Azarkeşlərin illərdir gözlədiyi an: Messi və Ronaldo eyni komandada oynayacaq

Azarkeşlərin illərdir gözlədiyi an: Messi və Ronaldo eyni komandada oynayacaq
İDMAN
13:30 08.09.2026
85

Futbol tarixinin ən böyük ulduzlarından hesab olunan Lionel Messi və Kriştianu Ronaldonun ilk dəfə eyni komandada meydana çıxması gözlənilir. 

Argentina millisinin və ABŞ-nin "İnter Mayami” klubunun futbolçusu Lionel Messi ilə Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo Karlos Tevesin dekabr ayında Buenos-Ayresdə keçiriləcək vida matçında eyni komandada oynayacaqlar. 

Qeyd edək ki, Messi və Ronaldonun uzun illər davam edən rəqabətindən sonra ilk dəfə eyni komandada forma geyinməsi futbol ictimaiyyəti və azarkeşlər üçün xüsusi maraq doğurur. 

Bəs iki əfsanəvi futbolçunun eyni komandada meydana çıxması futbol tarixində necə qiymətləndirilə bilər? 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan idman jurnalisti Mehman Süleymanov bildirib ki, Messi və Ronaldonun eyni komandada oynaması futbol tarixində əlamətdar hadisə olacaq: 

"Kristiano Ronaldo və Messi son 20 ildə dünya futbolunun ən güclü oyunçularından olublar. Təsadüfi deyil ki, "Qızıl top” mükafatlarında adətən bu futbolçuların adı olub və onlar bir-birinə həmin mükafatı təhvil veriblər. 

Əlbəttə, bütün dünya futbolsevərləri və azarkeşləri bu futbolçuları eyni anda meydanda görməyi çox arzulayıblar. Amma artıq onların futbolçu karyeraları son mərhələlərini yaşayır və onlar heç vaxt bir komandada oynamayıblar. Sadəcə, rəqib kimi üz-üzə gəlmələri mümkün olub. Bu da, bildiyiniz kimi, İspaniyada çıxış edərkən baş verirdi. O vaxt Messi "Barselona”nın, Ronaldo isə "Real Madrid”in əsas simaları idi və biz onları uzun illər La Liqada görmüşük.

Yığma səviyyəsində isə bu iki futbolçunun duelini çox arzulasaq da, Argentina və Portuqaliya millilərinin qarşılaşması baş tutmadığı üçün belə bir imkan yaranmayıb. Amma görünür, nəhayət, onları eyni komandada görmək mümkün olacaq”.

 

İdman jurnalisti qeyd edib ki, qarşılaşma rəsmi xarakter daşımadığı üçün futbolçuların eyni komandada oynaması daha çox simvolik məna daşıyır: 

"Düzdür, bu, qeyri-rəsmi olsa da, hər halda futbol matçıdır. Karlos Tevesin 2026-cı ilin dekabrında Buenos-Ayresdə keçiriləcək vida matçında onların eyni komandada oynaması azarkeşlər üçün xüsusi hadisə olacaq. 

Teves argentinalıdır və Messi ilə uzun illər bir yerdə çıxış edib. Ronaldo ilə isə təbii ki, millidə bir yerdə oynaya bilməzdi. Bununla belə, klub karyerasında Ronaldo ilə yolları kəsişib. Belə ki, Teves və Ronaldo vaxtilə "Mançester Yunayted”də birgə çıxış ediblər”.

M.Süleymanov vurğulayıb ki, Karlos Tevesin əsas arzularından biri vida matçında Messi və Ronaldonu eyni komandada görmək olub: 

"Tevesin də arzusu olub ki, onun vida matçında bu iki ulduz eyni komandada oynasın. O, hər ikisi ilə söhbət edib. İlk olaraq Ronaldo ilə danışıb və bildirib ki, Messi ilə bir komandada oynamağa razılıq verib. Özü də deyib ki, Leoneli də yola gətirmək çətin olmayıb. 

Görünür, hər iki futbolçu üçün Teves çox dəyərli oyunçudur ki, onlar bu təklifə razılıq veriblər. Zaman-zaman Ronaldo ilə Messi arasında münasibətlərin soyuq olduğu barədə fikirlər səslənib. Amma indiki məqamda belə bir oyunun keçirilməsi və onların eyni komandada meydana çıxması azarkeşlər üçün futbol tarixində önəmli hadisədir”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR