Qorunan əmanətlər üzrə faiz hədləri hazırda milli valyutada 12 faiz, xarici valyutada isə 2,5 faiz həddi qüvvədədir.
Bu barədə Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin nümayəndəsi Azər Əmirov Fondun Milli Mətbuat Gününə həsr olunmuş Dialoq və Əməkdaşlıq Forumunda bildirib.
Onun sözlərinə görə, risklərin idarə edilməsi departamenti bu göstəriciləri banklardan alınan məlumatlar əsasında mütəmadi təhlil edir:
"Hesab edirik ki, bazarda yerləşdirilən vəsaitlərin böyük hissəsi məhz bu faiz hədləri daxilində olduğundan onların dəyişdirilməsinə ehtiyac yoxdur. Əvvəlki dövrlərdə bu məsələyə daha çox intuitiv yanaşılırdı. Hazırda isə Mərkəzi Bankın təklifi ilə hazırlanmış xüsusi metodologiya əsasında bazardakı tendensiyalar qiymətləndirilir. Hər altı aydan bir məsələ Fondun Himayəçilik Şurasında müzakirə olunur və faiz hədlərinin artırılıb-azaldılmasına baxılır”.
O vurğulayıb ki, Fond bu metodologiyanın tətbiqinə 2026-cı ilin əvvəlindən başlayıb:
"Aparılan hesablamalara əsasən, hazırda faiz hədlərinin artırılması və ya azaldılması üçün zərurət yoxdur. İlkin məlumatlara görə, yaxın dövrdə də hər hansı dəyişiklik gözlənilmir. Təbii ki, bu qərarı təkcə biz vermirik. Bu, Himayəçilik Şurasının kollegial qaydada qəbul etdiyi qərardır”.
///"APA-Economics”///











































