Şadlıq sarayı, hotel, restoran, mağaza... – FHN bu il daha nələri bağlayıb?

Şadlıq sarayı, hotel, restoran, mağaza... – FHN bu il daha nələri bağlayıb?
SOSİAL
16:22 19.11.2026
39
Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması səbəbindən Bakıda fəaliyyət göstərən "İnterturan” mebel mağazasının fəaliyyətini dayandırıb.

Yoxlama zamanı mağazada elektrik təsərrüfatının müvafiq qaydalara uyğun quraşdırılmadığı, yanğınsöndürmə vasitələrinin və daxili yanğın kranlarının olmadığı, təxliyə yollarının tutulduğu və digər nöqsanlar aşkarlanıb.

Bu hadisə FHN-in cari il ərzində yanğın təhlükəsizliyi tələblərinin pozulmasına görə fəaliyyətini dayandırdığı obyektləri yenidən gündəmə gətirib.

AZXEBER.COM 2026-cı il ərzində FHN tərəfindən fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilən obyektləri araşdırıb.

Siyahıda şadlıq sarayları, hotellər, restoranlar, mağazalar və istehsal müəssisələri yer alır.

"Elmin” şadlıq sarayı

2026-cı ilin mart ayında Xaçmaz şəhərində fəaliyyət göstərən "Elmin” şadlıq sarayında yoxlama keçirilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulduğu aşkarlanıb və obyektin fəaliyyəti dayandırılıb.

"Tinderyol Baku” geyim mağazası

Aprel ayında Sumqayıt şəhərinin 43-cü məhəlləsində yerləşən "Tinderyol Baku” geyim mağazasının da fəaliyyəti dayandırılıb. Buna səbəb mağazada yanğın təhlükəsizliyi tələblərinin pozulması olub.

"Bağçalı” hotel

Aprelin 14-də Şabran rayonunun Rəhimli kəndində yerləşən "Bağçalı” hotelinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Yoxlama zamanı yanğın siqnalizasiya sistemində nasazlıq və elektrik təsərrüfatında nöqsanlar aşkarlanıb.

Mebel sexi

Aprelin 15-də Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, 21 ünvanında fəaliyyət göstərən mebel sexinin də fəaliyyəti dayandırılıb. Obyektdə yanğın siqnalizasiya sisteminin tam quraşdırılmadığı və elektrik təsərrüfatında nöqsanların olduğu müəyyən edilib.

"Səbinə” şadlıq sarayı

Aprelin 16-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 7 ünvanında yerləşən "Səbinə” şadlıq sarayının fəaliyyəti dayandırılıb. Burada yanğın siqnalizasiya sisteminin tam quraşdırılmaması, yanğınsöndürmə vasitələrinin çatışmazlığı və digər nöqsanlar aşkarlanıb.

"Elastik” MMC

Aprelin 27-də Mingəçevir şəhərində "Elastik” MMC-yə məxsus rezin məmulatları istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb. Yoxlama zamanı yanğın siqnalizasiya sistemində nasazlıq, elektrik təsərrüfatında nöqsanlar və yanğınsöndürmə vasitələrinin çatışmazlığı müəyyən edilib.

Ərzaq məhsullarının topdansatış mağazası

Aprelin 30-da Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2 ünvanında yerləşən ərzaq məhsullarının topdansatış mağazasının fəaliyyəti dayandırılıb. Obyektdə yanğın siqnalizasiya sisteminin nasazlığı, elektrik naqillərində problemlər və təxliyə yollarının tutulması aşkarlanıb.

Avtomobil şinlərinin satışı anbarı

Mayın 29-da Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən avtomobil şinlərinin satışı anbarının fəaliyyəti dayandırılıb. Yoxlama zamanı yanğın təhlükəsizliyi qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Qaradağ rayonundakı anbar

İyunun 20-də Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesinin 29-cu kilometrliyində yerləşən anbarın fəaliyyəti dayandırılıb. Burada yanğın siqnalizasiya sisteminin olmaması, elektrik təsərrüfatında nöqsanlar, daxili yanğın kranlarının və yanğınsöndürmə vasitələrinin çatışmazlığı aşkarlanıb.

"Golden Street” hotel

Oktyabrın 8-də Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi, 7 ünvanında yerləşən "Golden Street” hotelinin fəaliyyəti dayandırılıb. Yoxlama zamanı elektrik təsərrüfatında, yanğın siqnalizasiya sistemində və qaz qurğularının quraşdırılmasında nöqsanlar müəyyən edilib.

"El Pizza” restoranı

Oktyabrın 26-da Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, 23 ünvanında yerləşən "El Pizza” restoranının fəaliyyəti dayandırılıb. Restoranda yanğın təhlükəsizliyi tələblərinə zidd qaz qurğularından və standartlara uyğun olmayan odun sobalarından istifadə edildiyi aşkarlanıb.

"Rəmiş” hotel

Oktyabrın 30-da Bakının Biləcəri qəsəbəsində yerləşən "Rəmiş” hotelinin də fəaliyyəti dayandırılıb. Yoxlama zamanı yanğın siqnalizasiya sisteminin nasaz olduğu, elektrik təsərrüfatında nöqsanlar və təxliyə yollarında maneələr aşkar edilib. FHN hotelin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR