Azərbaycanda yeni biznes: “60 MANAT VER, ÖLÜNƏ AĞLAYIM...”

MARAQLI
22:55 23.01.2011
2065

“Evdən-eşikdən uzaq. Neynirsən ağıçı arvadı?” Bir həftədən artıqdır, tanış-biliş, qohum-qonşu - hamıdan ağıçı qadın soraqlayanda əsasən bu cavabı eşitdim. Şükür Allaha, bizim camaat hər şeyə o qədər simvolik yanaşır, hər şeyi o qədər sınayır ki, ya tanıdıqlarını “düşər-düşməzi olar” deyə soraq vermədilər, ya da ümumiyyətlə, məni başlarından elədilər. Amma məscid demədim, tanış demədim, Qafqaz Müsəlmanları İdarəsi demədim. Hər yeri ələk-vələk edib, bir neçə ağıçı qadın tapdım. Bir neçəsi ilə partizansayağı, bəziləri iləsə elə jurnalist kimi danışmağa nail oldum. Məqsəd isə bəlli idi. Çox qədim kökü olan ağıçılıq məsləyinin günümüzdəki durumu, qəzavü-qədəri, bu məsləyin ən son daşıyıcılarının yas məclislərində qarşılaşdıqları... Digər tərəfdən, müəyyən mənada da “məsləkdaş” sayılırıq axı. Hər ikimizin çörəyi ölüdən çıxır. Nəsə, söhbəti uzatmayaq.

Ağıçı Rəhilə: “Mərhum varlı olubsa, ona ağı demək çətin olacaq”

Öncə qısa bir arayış. Araşdırmam zamanı aydın oldu ki, ağıçı (mərsiyəxan), mollabacı və muzdla ağlayan qadınlar tamam fərqli anlayışlardır. Ağıçı ağı deyib, yas məclisində insanları ağladanlara, mollabacı qadın yas məclisini idarə edənlərə, Quran açıb, “Yasin” oxuyanlara, muzdla ağlayan qadın isə yas məclisində pul qarşılığında tanımadığı mərhum üçün, sadəcə, ağlayıb göz yaşı tökənlərə deyilir. Hər biri haqda ayrıca danışacağıq.
Hələliksə, ağıçıdan başlayaq. Tanışlardan birinin yardımı ilə telefon nömrəsini öyrəndiyim Rəhilə xanıma zəng vurub, guya ki, bir tanış adamın yas məclisinə dəvət edirəm. Burda bir haşiyə çıxım ki, yazının girişində dediyim kənd mənzərələri paytaxt üçün keçərli deyil. Yəni kənddə qadınlar heç bir qarşılıq ummadan qonşuları, qohumlarının yasında ağı deyər, onu layiqincə son mənzilə yola salardılar. Bakıda isə bu da pulladır. Böyük şəhər insanının ağlamağa belə vaxtı və hövsələsi yoxdur. Pulunu ver, istədiyin ağını, mərsiyəni oxusunlar.
Nəsə... Ağıçı Rəhilə xanıma zəng etməkdə qalmışdıq. Ağıçı qadın yas məclisinə dəvətdən dərhal sonra məclisin vaxtını, yerini soruşur, “gözlə bloknota baxım” deyib, həmin gün boş olub-olmadığını dəqiqləşdirir. Məlum olur ki, boşdur. Keçirik digər detallara. Rəhilə xanım mərhumun kimliyini soruşur. Uydururam ki, özü Moskvada alver edən bir nəfərdir, yaşı da 50-ni haqlayıb, infarktdan ölüb, burda da qohumu azdı deyə layiqli yola salmaq istəyirik son mənzilə. Ona görə də onun yardımına ehtiyacımız var. Maraqlıdır ki, ağıçı qadın öncə mərhumun imkanlı olub-olmamasını soruşur. Sualın verilmə səbəbini anlamasam da, “imkanlı idi” deyirəm, dilxor olur: “Varlı adamın yasında ağı demək çətin olur. Gününü görüb, səfasını çəkib. Nə deyib ağlayasan? Yasına gələnlərin hamısı da onu çox istəyən olmur ki. Elə varlı var, pulu çox olub, amma heç kimə əl tutmayıb. Beləsiyçün kim ağlayar? Bir də ki, varlı adamın yasında qohum-əqrəba da adama imkan vermir, ağızdolusu ağı deyəsən. Bəziləri özünü mərhumun yaxınlarının gözünə soxmaq istəyir, əl qatırlar özlərinə. Bilmirsən, necə ağlayasan, bayatı deyirsən, sözünü kəsirlər, özləri başlayırlar...(düşünür) Heç nə olmaz, yola verərik məclisi”.

“Kişilər ağlamırlar deyə, infarktdan ölürlər, gör heç qadını infarkt vurur?”

Sonra da ağıçı Rəhilə məndən “mərhumun” bütün dosyesini soruşur. Harda doğulub, neçə uşağı var, həyatdakı əsas dərdi nə olub, heç xəstələnibmi və sair. “Varlı tanışımın” həyat yolunda ağlanası məqam az olsa da, ağıçı qadın deyir ki, ən azı onun ölümünə görə əziyyət çəkən uşaqlarına, həyat yoldaşına oxşama deyə bilər: “Sən narahat olmaginən. Ordakı camaatı ağlatmaq mənlikdü. Bu günə qədər mənim ağılarımı eşidib, ağlamayan adam anasından doğulmayıb. Mən bir oxşamalar deyirəm ki, ən qansız adam da hönkür-hönkür ağlayır”.
Söhbət zamanı ağıçı qadın danışır ki, əslində hər ölü son mənzilə ağı ilə yola salınmalıdır. Arxasınca ağı deyilməyən adama “qərib, gözü arxada qaldı” deyirlər: “Ağlamaq insanı həmişə yüngülləşdirir. Görmürsən, kişiləri daha çox infarkt vurur. Sizin tanış kimi. Ağlamırlar, ürəklərinə salırlar, infarkt vurur. Amma qadınlar ağlayır, yüngülləşir, ağrı-acılarını canlarından çıxarırlar”.
“Xaricdən gecə vaxtı zəng edib, ”sən canın, rəhmətlik ərimə bir ağı oxu" deyənlər olur"
Rəhilə xanım daha sonra yas məclislərində daha çox qıcıqlandığı məqamlara toxunur. Deyir, bəzən yaxınları canıyananlıq göstərib mərhum yaxınını ağlamağa qoymurlar: “Onda hirslənirəm. Qolundan tutub çəkirəm qırağa həmin adamı. Deyirəm, qoy ağlasın da, yoxsa ürəyi partlayar axı. Bu cavanlar ağlamaqdan qorxur. Ağı deməyi isə heç bacarmırlar”.
Ağıçı qadın məsləyi ilə bağlı daha bir ilginc məqamı bölüşür söhbət əsnasında. Deyir ki, sən demə, əzizini burda basdıran adamlar bəzən yas yerlərində onun mərsiyə, ağı deyərkən səsini kasetə, telefona yazır, xaricə qayıdanda özləri ilə aparırlar: “Hələ biri var idi. Ərini burda basdırmışdılar, sonra oğlu ilə Almaniyaya getmişdi. Oğlu həkim idi. Bir də görürdün, gecə vaxtı zəng vururdu. ”Ay Rəhilə, bir ağı de". Yuxulu-yuxulu dururdum, bununçün ağı deyirdim. Orda elə ağlaşırdılar ki - oğlu, gəlini, qardaşı... Bir həftə sonra bir də görürdüm, qohumu ilə mənə pul göndərib. Belə şeylər də olur. Həyatdı də..."

“Sağlığında mənə ağı “zakaz” edənlər var”

Müsahibimizə sağlığında ağı sifariş edənlər də olub. Ağıçı qadın deyir ki, qonum-qonşu arasındakı yaşlılar hərdən onu yanına çağırıb, vəsiyyətlərini edirlər: “Bir qonşum var, 73 yaşındadır. Məndən xahiş edib ki, yasında ağısını mən deyim. İndidən ”zakaz" eləyib ki, ağlayanda yetim böyüməsindən, qardaşının onu axtarmamasından, ərinin onu atıb, ikinci arvad almasından bayatı deyim. Mən də söz vermişəm..."
Keçirik bu işin müqabilində istəyəcəyi məbləğə. Ağıçı qadın yas yerinə onu maşınla aparıb-gətirmək və 60 manat da zəhmət haqqı istəyir. Təbii olaraq, zəhmət haqqının çoxluğuna etiraz edirəm, qarşı tərəf başlayır, nə başlayır: “Səhərdən-axşama qədər məclisdə olacam. Camaat öz yaxını üçün bir bayatı deyə bilmir. Mən axşamacan bayatı, oxşama, layla deyəcəm, gözümün yaşını tökəcəm. Ürəyim xəstəlik tapıb bu işdə, 60 manatın nəyi çoxdu?”
Ağıçı qadın deyirsən ağzında. Elə şüvən-şüvən danışır ki, adamın boğazı quruyur. Naəlac dediyi qiymətlə “razılaşıram”. Bir neçə gün sonra zəngləşmək vədəsi ilə sağollaşırıq.

Muzdla ağlayan Mələk: “Ağıçı arvadlar “dur gəl, yas tutmuşuq” deyib, məni də çağırırlar”

Daha sonra başlayıram muzdla ağlayan qadın axtarmağa. Məlum olur ki, Bakıdakı bəzi yas məclislərində ağlayacaq qohum-əqrəbası olmayan, bunu isə öz şəninə təhqir sayanlar pul qarşılığında yasda ağlayan qadınlar tuturlar. Onlardan ağıçı, mərsiyəxan kimi nəsə demək, ölünü vəsf etmək tələb olunmur. Sadəcə, ağlasınlar, mərhumun çox sevilən biri olması ilə bağlı görüntü yaratsınlar, bəsdir. Mələk adlı 47 yaşlı bu qadını isə qonşularımdan biri nişan verdi. Dedilər ki, 25 yaşından dul qalan Mələk qadın mərsiyəxanlarla birgə yas yerlərinə gedir. Mühafizəkar ailələr yas məclisinin göz yaşı ilə keçməsini arzuladıqlarından Mələk də il boyu işsiz qalmır. Amma o, mərsiyəxanların aldıqlarının yarısı, yəni 30, bəzən isə 20-25 manatla qane olur. Onunla danışmaq üçünsə qiyafə dəyişmək zorunda qalmıram. Sadəcə, yaxın adam kimi söhbət edirəm. Deyir ki, artıq 10 ildir ki, yaslarda ağlamaqla pul qazanır: “Mən ağı deyə bilirəm, amma ağıçı arvadlar kimi yanıqlı deyəmmirəm. Ancaq ağlayıram. Tez-tez çağırırlar yasa. Ən çox da ağıçı arvadlar zəng edir, ”dur, gəl, yas tutmuşuq" deyirlər. Gedirəm, bir neçə saat ağlayıb, qayıdıram".
Mələk xanım deyir ki, onunçün yas məclislərində göz yaşı tökmək çətin deyil: “Onsuz da yaslarda hərə öz gününə ağlayır. Hərə öz ölüsünü yadına salır. Mən cavan yaşımdan dul qalmışam. Qaynanam it zülmü çəkdirib mənə. Uşaqları nə günlə oxutmuşam, bir Allah bilir. İndi də oğlum məni qapısına qoymur. Arvadı zəhərləyib başını. Mənim bu qədər dərdim var, mən ağlamayım, kim ağlasın?”

“Yas yiyələri xahiş edir ki, soruşanlara pulla ağladığımı deməyim”

Mələk xanım danışır ki, onu adətən qohum-əqrəbası ilə soyuq münasibəti olan və ya qohumu az olan adamlar çağırırlar yaslara. Bir də ki, çox varlı-hallı adamların evinə gedir: “Varlılar öyrəşiblər hər şeyləri çox olsun. Öləndə ağlayanları da çox olmalıdır. İstəyirlər, camaat desin ki, gör onunçün nə qədər adam ağladı. Amma əvvəlcədən tapşırırlar ki, yasda soruşanlara mərhumun yaxını olduğumu deyim. Məni pulla çağırdıqlarını deməyə utanırlar. Mən də heç ağzımı açmıram. Ağlayıram, halvamı yeyir, pulumu alıb, çıxıram. Şər yeridir - kimin kimlə işi var?”
Həmsöhbətim ancaq yas yerində ağlaması ilə dolanmır. Deyir, hərdən elə həmin varlı ailələrin evində təmizlik işləri görür, yayda yun çırpmağa, xalça yumağa, qışda pəncərə silməyə gedir: “Bir də görürsən, həftələrlə heç yerə çağırmırlar. Acımdan ölərəm yasın ümidinə qalsam”.

Mollabacılar kimə “şirinlik” verir?

Yas məclislərində daha bir kateqoriya isə mollabacılar adlanır. Araşdırma zamanı öyrənirik ki, əslində mollabacılar yas yerlərində qazandıqları puldan xüsusi dairələrə haqq verirlər. Əvvəlcə bunun üçün bəzi adamlardan razılıq alınır. Sonra isə, razılaşmaya əsasən, Qafqaz Müsəlmanları İdarəsində çalışan bəzi adamlara “şirinlik” verir. Bütün yas idarə edən mollalar QMİ-nin nəzarətində saxlanılır.
Bəzi dindarlar mollabacılara sıcaq baxmır. Onların fikrincə, yas məclisini qadının idarə etməsi heç bir normaya sığmır. Neyçün ki, tarix boyu yas məclisini mollaxanım idarə etməyib. Ağıçılar, mərsiyəxanlar hər zaman olub və bu da islami dəyərlərə uyğundur. Amma hacıxanım, məşədixanım, kərbəlayi xanım titulu qazananların əksəriyyəti bu gün mollabacılıq edirlər. Onlar isə bir məclisi idarə etmək üçün 150-200 manat istəyir.
Qəzetimizin dini eksperti Kənan Rövşənoğluna görə isə, İslam şəriətində qadın və ya kişi molla anlayışı yoxdur. Mollalar ruhani alimlərə verilən ümumi addır. O ki qaldı məclislərin aparılması qaydasına, İslama görə, ölən müsəlman üçün 4 əməlin yerinə yetirilməsi vacibdir: meyitin yuyulub qusul verilməsi, kəfən, meyit namazı və basdırılması. Yerdə qalan işlər dində vacib sayılmır. Sadalanan bu dörd işin yerinə yetirilməsi üçün də hansısa xüsusi din aliminin, yəni mollanın olması şərt deyil. Qaydaları, dini hökmləri səlis bilən insanlar bunu edə bilərlər.

***

Və sonda... Çox ağır, bir az da qaramat yazı oldu yəqin ki, fərqindəyəm. Əslində indi ölüdən çox dirilərin gününə ağlamaq lazım gəlir. Amma neyləyəsən ki, diridə də ağıçı çağırmağa pul yoxdur. Zarafat deyil, 60 manat...

Sevinc TELMANQIZI, Yeni Müsavat

 

OXŞAR XƏBƏRLƏR