Bir animasiya filminə 70 min manat xərclənir
“90-cı illərin əvvəli zəngin adamlar animasiyaya pul ayırsalar da, hazırda heç kəs filmə pul qoymaq istəmir - deyən Elçin Hami Axundovun sözlərinə görə, 90-cı illərin axırında durğunluq dövrü olduğundan film də çəkilmirdi. Hazırda “Azanfilm” (Azərbaycan Animasiya Filmləri) studiyası ilə 2-3 film istehsal edə bilir. Bütün filmlərin sifarişçisi və maliyyə dəstəyi Mədəniyyət və Turizm Nazirliyidir. 10 dəqiqəlik bir animasiya filminin çəkilişinə Mədəniyyət və Turizm Nazirliyi 70 min manat ayırır. Elçin müəllimin sözlərinə görə, bir animasiya filmi üçün bu, çox azdı: “Mən yenə də gileylənmirəm, çünki Mədəniyyət və Turizm Nazirliyi bizə çox dəstək olur. Təbii ki, ayrılan vəsait keyfiyyətli bir animasiya filminin çəkilişi üçün azdı. İldən-ilə ayrılan maliyyə dəstəyi artır. Məsələn, 90-cı illərin sonunda bir filmə görə bizə 25 min dollar verilirdi. İnanıram ki, getdikcə maliyyə dəstəyi artacaq. Lazım olan vəsait də ssenaridən asılıdı. Əgər filmdə çox personaj varsa, film çox hərəkətlidirsə, baha başa gəlir. Elə flimlər var ki, bir personaj olur, ona o qədər də pul lazım olmur”.
Cizgi filmi yox, animasiya filmi....
Elçin Hami Axundovun iradı animasiya filmlərinə cizgi filmləri deyilməsilə bağlıdır: “Cizgi film anlayışı düzgün deyil, “animasiya” demək lazımdı. Cizgi isə animasiyanın bir qoludur (şəkillə çəkilənlərdə) , o qrafik bir işdi. Əvvəllər kukla filmləri, cizgi və qurama (applikasiya) filmləri var idi. Hazırda onların hamısını kompyuter əvəz edir, artıq kukla duzəltmirlər. Bütün animasiya filmləri 3D-Max və Maya proqramlarında yığılır. Məsələn, “Şrek”di, “Nemo”du. Fikir versəz görərsiz ki, onlar sanki kukla kimidi, lakin kukla deyil. Flaş-animasiya isə qurama (applikasiya) filmlərini əvəz edir. Animasiyanın cizgi qolunda şəkilləri çəkərək skaner vasitəsilə kompyuterdə hərəkət etdirilir”.
Əsas problem kadr çatışmazlığıdır
“Azanfilm” kinostudiyasının direktoru Elçin Hami Axundov milli animasiya sahəsində əsas problemin kadr çatışmazlığı olduğunu bildirdi. Bunun da əsas səbəbini rəsm çəkməyi bacaran aktyorların azlığında görür. “Bizdə imkan olsa, kadrlar olsa ildə 5-6 film çəkə bilərik. Çox rəssamlar var ki, burda işləmək istəyərdilər, lakin onlarda artistlik bacarığı yoxdu. Şəkil çəkə bilirlər, vəssalam. Animator rəssam artistlik bacarığına malik olmalıdı. Polyaklar rəssama artist deyirlər, çünki çəkilən əsərlərdə böyük dramatizm olmalıdı. Animator ən birinci şəkilçəkən aktyordu”.
Elçin müəllim animator olmaq üçün 3 əsas amilin vacib olduğunu vurğuladı. 1- aktyorluq bacarığı, çünki obraz canlandırır. 2- şəkil çəkmək bacarığı, 3 ekran vaxtını (kinematika – saniyədə 24 kadr) hiss etmək.
Kurslar təşkil olunmalıdı
Hazırda heç bir universitetdə animator-rəssam hazırlanmadığı deyən Elçin Hami Axundov kadr qıtlığı probleminin aradan qaldırılması üçün kursların açılmasının vacibliyini vurğuladı. Rəssam bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə böyük bir layihə təqdim etdiyini dedi. Hamı bu layihəni dəstəkləsə də, 5 ildir ki, heç bir vəsait ayrılmayıb. Bununla belə, layihənin Təhsil Nazirliyi ilə birgə təşkilinin də əleyhinədi. O, kursların məhz “Azanfilm” studiyasının nəznində təşkil edilməsini düzgün hesab edir. Çünki burada onlar hər bir şeyi əyani şəkildə görəcəklər: “Bu kurslar 2 illik olmalıdı. Sovet dönəmində animatorlar xüsusi kurslarda təhsil alırdı. Elə mən özüm də animator Ağanağı Axundovun 1966-cı ildə açdığı kursun məzunuyam. Əvvəllər 5 ildən bir belə kurslar təşkil olunurdu. 1990-cı ildən bu kurslar dayandırıldı. Həmin kurslar yenidən bərpa olunmalıdı. Hazırda texniki rəssam da götürə bilmirik, çünki onlar bir illik kurs keçməlidilər. Bu kurslar üçün kompyuterlər, multstollar olmalıdı, aktyorluq, pontamima aktyoru dərsləri, musiqi dərsi keçirilməlidi, master-klass keçmək üçün xaricdən müəllimər dəvət olunmalıdır. Bunu üçün müəyyən vəsait tələb olunur. Hazırda 1 qızla fərdi məşğul oluram”.
“Öz milli dəyərlərimiz olmalıdır”
İndiki dövrdə uşaqların marağı daha çox xarici animasiya filmlərinədir. Bunun da səbəbi əlbəttə ki, öz animasiya filmlərimizin zəngin olmaması, olanların da düzgün şəkildə nümayiş olunmamasındadır. Xarici animasiya filmlərinə nəzər yetirdikdə Elçin Hami Axundov onlaın tamam ayrı estetikaya malik olduqlarını bildirdi. “ O, estetikaya gedib çıxmağımızı heç istemirəm də. O estetika nanəcib və naxələf estetikadır. Ümumbəşəri dəyərlər anlayışlar var ki, biz onlara doğru getməliyik və gedirik. “Azanfilm” studiyası bir dövlət studiyası olduğuna görə, düşünürəm, biz xalqdan yığılan vergi hesabına filmlər çəkirik. Ona görə də biz filmlərimizi gərək xalq üçün çəkək. Xarici ideyaları bura qatmaq düzgün deyil. Əlavə pul olsa çəkmək olar, amma biz indi xalqımız üçün işləməliyik. Bəzi xarici animasiya filmləri uşaqlara tərbiyələndirici təsir göstərir, onlara bu və ya digər vəziyyətdə necə davranmağı öyrədir. Məsələn, “Tom və Cerri” filmi əla filmdi. “Disney” etdiyini bəşər uşaqlarına heç kəs etməyib. 40-ci illərdən “Disney” uşaqlar üçün operatorlarını göndərirdi ki, təbiət haqqında, heyvanlar haqqında sənədli filmlər çəksin. Disneyin mövzularında ümumbəşəri dəyərlər var”.
Kompyuter ixtira olandan sonra zəif rejissuraya malik, mənasız ssenarilər, dava-dalaşdan bəhs edən animasiya filmlərinin çoxaldığını bildirən Elçin müəllim bu naşı studiyaların uşaq psixologiyasına pis təsir etdiyini də vurğuladı: “İndi 2-3 animator yığılıb studiya açır. Keyfiyyətsiz, silsiləli şəkildə animasiya filmləri istehsal edir. Ona bir dəfə baxmaqla rejissor işinin necə zəif olduğunu görmək olur”.
10 dəqiqəlik animasiya filmi 8 aya başa gəlir
2010-cu ildə “Azanfilm” studiyası 3 animasiya filminin istehsalını başa çatdırıb. Bir film 10 dəqiqəlik, 2 film isə 5 dəqiqəlikdir. “Artıq xaricdə 3D-Max proqramından imtina edirlər, yenidən cizgi variantına keçirlər. “Disney” də 3D-Maxda yalnız fonları düzəldir. Personajlar isə cizgili olur. Keçən il “Cəsur təyyarə” filmi istehsal etdik. Biz də “Disney” kimi fonları 3D-ə personajları isə cizgi variantında hazırladıq. Keçən il bir yeniliyə də imza atdıq, flaş-animasiya çəkdik - “Tırtılın arzusu” eksperiment idi. Yaxşı alındı. Bu ildən artıq flaş-animasiyada çəkirik”.
Elçin Hami Axundov bir animasiya filminin çəkilişi üçün uzun müddət gərəkdiyini deyir: “Bir animasiya filminin çəkiliş müddəti ssenaridən, filmin asan, ya çətin olmasından asılıdır. Təqribi desək, 10 dəqiqəlik bir film 8 aya başa gəlir.
3D formatında animasiya filminin çəkilişi başlayıb
Bu il Azərbaycan animasiya tarixində ilk dəfə 3D formatında animasiya filmi istehsal ediləcək. Rejissoru Arif Məhərrəmovdur. “3D-Max proqramından istifadə edərək, “Cırtdan və Təpəgöz” adlı 5 dəqiqəlik 3D formatında film hazırlayacağıq. Bu ilin axırı təhvil verməliyik. Hazırda “İlbizin evi adlı animasiya filminin çəkilişləri gedir. Bu film may ayında təhvil veriləcək. “Arı və balıq” adlı ssenari var, Firəngiz Qurbanova filmi tamamlamalıdır. Keçən ilin sonlarında ssenari müsabiqəsi elan edilmişdi. 25-ə qədər ssenari yığılsa da, bir neçəsini seçmişik. Aralarında seçim etmək, təsdiqləmək və ssenari üzərində film çəkmək qalır”.
Televiziyalar yeni çəkilən animasiya filmlərini niyə almaq istəmir?
1-2 film də olsa, hər il animasiya filmləri çəkilir. Bəs görəsən televiziyalar milli animasiya filmlərini niyə nümayiş etdirmir? Elçin Hami Axundov deyir ki, film çəkilişləri zamanı teleşirkətlərdən gəlib maraqlanırlar. Lakin film hazır olduqda heç biri yaxına durmur: “Gəlib çəkiliş zamanını lentə alaraq bununla yalnız efirləri doldururlar. Qeyi-peşəkarlıqdı onlarınkı, ancaq bugünü düşünmək, efiri doldurmaqdı məqsəd. Yeni çəkilən filmləri göstərmək onlara sərf etmir. Ondansa qeyri-peşəkar animasiyaları nümayiş etdirirlər”.
Elçin Hami Axundov 1965-ci ildən animator kimi fəaliyyət göstərir. İlk dəfə çəkdiyi animasiya uğurlu alınmadığından rejissorluqdan küsərək bir neçə il işindən uzaq düşüb. 30 filmin müəllifidi. Filmlərin çoxunun, həm ssenari müəllifi, həm rejissoru özüdü.
Tarixçə
Azərbaycanda animasiya filmlərinin yaranma tarixi 1933-cü ilə təsadüf edir. Ilk dəfə texniki animasiyadan istifadə edərək “Lökbatan” və “Neft simfoniyası” (rej. B.Pumpyanski) sənədli animasiya filmi çəkilib. “Çat” təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə edilib. İlk bədii animasiya filmi isə “Abbasın bədbəxtliyi” idi. Filmin mövzusu Azərbaycan xalq nağıllarından götürülub. O dövrdə animasiya filmlərini Bakıda yaşayan 2 alman animator çəkirdi. Onlarla azərbaycanlı rəssamlardan Qəzənfər Xalıqov, Cabir Zeynalov, Maqomed Maqomayev (Müslim Moqamayevin atası) və Ənvər Mirzəyev işləyirdi. Müharibənin başlaması ilə əlaqədar 2 alman animator sürgün edilir və bununla da Azərbaycanda müvəqqəti animasiya filmlərinin çəkilişi dayandırılır. 1966-ci ildə “Azərbaycanfilm”in mərhum direktoru Adil İsgəndərovun səyi nəticəsində animator rəssamlar hazırlanması üçün kurslar təşkil edilir. Elçin Hami Axundov bu kursları ilk bitirən rəssamlardandır. 1969-cu il fevralın 28-də “Cırtdan” xalq nağılının motivləri əsasında eyniadlı animasiya filminin istehsalı başa çatdırılıb. “Cırtdan” kinostudiyanın animasiya sexinin bərpasından sonra çəkilən ilk film oldu. Keçmiş Sovet məkanında böyük rezonans doğurdu. “Cırtdan” animasiya filmində personajlar xalça üzərində hazırlanırdı.
// var.az
{jcomments off}