Azərbaycanın "Ledi Qaqa"sı müsahibə verib - MÜSAHİBƏ

MARAQLI
09:05 14.07.2011
1789

- Elza xanım, çoxdan Bakıda yoxdunuz. Yaradıcılıqla məşğulsunuz, yoxsa istirahətdəsiniz? 

- Yaxınlarda bir çox planlarımı həyata keçirməyə çalışdığım Türkiyədən dönmüşəm. İstirahətə vaxtım yoxdur, tezliklə albomum çıxacaq. Onun adını hələ fikirləşib tapmamışıq. Albomdakı iki mahnı türk bəstəkarının olacaq, qalanlarını isə özüm yazmışam.

Dinləyicilərimə sürprizim var: alboma ulduzlarla duetlərimi də salmışam. O, işıq üzü görəndən sonra Heydər Əliyev adına sarayda türk musiqiçiləri ilə konsert verəcəyəm. 
Türkiyə səfərimdə yerli ifaçılar mənim mahnılarımı oxumaq üçün xeyli təklif ediblər.

- Heyvanlar üçün konsert kimi yeni layihə üzərində işləyirsinizmi? 

- (gülür) Avqustun sonunda çoxdan arzuladığım qonşularımla bağlı layihəmi həyata keçirmək istəyirəm.

- Tamaşaçılar onu necə qarşılayacaqlar? 

- Əlbəttə ki, yaxşı. Demirəm ki, məni sevməyən adamlar yoxdur. Amma məni sevənlər də var. Layihələrimin ətrafında həmişə söz-söhbət, şayiə olur, ancaq sonunda hər şey əla alınır.

- "Avroviziya" üçün mahnı yazacaqsınız, yoxsa bir dəfə sizə bəs elədi? 

- Bir dəfə yazdım, keçmədi. İndi isə xaricdən təkliflər gəlir. Ola bilsin, gələn il onlar üçün yazdım. 

- Müğənnilərimizin əksəriyyətinin biznesi var. Bəs sizin? 

- Yox, heç bir bizneslə məşğul deyiləm. Bircə peşəm var, o da mahnı yazmaqdır. Amma düşünürəm ki, məşğul olsam, biznesdə də uğur qazana bilərəm. Məsələn, anamın kiçik biznesi vardı və mən ona kömək edirdim, yaxşı başım çıxırdı. Hələ cavanam, bu barədə fikirləşmirəm, bəlkə gələcəkdə öz biznesimi açdım.

- Sizə Azərbaycanın "Ledi Qaqa"sı deyirlər. Buna münasibətiniz. 

- Türkiyədə məni belə adlandırdıqlarını eşidəndə şok olmuşdum. Bütün qəzet-jurnalların hamısı bundan yazırdı. Amma istəyirəm ki, Ledi Qaqa mənə oxşasın, mən ona yox. Mən 1996-cı ildə "peyda olmuşam", o isə 2006-da.

- Sizin üçün qlamur nədir? 

- Mənim üçün bu, stillə geyinməkdir. Bu o demək deyil ki, ancaq brend malları geyinəsən, əsas odur ki, geyindiyin sənə yaraşsın. İndi qlamurdan danışanda Elza Seyidcahanı yada salırlar. Nə geynirəmsə, geyinim, hansı aksessuardan istifadə edirəmsə, edim, hamısı brendə çevrilir və məni təkrarlamağa başlayırlar.

Çoxları brend geyimləri indi görürlər, mənə isə uşaq yaşlarımdan bacılarım xaricdən lazım olan hər şeyi göndərirdilər. 

- Özünüzdən savayı, Azərbaycan müğənnilərindən daha kimi qlamur hesab edirsiniz? 

- Brilyant Dadaşovanı. Deyə bilmərəm ki, onun geyimləri bahalıdır, amma o, zövqlə geyinir. İlhamə Quliyeva bahalı və gözəl geyinir. Aygün Kazımova və Zülfiyyə Xanbabayevanı da qlamur hesab etmək olar. 

- Bəs kişilərdən? 

- Çoxları düşünür ki, Nadir Qafarzadə zövqsüz geyinir, amma mən o fikirdə deyiləm. Onun stili xoşuma gəlir. Həmçinin Faiq Ağayev, Elton, Mübariz Tağıyev səhnəyə nəyin yaraşdığını gözəl bilirlər.

- Dövrümüzdə məşhur olmaq üçün hansı piar daha səmərəlidir? 

- Əsas gərək özün olasan, yaradıcılıqla məşğul olasan. Müğənnilərimiz arasında istedadlısı da var, istedadsızı da. Mənə tez-tez qalmaqal yaratmağı təklif ediblər, amma o səviyyəyə heç vaxt enmərəm. Hətta haqqımda nəsə danışanda da dinmirəm. Elə müğənnilər var ki, özlərini reklam etmək üçün mənim paltarımdan, yaradıcılığımdan və mahnılarımdan danışırlar. Buna artıq normal münasibət bəsləyirəm. Belə şey hər yanda olur. Maykl Cekson haqda müxtəlif şayiələr gəzmirdimi?

 

 

OXŞAR XƏBƏRLƏR