Dünyada ən geniş yayılmış xəstəliklərdən olan qaraciyər xəstəlikləri hər zaman pasientlərin maraq dairəsindədir.
MedEra Hospitalın hepetoloq-infeksianisti Dr. Azər Nağıyev bu haqda suallarımızı cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:
- Yeni virus əleyhinə preparatlarla C virus hepatiti bu gün çox uğurla müalicə olunur. Dünyada ən geniş yayılmış xəstəliklərdən biri də qaraciyər xəstəlikləridir. Azərbaycanda bu baxımdan vəziyyət necədir?
- Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada qaraciyər xəstəliklərindən əziyyət çəkənlərin sayı 2 milyarda çatıb ki, bunların arasında C virus hepatiti xüsusi ilə geniş yayılmışdır. Azərbaycanda da vəziyyət təəssüf ki, o qədər də ürəkaçan deyil. Təxmini hesablamalara görə ölkəmizdə hər 100 adamdan 2-3 nəfərində C hepatit virusuna rast gəlinir. Xəstəliyin əksər hallarda simptomsuz keçməsi bu xəstələrin vaxtında müraciət etməməsinə və xəstəliyindən xəbərsiz olmasına səbəb olur.
- Bu xəstəliklər necə yaranır?
- Bu xəstəlik əsasən qan vasitəsi ilə keçir. Xəstəlik vena daxili narkotik istifadə etdikdə, qan köcürüldükdə, taturiovka və pirsinq zamanı, bərbərxanalarda, tibbi və stomatoloji klinikalarda keçə bilər. Yoluxmanın doğuş zamanı və cinsi yolla baş verməsi az faiz təşkil edir. Xəstəlik əksər hallarda uzun illər boyu simptomsuz keçdiyindən aşkar olunan xəstələr təsadüfən tapılır. Məsələn, xaricə ölkələrə səfər edənlər, donor qanı verənlər, hər hansı cərrahi əməliyyata hazırlıq ərəfəsində müayinədən keçənlər və s.
- Xəstəliyi necə müalicə etmək olar?
- Əlbəttə ki, bu xəstəliklər vaxtında aşkar edildikdə xəstələrdə müalicə daha effektlidir. Hepatitin tamamilə müalicəsi dünya tibbini düşündürən ən ümdə məsələlərdən biri olduğunu desək yanılmarıq.
2015-ci ildən başlayaraq yeni dərmanlar icad olunduğu üçün artıq C virus hepatiti müalicə olunan xəstəliklər siyahısına salınmışdır. Yeni virus əleyhinə preparatlar çox yaxşı müalicəvi effekt verir və bundan əvvəl istifadə olunan interferonla müqayisədə 90%-dən çox hallarda tam sağalmanı təmin edir. Yeni preparatlar sadə və kompensə mərhələsində olan sirrozlu xəstələr tərəfindən 1 və ya 2 həb olmaqla 12, bəzən isə 24 həftə ərzində qəbul olunur. Bu preparatlar yalnız mütəxəssis tərəfindən və lazım olan analiz və müayinələrdən sonra təyin olunmalıdır. Belə olan halda müalicə sxemi düzgün seçilə və lazım olan effekti verə bilər. Həmçinin müalicə zamanı həkim xəstənin vəziyyətinə daim nəzarət etməlidir ki, yanaşı təsirlərinin meydana çıxması vaxtında aşkar olunsun və müalicə sxemində lazım olan dəyişikliklər edilsin. İnterferonlarla müqayisədə yeni preparatlar saç tökülməsi, depressiya, hərarətin yüksəlməsi və s. kimi yanaşı təsirləri vermir.
- Maraqlı müsahibəyə görə təşəkkür edirik.
- Buyurun, mən təşəkkür edirəm.