AZAL-dakı dəyişikliklər bilet qiymətlərinə necə təsir edəcək? - AÇIQLAMA

AZAL-dakı dəyişikliklər bilet qiymətlərinə necə təsir edəcək? - AÇIQLAMA
SOSİAL
15:07 31.03.2021
1283
Xəbər verdiyimiz kimi,  "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə həvalə edilib.

Bu səlahiyyətlərə Cəmiyyətin yenidən təşkili və ləğvi, Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi aiddir.

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə isə Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onun illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi, Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi, qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi tapşırılıb.

Bəs bu dəyişikliklər ilə yeniliklərə səbəb olacaq? Bu, hava nəqliyyatlarının biletlərinə necə təsir edəcək?

AZXEBER.COM bu suallara cavab tapmaq üçün iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadədən açıqlama alıb.
 
Onun sözlərinə görə cəmiyyətdə hazırda AZAL-dakı bu dəyişikliklərin bilet qiymətlərinə təsiri ilə bağlı çox böyük gözlənti var:

"Cəmiyyətdə hazırda AZAL-dakı bu dəyişikliklərin bilet qiymətlərinə təsiri ilə bağlı çox böyük gözlənti var. Mən bu gözləntini bölüşürəm. Nəzərə alsaq ki, müqayisəli təhlillərimiz onu deməyə əsas verir ki, Azərbaycandan bir sıra istiqamətlərə, xüsusilə də Türkiyə istiqamətinə olan aviaxətlər üzrə satılan biletlərin qiyməti kifayət qədər yüksəkdir və buna görə də insanlar arasında çeşidli fikirlər dolaşır.

Bütün bunlara son qoymaq üçün AZAL-ın şəffaf bir quruma çevrilməsinə ehtiyac var. Bu da ilk növbədə korporativ idarəetmə standartlarının tətbiqindən keçir. Müşahidə Şurasının yaradılması bu standartların bir elementidir. Amma bu hər şey demək deyil, digər məsələr də yəqin ki, bu şurada yer alacaq. AZAL kimi dövlətin əsas şirkətlərindən biri olan qurumun fəaliyyəti tam şəffaf olmalıdır. Burada ən vacib məqam odur ki, şirkət bu günə qədər səmərəli fəaliyyət göstərməyib. Onun dövlət büdcəsində aldıqları subsidiyaların təhlilində görünür ki, AZAL bu günə qədər zərərlə işləmiş qurumdur.

Hazırda, dövlətin bu sahəyə xeyli sayda yatırımlar etdiyi bir vaxtda nəticə ondan ibarətdir ki, qiymətlər çox bahadır və eyni zamanda qiymətlərin baha olmasına baxmayaraq AZAL dövlət büdcəsindən hələ də subsidiyalaşır və öz xərclərini qarşılaya bilmir. Buna görə də ciddi bir addım atılmalı idi və mən düşünürəm ki, Müşahidə Şurasının yaradılması bu məsələlərə müsbət təsir edəcək”.
 


Elşən Bağırzadənin sözlərinə görə bu problemlərin həll olunması qısa zamanda baş verməyəcək:

"İndi gözləmək lazım deyil ki, qısa müddət ərzində bu, baş verəcək. Müşahidə Şurasının gəlməsi ilə bilet qoymətlərinin enməsinin tez bir zamanda olması asan məsələ deyil. Sadəcə bu proses başlamalıdır və AZAL bazar iqtisadiyyatının prinsiplərinə uyğun çalışmalıdır. Bundan sonra qurumun əhalinin xeyirinə addımlar atmasını görə bilərik”.

İqtisadçı onu da qeyd edib ki, AZAL-ın indiyə qədərki strategiyası ölkənin əsas aviaxətləri üzrə mənfəət əldə etmək olub:

"Bir məsələni də xatırladım ki, AZAL-ın indiyəqədərki strategiyası ölkənin əsas aviaxətləri üzrə mənfəət əldə etməyə yönəlib. Deyək ki, Bakı-Moskva, Bakı-İstanbul kimi müntəzəm istifadə olunan xətlərdən mənfəət götürməyə çalışıb. Amma əslində bu, yanlış bir strategiyadır. Bir şirkətin gəlirlərinin bir-iki xətt üzrə formalaşdırması düzgün deyil. AZAL təkcə uçuşlardan yox, eyni zamanda tranzit uçuşlardan və bir sıra aviaxidmətlərdən də gəlir götürə bilər və ya müxtəlif şirkətlərlə ortaq layihələr həyata keçirməklə gəlirləri devertifikasiya edə bilər. Belə olduğu halda rəqabət artacaq və insanların seçim imkanı da artacaq. Bu zaman qiymətlərin də enməsi qaçılmazdır”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR