Azərbaycanda 36,3% kişi siqaret çəkir. Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir. Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev “1news.az” a bildirib ki, bu, kifayət qədər yüksək göstərici hesab olunur.
“Azərbaycanda ictimai yerlərdə siqaretin çəkilməsinə qadağa qoyulmasına dair qanun layihəsi hazırlanır. Bununla bərabər İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Dünya Səhiyyə Təşkilatı və ABŞ-ın nəzarət və xəstələnmə profilaktika mərkəzi ilə birgə Azərbaycanın 25 orta məktəbində monitorinq aparıb. Monitorinqlərə 8, 9, 10-cu siniflərdə oxuyan 2 mindən artıq şagird cəlb edilib. Bu monitorinqin məqsədi 13-15 yaşda olan gənclər arasında siqaretin yayılma dərəcəsini müəyyən etmək olub”, -deyə T. Musayev bildirib.
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdirinin sözlərinə görə, hazırda həmin monitorinqin nəticələrinin analizi aparılır.
Tofiq Musayev daha sonra əlavə edib ki, gələcəkdə müxtəlif yaş, peşə və cins kateqoriyaları arasında siqaretin nə dərəcə yayıldığını müəyyən etmək üçün müvafiq detallı, müxtəlifplanlı tədqiqatların aparılması da planlaşdırılıb.
Xatırladaq ki, hər il dünyada 31 may- Tütünsüz gün kimi qeyd olunur. Həkimlərin proqnozlarına görə, bu zərərli vərdiş sayəsində yaxın yüz ildə milyard insan həyatını itirməli olacaq.
//Ans Press