Xatırladaq ki, Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov bu ilin əvvəlində KİV-ə verdiyi açıqlamasında hicab probleminin hələ də tam həllini tapmadığını etiraf etmişdi. M.Bayramov bildirmişdi ki, məktəblərdə hicab problemi əsasən həll olunsa da, Nardaranda hələ də qalır. "Biz gözləyirik ki, Nardaran ağsaqqalları vəziyyəti başa düşsünlər, özləri bu məsələnin hər yerdə həll olunduğunu görüb, dərs çıxarsınlar. Bu səbəbdən Nardaranla bağlı bir az gözləmə mövqeyindəyik". M.Bayramov qeyd etmişdi ki, Nardaranda hələ də 100-ə yaxın məktəbli qız dərsə hicabla gəlir. Əvvəllər hicabla dərsə gələnlərin sayı daha çox olub, onların sayında bir qədər azalma baş verib.
M. Bayramov Nardaran əhalisinin dinə çox meyilli olduqları, məsələlərə aqressiv mövqe bildirdiklərini nəzərə alaraq məsələnin könüllülük prinsipi əsasında, izahat aparmaqla həllinə tərəfdar olduqlarını, məktəb rəhbərləri, müəllimlərlə izahat işi apardıqlarını bildirmiş və hicablı şagirdlərə qeyri-müəyyən zaman tanıdıqlarını da vurğulamışdı. "Hicablı şagirdlərin nə vaxta qədər dərsə bu şəkildə gələcəyi bəlli deyil. Onlara dərsə hicabla gəlməməsi üçün konkret vaxt da qoyulmayıb. Yəqin ki, izahatlarımız nə vaxt onlara təsir etsə, onda da dərsə hicabla gəlməyəcəklər".
Orta məktəblərdə hicab problemi bu günlərdə yenidən təkrarlanıb. Sumqayıt şəhərindəki 33 saylı orta məktəbin 1-ci sinif şagirdi Sevinc Əhmədova dərsə hicabla gəldiyi üçün məktəbə buraxılmayıb. Şagirdin ailəsi bunu siyasi motivlərlə əlaqələndirir. Əsas olaraq da ailənin başçısı İbrahim Əhmədzadənin İctimai Palatanın üzvü olması, martın 12-də keçirilmiş mitinqdə iştirakı və 7 sutka həbs cəzasına məhkum edilməsini göstərirlər. İ.Əhmədzadənin həyat yoldaşı Gülnarə Əhmədova KİV-ə açıqlamasında uşağın bundan əvvəl də məktəbə hicabla getdiyini, lakin indiyədək bununla bağlı ona heç bir irad bildirilmədiyini, məktəb rəhbərliyinin şagirdə hicab qadağası qoymadıqlarını deyib. İndi isə birdən-birə şagirdi dərsdən qovublar. "Media forum" saytı isə aprelin 7-də 33 saylı orta məktəbin rəhbərliyinə müraciət edib. Məktəbin tədris hissə müdiri Mahirə xanım ötən həftə Təhsil Nazirliyindən hicablı şagirdlərin məktəbdən kənarlaşdırılması ilə bağlı tapşırıq aldıqlarını söyləyib: "Bizdən necə tələb edirlər, elə də edirik. Axı birinci sinif şagirdi dinin, dindarlığın nə olduğunu haradan bilir? Bəlkə bu şagird müəyyən savada yiyələndikdən, öz taleyi barədə qərar vermək yaşına çatdıqdan sonra heç hicab bağlamaq istəməyəcək? Bu, valideynin istəyidir, uşaq kor-koranə hicabı keçirdir başına. Şagirdin anası Gülarə Əhmədova və atası İbrahim Əhmədzadə ilə söhbətimiz oldu. Atası məktəbə gələrək qışqırıq salıb etikadan kənar hərəkətlər edirdi. Biz Təhsil Nazirliyinin göstərişini icra edirik. Nəyə görə iki ay bundan öncə məsələni belə qəti şəkildə qoymurduq, indi qəti qərar verdik? Deməli, bizdən belə tələb olunub. Şagird başından hicabı açandan sonra məktəbdə təhsilini davam etdirə bilər". Məsələyə münasibət bildirən Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə qeyd edib ki, orta məktəblərə hicablı şagirdlərin buraxılmaması tapşırığı yanvar ayında verilib: "Əgər bu beş ay ərzində şagirdi məktəbə buraxıb, aprel ayında kənarlaşdırmaq barədə qərar qəbul ediblərsə, bu yanlışdır. Yanvar ayından bəri qadağa hər kəsə tətbiq olundu, indi də tətbiq olunur. Şagirdin məktəbdən uzaqlaşdırılmasının aksiya ərəfəsinə təsadüf etməsini əsas götürüb bu hadisələri əlaqələndirmək düzgün deyil. Aksiya keçirilir deyə, camaat məktəbdə işini dondurmalıdır? Ola bilsin, məktəb rəhbərliyi ötən həftə bir daha mövqeyimizi dəqiqləşdirib və konkret addımlar atıb". Bayram Hüseynzadə Sevinc Əhmədovanın məktəbdən kənarlaşdırılmasının valideynlərinin müxalif mövqeyi ilə heç bir əlaqəsi olmadığını qeyd edib: "Valideyni iqtidarda olan hicablı şagirdlər də var idi, hamısına bu qayda tətbiq olundu. Beş ay ərzində orta məktəblərdə hicabla apardığımız mübarizə zamanı kiminsə övladına ayrı-seçkilik hiss olundumu? Hazırda həmin şagirdlər hicabı açaraq vahid məktəbli formasında təhsillərini davam etdirirlər. Məsələni siyasiləşdirməyə ehtiyac yoxdur". Amma belə görünür ki, Təhsil Nazirliyi heç də hər yerdə qanunu icra edib, iradəsini nümayiş etdirə bilmir. Nardaran buna misal. Təhsil Nazirliyi Nardaran camaatının imanının dərəcəsini hansı cihazla ölçür görəsən?! Nardaran şagirdlərinə güzəştə getmək olar, Sumqayıtdakılara yox?!. Qanun hamı üçündürsə, hamı ona riayət etsin, yox, əgər kimlərəsə qanundan kənar baxılırsa, onda Sumqayıtda hansısa şagirdin başını örtməsinə də bu prizmadan yanaşılsın.
/// ŞƏRQ qəzeti