gənclik illərinə təsadüf edib. Qeyd edək ki, cüdo millimizin və olimpiya komandamızın kapitanı olan Mirəliyev hazırda polis mayoru rütbəsini daşıyır və Polis Akademiyasının fiziki hazırlıq kafedrasının baş müəllimidir.
İkiqat dünya çempionu Canpolad Budaqov
Baş verən ən son hadisə isə Uşu-sanda üzrə ikiqat dünya və Avropa çempionu, Azərbaycanın uşu-sanda yığmasının keçmiş baş məşqçisi Canpolad Budaqovla bağlıdır. Nəsimi RPİ-nin yaydığı məlumata görə, C. Budaqov Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinir. O, ötən il xuliqanlıq əməli törətməkdə təqsirli bilinərək, barəsində cinayət işi başlanıb. Lakin C. Budaqov Azərbaycanda olmadığından barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib. Onun hazırda Rusiyada olduğu bildirilir. Qeyd edək ki, Canpolad Vəli oğlu Budaqov 1971-ci ildə Gürcüstan Respublikasında anadan olub. O, 2007-ci ildə narkotik vasitələrin qanunsuz hazırlanması və istifadəsində təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilir və 2009-cu ildə azadlığa çıxır.
Xatırladım ki, bununla bağlı dəfələrlə yüksək vəzifəli hökumət nümayəndələri, nazirlər və nazir müavinləri səviyyəsində açıqlamalar verilib. Gəncər və idman nazirinin müvini İsmayıl İsmayılov: «Mən tanınmış idmançılarımızın kriminal işlərə qarışmasının, cinayət törətməsiin qəti əleyhinəyəm. Avropa və Dünya çempionatlarında, mötəbər beynəlxalq turnirlərdə fərqlənən idmançılarımız gərək nümunəvi insanlar olsunlar. Ağac bar verdikcə, başınıaşağı əyər. Bu gün heç kimin qanunu pozmağa nə haqqı var, nə də iqtidarı. Hər kəs öz əməlinə görə cavab verməlidir. Qanun hamımız üçündür, alidir, hamıya şamil olunur. Kiminsə əməllərinə nəzarət etmək bizim səlahiyyətimiz xaricindədir. Çünki biz güc yox, idman və gənclər siyasətinə cavabdehlik daşıyan nazirliyik. Həm də nəzərə almaq lazımdır ki, sözügedən insanlar müstəqildirlər, tam formalaşıblar. İdmanla məşğul olan yeniyetmə və gənclərin tərbiyəsində əsas funksiyanı rayonlarımızda fəaliyyət göstərən məşqçi-müəllimlər yerinə yetirirlər. Belə məşqçilər tərbiyəçi-pedaqoq sayılırlar».
Fikrimcə, idmançıların bu yola düşməsinin əsas səbəbi heç də maddiyyat deyil. Çünki onlar dövlət tərəfindən kifayət qədər təmin olunublar. Yazar-publisist Ceyhun Musaoğlu isə tam əksinə düşünür. Onun fikrincə, məhz maddiyyat idmançıların bu yola düşməsinin əsas səbəbidir: «Nə olsun ki, onlar hər qələbəyə, hər yarışa görə mükafat alırlar. Axı, göz doymur. İndi siz bir milyonçuya yüz manat təklif etsəniz, imtina etməyəcək».
C.Musaoğlunun qənaətinə görə, başqa bir səbəb budur ki, onlar idmanla məşğul olmağa başlayanda idmanın insanın mədəniyyətinin formalaşdırdığının fərqinə varmırlar:
«Bu həm də təfəkkür məsələsidir. Əgər vaxtında, bu idmançılara başa salınsaydı ki, sadə, təmkinli olmaq lazımdır, yəqin ki, belə hallar daha az baş verərdi. Bilmək lazımdır ki, idman dava üçün yox, sadəcə sağlam olmaq üçündür. Bizdə bəzi idmançıların belə vəhşilik etməsi mədəniyyətsizlikdən irəli gəlir. Əgər onlar güc hesabına kimisə susdurmaq, onun pulunu əlindən almaq istəyirlərsə, onların qələbələri də insanlaa lazım deyil. Belə çıxır ki, mən yaxşı yazıramsa, özümü öyməliyəm? Onsuz da hər kəs bir sahədə istedadlıdır. İndi biri anna digərinə desin ki, mən səndən yaxşı anayam?»
Yazarın başqa bir qənaətinə görə, bu həm də savadsızlıqdan irəli gəlir:
«Kimsə məni pis yola çəkmək istəyirsə, başa düşməliyəm ki, sabah o məni müdafiə edə bilməyəcək. Çünki cinayətkarı müdafiə etmək mümkün deyil. Deməli, sən idmançı olduğuna görə cinayətkarsan. Qüvvə olmasaydı belə etməzdin. Burada bizim baş məşqçilərimizin də də günah var. Avropada özünü idarə edə bilməyən idmançıları milli komandalardan uzaqlaşdırırlar»
Almaniyada yaşayan azərbaycanlı, keçmiş idmançı İntiqam İbrahimoğlu isə belə düşünür: «Fikrimcə, idmançı xalqın yanında olmalıdır, hansısa cinayətkar qruplaşmaların yox. Amma təəssüf ki, onlar xalqa əziyyət verənlərə qarşı mübarizə aparmaqdlansa, insanları əzirlər. Pula görə milləti satmaq olmaz».
Qeyd olunan bütün faktlarla bağlı son olaraq nə demək olar? Görünən odur ki, idmançılar dünən də kriminal qruplaşmalarla əlaqədə olub, bu gün də bu əlaqələr var və sabah da olacaq. Fikrimcə, bunun üçün idmançılar, xüsusən də milli komanda üzvləri ciddi nəzarətdə olmalı, hətta müəyyən olunmuş qaydalar çərçivəsində onların cinayətkarla əlaqələrinin olub-olmadığı araşdırılmalıdır. Çünki hansısa qruplaşmanın təsiri altında olun güc sahibinin sabah öz ətrafına zərbə vurmayacağına heç kim təminat vermir
İntiqam VALEHOĞLU, ƏDALƏT qəzeti