Azərbaycandakı doğuşlarda dəhşətli və maraqlı rəqəmlər - ARAŞDIRMA

MARAQLI
09:10 17.01.2011
2257


Bəyim Səfərəliyeva adlı qadının qarşılaşdığı bu vəziyyət əslində hamımıza bəllidir. Ana olan hər bir kəs bu yolu keçərkən qanunda pulsuz, həyatda pullu olan bu xidmətlərdən istifadə edir. Artıq hamilə qadınların doğuşadək və doğuş da daxil olduğu bu aralıqda qeyri-rəsmi ödəniş o həddədir ki, indi məbləği xəstə deyil həkim təyin edir. Onu da deyim ki, bu, bütün sahələrdə olduğu kimi kənd və rayonlarda ucuz, iri şəhərlərdə və paytaxt Bakıda isə bahalıdır. Kəndlərdə hamilə qadınların müayinəsi demək olar yox səviyyəsindədir. Mentalitetə bağlı olan bu amil bir də savadsızlıqdan irəli gəlir. Şəhərdə isə xəstəliklərin çoxluğundan xəbərdar olan əhali yollarını qadın məsələhətxanalarından salır. 

Üz tutduğumuz bütün məsləhətxanalarda həkimlərdən bir söz eşitdik “xidmət pulsuzdur”. Rəna İbrahimova adlı baş həkimin sözlərinə görə, xəstədən pul istəmək həkimə yaraşmayan hərəkətdir: “Həkimin göndərişi ilə UZİ-dən keçməlidirlər. Əgər özləri öz başlarına gedirlərsə və yaxud da həkimə nə isə edirlərsə ona biz cavabdeh deyilik”. 

Şöbə müdiri Gülnarə Əliyeva da qadın məsləhətxanalarının heç birində pullu xidmət olmadığını deyir: “Ödəniş yoxdur. Nə laboratoriya, nə həkim qəbulu heç biri pullu deyil. Gül hədiyyəsi həmişə olub. Hamilə olan qadınlar azad olandan sonra həkimlərə minnətdarlıq bildiriblər. Mən buna mane də ola bilmərəm”. 

Qeyd edək ki, G.Əliyeva 150 manat əmək haqqı aldığını bildirib. Gülnarə xanım hələ şöbə müdiridir. Yəni vəzifə sahibi olaraq bu məbləği alır. Burada diqqətinizi səhiyyənin bu xidmətində çalışan həkimlərin əmək haqqına çəkmək istəyirəm. 1 "aklad" həkimin maaşı 110 manat, tibb bacısının əmək haqqı isə 95 manatdır. Nəzərə alaq ki, səhiyyədə nəyinki yarım "aklad", hətta 0,25-lə işləyən əməkdaşlar da var. Yəni onlar 25 manat alırlar. 

Azərbaycanda təbibi həmişə xalq dolandırdığından əhalimiz burada da kömək əlini kəsmir. Elə təəccüblüsü də odur ki, müsahiblərimin demək olar ki, 90 faizi həkimlərə pul verməkdə maraqlıdırlar. “Həkimin maaşı az olduğuna görə biz məcburiyyət qarşısında qalıb bu pulu ödəyirik. Məvacib çox azdır. Mən özüm tibb bacısı işləyirəm. Maaşımız çox azdır. Biz ona görə pul qoyuruq onun cibinə ki, bəlkə öz ehtiyaclarını ödəyə bilər”, deyə Gülnarə Məmmədova adlı qadın bildirib. 

İnsafən deyim ki, ananın doğuşa qədərki səhhətinə cavabdeh olan qadın məsləhətxanalarının həkimləri xəstələrdən doğuş həkimləri ilə müqayisədə çox az pul alırlar. Yəni bir xəstə ayda bir dəfə həkim müayinəsinə gəlirsə 10-20 manat, ultrasəs müayinəsi üçün 15-25 manat, qan analizi üçün də təxminən bu qədər vəsait ödəyir. Bu sahədə çalışan həkimlərin yeganə gəlir yeri özəl tibb müəssələrinə göndərdikləri analizlərdən alacaqları faizlərdir. Beləliklə, doğuma qədərki müayinə kasıblara 100 manata, imkanı olanlara 1500 manata başa gəlir. 

Ən dəhşətli və maraqlı rəqəmlər isə doğuşdadır. Paytaxtın doğum evlərində qiymətlər 400 və 800 manat arasında dəyişir. Təbii doğumun qiyməti 400 manat, qeysəriyyə isə 800 manata aparılır. 

Doğuş Amerika Birləşmiş Ştatları istisna olmaqla bütün dövlətlərdə dövlət hesabına həyata keçirilir. Qonşu Gürcüstanda isə dövlət hamilə qalan qadına xüsusi tibbi kart təqdim edir ki, buna da vauçer deyilir. Həmin kartın içərisində 100 lari - Azərbaycan manatı ilə 50 manat məbləğində pul olur. Doğuma gedən qadın bu sənədi qəbul olunduğu xəstəxananın kassasına təqdim edir. Amma imkanlılardan şirinlik də alınır. Bu isə 250 manatı aşmır. Rusiyada bu xidmət tibbi sığorta kartları ilə həyata keçirilir və şirinlik pul qətiyyən qəbul olunmur. Rus həkimlərinə minnətdarlığını bir dəstə gül, bir şüşə içki ilə bildirə bilərsən. Böyük Britaniyada da bizdə olduğundan fərqli olaraq sözdə deyil, əməldə milli səhiyyə sisteminin bu xidməti pulsuzdur. Sözsüz ki, onların həkimlərinin də məvacibi bizimkilərindən qat-qat artıqdır. 

Tanınmış telejurnalist Sevinc Osmanqızı hər iki oğlunu dünyaya gətirmək üçün Britaniya səhiyyəsinin bu xidmətindən istifadə edib. Deyir ki, bu xidmətə ilk qeydiyyata alınmadan tutmuş, ananın müalicəsi, doğuşun başa çatması və yenidoğulmuş körpəyə ilk 10 gün ərzində evdə tibbi xidmətlərin göstərilməsi daxildir. 

“Uşaq dünyaya gəldikdən sonra evdə də tibbi müəssisənin nümayəndəsi hər gün gəlir, sizinlə vaxt keçirir. Uşağı yoxlayır, lazım olan sualları cavablandırır”, deyə S. Osmanqızı bildirdi. 

Bu sahəni araşdıran jurnalist deyir ki, gəlir səhiyyə işçilərinin peşə fəaliyyətinə təsir etməməlidir. “Səhiyyə elə bir sahədir ki, bura ciddi nəzarət olmalıdır. Bu elə sahədir ki, həkimlər vəziyyətdən çıxış edərək qərar verməlidirlər. Bu qeysəriyyə əməliyyatına da aiddir. Əgər tibbi göstəriş yoxdursa, həkim bunu alternativ və seçim olaraq xəstəyə təqdim etməməlidir”. 

Qeyd edək ki, qeysəriyyə əməliyyatı təbii doğuşdan qiymətli olduğu üçün bəzi həkimlər xəstələrə bu üsulu təklif edirlər. Hətta ana olmağın əziyyətini çəkmək istəməyənlər də bunu seçirlər. Ekspertlər düşünürlər ki, bütün bunlardan çıxış yolu icbari tibbi sığortanın tətbiqidir. Yeri gəlmişkən, icbari tibbi sığorta haqqında qanun 1999-cı ildə qəbul edilsə də işləməyib.

Ekspert Vüqar Bayramlının sözlərinə görə, bu xidmətə görə edilən ödənişlər qeydiyyata alınmır. Qanunvericilik belə ödənişi qanuna zidd sayır və edilməsi Cinayət Məcəlləsinə uyğun olaraq rüşvət halıdır: 
“İcbari tibbi sığortanın tətbiq edilməsi praktik olaraq xəstəxanalarda səhiyyənin digər xidmətlərində də qeyri-rəsmi ödənişlərin aradan qaldırmağa və həkim xəstə münasibətlərinin sivil səviyyədə olmasına şərait yaradır”. 

Ekspert düşünür ki, icbari sığortanın tətbiqi xəstəxanaların dövlət büdcəsindən asılılığını azaldacaq və nəticə etibarı ilə xidməti yüksək səviyyəli olan xəstəxananın pasientlərinin sayı aratacaq. Bu isə həkimlərin yüksək əmək haqqı almasına şərait yarada bilər.

//Ans Press

 

OXŞAR XƏBƏRLƏR