“Azər-Türk Bank” ASC-nin İdarə Heyətinə təyinat

“Azər-Türk Bank” ASC-nin İdarə Heyətinə təyinat
İQTİSADİYYAT
14:10 12.03.2026
179
"Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının qərarı ilə Fərid Quliyev "Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini və Baş kommersiya inzibatçısı vəzifəsinə təyin edilib.

AZXEBER.COM xəbər verir ki, bununla da "Azər-Türk Bank” ASC-nin İdarə Heyəti beş nəfər üzvdən ibarət formalaşdı. 

Fərid Quliyev korporativ maliyyələşmə, korporativ bankçılıq və strategiya sahələrində 25 ili əhatə edən zəngin təcrübəyə malikdir. O, 2002-ci ildə Azərbaycan Mikromaliyyələşmə Bankında peşəkar fəaliyyətə başlayıb. Daha sonra "Credit Europe Bank” və "Asian Pacific Bank” kimi beynəlxalq maliyyə institutlarında müxtəlif rəhbər vəzifələrdə çalışaraq təcrübəsini zənginləşdirib. Fərid Quliyev 2015-ci ildən PAŞA Bank sıralarına qoşularaq 2025-ci ilədək Korporativ və institusional bankçılıq üzrə aparıcı direktor, 2026-cı ildə isə Strategiya üzrə aparıcı direktor vəzifələrini tutub. 

Fərid Quliyev 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr pilləsini bitirib. O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarə edilməsi ixtisası üzrə ikinci ali təhsil alıb. 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 28 mart 2024-cü il tarixli Sərəncamı ilə Bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin 51%-i Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ötürülmüşdür. Hazırda Bankın nizamnamə kapitalının ümumilikdə 75%-i dövlətə (51%-i SOCAR-da olmaqla), 6,55%-i "AzRe Təkrarsığorta” ASC-yə, 5%-i "Qala Həyat Sığorta Şirkəti” ASC-yə, 12,37%-i "T.C. Ziraat Bankası” AŞ-yə və 1.08%-i "Ziraat Bank İnternational” AG-yə məxsusdur. Səhmdarların ümumi yığıncağında dövlət adından qərarların qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilir.



OXŞAR XƏBƏRLƏR