Azərbaycan-Aİ əməkdaşlığı yüksələn xətlə inkişaf edir

Azərbaycan-Aİ əməkdaşlığı yüksələn xətlə inkişaf edir
SİYASƏT
10:12 21.07.2022
1139
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü keçirilib.
 
Azərbaycanla Avropa İttifaqı arasında enerji memorandumu imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatla çıxış ediblər.
 
Dövlət başçısının sözlərinə görə, Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir: "Biz neft hasilatı ilə başladıq. Sonra, qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir".
 
Enerji təminatı hər bir ölkənin strateji məsələsidir. Bu sahədə ölkəmizdə son illərdə çox böyük işlər görülür. Müstəqilliyimizin ilk illərində ölkənin enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə vəsait yox idi. Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb və bütun bu enerji komponentlərinin inkişafına görə dünya miqyasında qabaqcıl ölkələrdəndir.
 
Azərbaycanın enerji siyasətindəki ilk uğuru Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə "Əsrin müqaviləsi” adlandırdığımız dünyanın ən iri şirkətləri ilə bağlanan müqavilədən başlayır. 2011-ci ildə Azərbaycan və Avropa İttifaqı arasında Cənub Qaz Dəhlizi haqqında birgə bəyannamənin imzalanması da enerji təhlükəsizliyin təmin edilməsi üçün xüsusi rol oynamışdır. Hasilatı və Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında Azərbaycanın önəmli yer tutmasına şərait yaratmışdır.
 
Tərəflər arasında münasibətlərdə rəsmi Bakı həmişə maraqların qarşılıqlı şəkildə icrası tələblərini irəli sürüb və nəticə etibarilə məqsədlərinə çatıb. Ölkəmiz digər Şərq Tərəfdaşlığı dövlətlərindən fərqli olaraq Aİ ilə münasibətlərində müəyyən məsafəni güdməklə praqmatik siyasət aparıb, nəticədə siyasi risklər minimallaşıb, əvəzində isə bölgədəki geosiyasi aktorlar arasında balansın qorunulmasına nail olunub.
 
Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz  hazırda bu beynəlxalq təşkilatın bir çox proqramlarında fəal  iştirak edir.  Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Ölkəmizin enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün  etibarlı təminatdır.
 
Naftalan şəhər sakini Elyar Cəfərov

OXŞAR XƏBƏRLƏR