Son günlər Azərbaycandan xaricə çoxlu sayda at aparılması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdə atların Azərbaycandan Qazaxıstana daşındığı iddia olunur. Paylaşımlar ölkədən at ixracının həcmi, eləcə də ixrac olunan atların hansı məqsədlə istifadə edilməsi ilə bağlı suallar yaradıb.
AZXEBER.COM məsələ ilə bağlı Dövlət Statistika Komitəsinə sorğu ünvanlayıb.
Komitədən sorğumuza cavab olaraq bildirilib ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana 137 baş diri at idxal edilib. İdxal olunan atların ümumi dəyəri 37,62 min ABŞ dolları təşkil edib.
Eyni dövrdə Azərbaycandan xarici ölkələrə 1 553 baş diri at ixrac olunub. İxrac edilən atların ümumi dəyəri isə 324,83 min ABŞ dolları olub.
Müqayisə üçün bildirək ki, ilin ilk 7 ayında Azərbaycandan ixrac edilən atların sayı idxal olunan atların sayından 1 416 baş çox olub.
Bəs Qazaxıstanda atlardan hansı məqsədlərlə istifadə edilir?
Atçılığın geniş yayıldığı Qazaxıstanda bu heyvanlardan müxtəlif məqsədlərlə istifadə olunur.
Ölkədə atçılığın əsas istiqamətlərindən biri ət və süd məhsullarının istehsalıdır. Xüsusilə at südündən hazırlanan ənənəvi içki olan qımız Qazaxıstan mətbəxində mühüm yer tutur.
At əti də ölkənin ənənəvi qida mədəniyyətinin bir hissəsidir. Qazaxıstanın milli mətbəxində at ətindən hazırlanan qazı, qarta, jal və digər məhsullardan geniş istifadə olunur.
Bununla yanaşı, atlardan yalnız qida istehsalında istifadə edilmir. Damazlıq, minik, atçılıq idmanı, at yarışları və turizm də Qazaxıstanda atçılığın əsas istiqamətləri sırasında yer alır.
Fəridə Əsədzadə











































