Azərbaycan ailələrində qız uşaqları niyə sevilmir? - ARAŞDIRMA

SAĞLAMLIQ
16:40 05.04.2014
5928

Birbaşa mətləbə keçərək deyək ki, Azərbaycanda qadınların sayı azalır. 

Son dövrlərdə hər dəfə demoqrafik göstəricilərə nəzər salanda əhali arasında qadınların sayını əks etdirən rəqəmin nisbətən kiçildiyinin şahidi oluruq. Uzun illər Azərbaycanda qadınların sayı kişilərdən, ən azı, 1 faiz çox olub. Məsələn, 2003-cü ildə ölkə əhalisinin 49 faizi kişilərdən, 51 faizi qadınlardan ibarət idi. Qadınların sayı tədricən azalaraq 2011-ci ilin yekununda artıq 50,4 faizə endi. 2013-cü ilin sonunda isə bu rəqəm 50,3 faiz təşkil etdi.

Deməli, iki il ərzində qadınlar 0,1 faiz azalmışlar. İlk baxışdan 0,1 bəlkə kiməsə balaca bir rəqəm kimi görünə bilər. Amma unutmayaq ki, 2010-cu ilin əvvəlində Azərbaycan Respublikasının əhalisinin sayı 9 milyonu ötüb. 2014-cü ilin əvvəlində isə 9 milyon 477,1 min nəfər olub. Başqa sözlə, sayı 9 milyon yarıma çatan əhalinin 0,1 faizinin heç də kiçicik bir rəqəm olmadığını şərh etməyə ehtiyac yoxdur. Həm də göründüyü kimi, kiçilmiş rəqəm eyni olaraq qalmır, getdikcə kiçilir. Deməli, xoşagəlməz ziyanlı proses baş verir.

Bəlkə son illərdə daha çox qadın dünyasını dəyişir? Yox, belə deyil! Əvvəla, son dövrlərdə ümumiyyətlə, ölkədə ölüm hallarının sayı ya azalır, ya da eyni səviyyədə qalır. Üstəlik də, Azərbaycanda qadınların kişilərə nisbətən ömrü daha uzundur. Dövlət Statistika Komitəsinin bu il 8 Mart bayramı ərəfəsində yaydığı məlumatda bildirilir ki, ölkəmizdə qadınlar kişilərdən 5,3 il çox yaşayırlar. Yəni, onların ömür uzunluğu 76,6 yaşa bərabərdir.

Bəs qadınların sayı niyə azalır? Cavab gün kimi aydın, səbəb isə birdir. Hələ işıqlı dünyaya göz açmamış körpələrə onların cinsinin qız olduğu aydınlaşan kimi uzanan cəllad əli var! "Cəllad" sözündən ilk növbədə yəqin ki, ginekoloq həkimlərimiz inciyəcəklər. Amma hökmü icra edəndən əvvəl onu verən günahkardır. Odur ki, ən böyük cinayətkar Tanrının istəyi ilə oğlan deyil, qız yarananlara ölüm hökmünü oxuyan valideynləridir.

UZİ-lər (ultrasəs cihazları) təkmilləşdikcə, onların arxasında oturan həkimlər getdikcə daha da püxtələşib dölün cinsini lap erkən mərhələlərdə təyin etmək qabiliyyətinə yiyələndikcə yalnız və yalnız oğlan ata-anası olmaq istəyən cavan cütlüklərin həvəsi də artır. Həkimlərin isə müştəriləri çoxaldıqca kefi kökəlir. Sonrakı mərhələdə bu "hücumçu ordu"ya ginekoloq həkimlər qoşulur. Beləliklə, onların hamısı bir-birinə dəstək verərək millətin gələcək sonalarına, sabahın analarına qənim kəsilirlər.

Əl saxlayın, ey insanlar, əl saxlayın, amandır! Siz heç etdiyinizin mahiyyətinə varırsınızmı? Bəlkə sizə elə gəlir ki, bu sizin şəxsi işiniz, öz ailə, həyat məsələnizdir? Yox, bu, xalqın taleyüklü problemidir. Elə bir problem ki, cəmi ikicə onillikdən sonra xalqı böyük bir demoqrafik qəzaya uğrada bilər. Söhbət xalqın genofondundan gedir. Söhbət ondan gedir ki, yaxın gələcəkdə oğullarımızı evləndirmək üçün elçiliyə başqa ölkələrə getməli olarıq...

Bütün hadisələr ondan qaynaqlanır ki,

gənc ailələr əsasən iki övlad sahibi olmaq istəyir. Bunu real vəziyyət də təsdiqləyir. Çünki hazırda Azərbaycanda körpə dünyaya gətirmək yaşında olan qadınların hərəsinə orta hesabla 2,3 uşaq düşür. Əksər ailələrin arzusu budur ki, bir oğlu və bir qızı olsun. Bu halda əgər ailənin ilki qız uşağıdırsa, ikincinin mütləq oğlan olması qarşıya məqsəd qoyulur. Əgər evdə iki qız varsa, oğlan arzusu bir az da ciddiləşir. Məqsədə çatmaq üçün isə yeganə və real "köməkçi" UZİ-lərdir.

Əslində, UZİ-lər xeyirxah məramlı cihazlardır. Gələcək analar onlara müraciət etməklə özlərinin və dünyaya gəlməyə hazırlaşan körpələrinin səhhəti haqqında ən dəqiq məlumatlar əldə edə bilirlər. Sonra da buna müvafiq olaraq həkim məsləhəti və müalicə alırlar. Bizdə isə çox vaxt əksinə olur. Bəzən UZİ-yə müraciət edən xanımı əsas məsələlər deyil, məhz uşağın oğlan, yaxud qız olması maraqlandırır. Adətən, bu, hamilə qadını tibb müəssisəsində müşayiət edən həyat yoldaşını, anasını, qayınanasını da maraqlandıran əsas məsələ olur. Gənc ananın səhhəti, körpənin durumu arxa plana keçir. Nəticədə doğuş vaxtı və uşaq dünyaya gələndən sonra bir sıra problemlər ortaya çıxır.

Oğul da övladdır, qız da. "Oğul arxadırsa, qız yaraşıqdır" deyiblər. Oğul vətəni, torpağı qoruyandırsa, sipərdirsə, qız da sabahın anasıdır, gənc nəslin tərbiyəçisidir. Böyük qəhrəmanları, sərkərdələri, dahiləri dünyaya bəxş edən də, onları qanı-canı, südü ilə qidalandırıb ilk "dərs"lərini laylaları ilə keçən də analardır. Dinimiz "cənnət anaların ayaqları altındadır" deyib. Atalarımız "aslanın erkəyi, dişisi olmaz" deyiblər.

İnsan yatağa düşəndə onun yastığı yanında keşik çəkən məhz qız övladı olur. Nəhayət, hər kəs son mənzilə qızının ağılarının müşayiəti ilə yola salınır. Bəlkə indi qızların heç də hamısı ağı bilmir. Amma hər halda, ata-ananın sağlığında da, ölümündən sonra da onlar üçün canı yanan qızlar olur.

Ağız ədəbiyyatının bilicisi olan nənəm Minəxanımdan eşitdiyim çox söz yadımda qalıb. Məsələn, "Oğul da bir ev tikir, qız da", "Bir kor qızdan ötrü bir igidin yurdu boş qalar", "Yaxşı kişinin qızı da oğul kimi olar" və s.

Deməli, söhbət övladın oğlan, yaxud qız olmasından deyil, onun hansı tərbiyəni alıb hansı əməllərə yiyələnəcəyindən, yaxşı insan, layiqli vətəndaş olmasından gedir!

Qızının mütləq qardaşlı olması üçün canını oda yaxan (paralel surətdə cinayət törədən) valideynlər bəlkə elə düşünürlər ki, ona bacı lazım deyil? Lazımdır! Qıza bacı heç də qardaşdan az gərək deyil. "Bir bacım olsa, dərdimi ona danışardım, halıma yanardı" deyərək ehtiyaclananları çox görüb eşitmişik.

Elə isə niyə həyatın təbii axarına qarşı çıxır, təbiətin özünün nizamladığı qaydanı pozuruq? Oğul da, qız da Tanrı payıdır! Qardaş da, bacı da insana tale bəxşişidir. Əsrlər, illər boyu bu məsələni təbiət özü tarazlaşdırıb. Heç vaxt da heç bir demoqrafik qəza baş verməyib. Torpağın dərin-dərin qatlarının sirrini öyrənən, göylərin mininci qatında nələr baş verdiyindən xəbər tutan, bir sözlə, möcüzələr yaradan insan ağlının tək bir şeyə indiyə qədər gücü çatmayıb. "Sifariş verə" bilməyib ki, ana bətnində oğlan, yaxud qız yaransın. Odur ki, Tanrının öz seçimi ilə yaratdığına əl uzatmaq da düzgün iş deyil!

Təbiətin özünün tarazlaşdırdığı nisbətdə dünyaya gələn hər 100 körpədən 51-i oğlan, 49-u qız olur. Uzun illər vəziyyət bu cür də davam edib. Yəni, UZİ-lərin sözügedən funksiyası fəallaşana kimi. Son illərdə vəziyyət oğlanların xeyrinə dəyişməyə - doğulanların sırasında qızların sayı nisbətən azalmağa başladı. Hələ hər 100 körpədən 52-si, 53-ü oğlan olanda, Dövlət Statistika Komitəsində keçirilən tədbirlərdə sözügedən fakt xüsusilə jurnalistlərin nəzərinə çatdırılanda "Azərbaycan" qəzeti bu mövzuda çıxış etdi. Beləliklə, son 8-9 ildə "Azərbaycan" bu mövzuya dəfələrlə qayıdıb.

Cəmiyyətdə bu problemdən narahat olanlar az deyil. Ümumiyyətlə, bu məsələ ətrafında çox diskussiya və müzakirələr gedir. Amma irəliləyiş nəzərə çarpmır.

2011-ci ildə ölkədə 175,4 min körpənin dünyaya göz açması sevindirici hal idi. Çünki həmin vaxt bu, son 17 ilin ən yüksək doğum səviyyəsi idi. Lakin həmin il doğulan oğlanların da sayı "rekord"a çatdı. Anadan olan körpələrin 53,8 faizi oğlan idi.

2012-ci ildə Azərbaycanda 174,5 min, 2013-cü ildə isə 172,6 min körpə dünyaya göz açıb ki, onların da 53,6 faizi oğlanlardır. Deməli, nisbət yenə də öz qaydasında deyil - qızlara "hücum" eyni səviyyədə qalır.

Bu, təkcə Azərbaycana aid problem deyil. Gələcək övladının cinsi ürəyincə olmayan valideynlərin onu ana bətnindəcə məhv etməsi indi dünyanın bir çox ölkələrində populyarlaşıb. Sadəcə, seçimdə fərq var. Yəni, bizdə oğlan "hərisliyi" baş alıb gedirsə, bir sıra digər yerlərdə seçim başqa cür olur. Kimi qız istəyir, kimi oğlan. Hər halda, bu, gələcəkdə düzgün nəticə verməyəcək bir haldır. Ona görə təsadüfi deyil ki, bəzi ölkələrdə hətta məsələyə dövlət də qarışıb. Yəni, UZİ həkimlərinin körpənin cinsi haqqında məlumat verməsinə qadağa qoyulub.

Lakin fikrimizcə, bu, vəziyyətdən çıxış yolu deyil. Şüurlarda dəyişiklik olmalıdır, insanlar özləri məsələyə ağılla, uzaqgörənliklə, humanistliklə yanaşmalıdırlar. Buna öyrənməliyik, başqa sözlə, xalqını sevən, onun sabahını fikirləşən hər kəs bu məsələyə laqeyd yanaşmamalıdır.

Dünya görmüş ağbirçəklər və ağsaqqallar, din xadimləri, sosioloq və psixoloqlar, həkimlər, bir sözlə, hamı bu məsələnin qaydaya düşməsinə öz dəstəyini verməlidir. Həkimlərdən söz düşmüşkən: əziz həkimlər, siz deyə bilərsiniz ki, bu törədilən işdə günahınız yoxdur. Yalnız pasiyentlərinizin istəyi ilə hərəkət edir, onların tapşırığını yerinə yetirirsiniz. Siz o pasiyentlərə yaxşı mənada təsir də edə bilərsiniz. Çünki gözünüz çox şey görür - hər gün körpə həsrətilə yaşayan, onun bir dırnağı üçün burnunun ucu göynəyən neçə-neçə cütlüklərə rast gəlirsiniz. Bircə övlad - fərqi yoxdur oğlan, ya qız sahibi olmaqdan ötrü var-yoxundan keçən, bəzən də evi, ailəsi dağılan insanlara hamıdan çox siz bələdsiniz. Övladından qız olduğu üçün imtina edən valideynlərə sizin dediyiniz sözün kəsəri daha iti olar!

Bu gün hərə öz ambisiyalarına və mənafeyinə xidmət etməməlidir. Xalqa mənfi təsir edən, gələcəkdə onun üçün çətinliklər yaradacaq işlərə rəvac verməməlidir. Əgər biz bu gün ölkədə qadınların sayının azaldığını müşahidə ediriksə və bunu Dövlət Statistika Komitəsi təsdiqləyirsə, sabah bu məsələ bizim üçün ciddi problemə qədər böyüyə bilər.

Hər kəs bu dünyada xoş əməllər qoyub getmək istər. Pis əməl edənlərə "sən cəhənnəmliksən" deyərlər. Unutmaq lazım deyil ki, dinimizə görə, üç qız övladı böyüdüb ev, ailə sahibi edən valideynlər cənnəti elə bəri başdan, bu dünyada ikən qazanırlar.

Ailənizdə ikinci, heç üçüncü qızın da olmasından qorxmayın. Qız uşağının ayağı sayalı olar. Onun gəlişi ilə evə ruzi-bərəkət, ailəyə sevinc, şadlıq gələr. Biz də qızlarımızın gəlişinə sevinək ki, gələcəkdə ocağımızın başında da öz qızlarımız otursunlar, südümüz-sümüyümüz özgələşməsin.

Gəlin, bu barədə hamımız düşünək!

Flora SADIQLI,

"Azərbaycan"

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb