Təsəvvür edin ki, biznes forumunun fasiləsində potensial tərəfdaşla rastlaşırsınız. Söhbət əsnasında o, "Növbəti tədbir üçün nə düşünürsünüz?” deyə soruşur. Bir dəqiqədən sonra hər ikiniz zala qayıdacaqsınız. Siz isə aylardır üzərində düşündüyünüz ideyanı ilk dəfə ona izah edəcəksiniz. Hansı cümlə ilə başlayardınız?
İşgüzar ünsiyyətdə bu cür qısa təqdimata "Lift nitqi”(elevator pitch) deyilir. Adi bir lift səfəri qədər qısa bir qarşılaşma burada metafora kimi nəzərdə tutulur. Həmin vaxt ərzində qarşınızdakı insan ideyanın nədən ibarət olduğunu və söhbəti niyə davam etdirməyə dəyər olduğunu anlamalıdır. MIT-nin Kommunikasiya Laboratoriyası auditoriyaya tanış sözlər seçməyi, ideyanın dəyərini yığcam ifadə etməyi və təqdimatı təxminən 20–40 saniyəyə sığdırmağı tövsiyə edir.
"Səsli vizit kartı”nı necə təqdim edərdiniz?
Tutaq ki, biznes forumu üçün "səsli vizit kartı” hazırlamaq ideyanız var. İştirakçı telefonuna qısa səsyazma edir. Həmin yazıda özünü təqdim edir, nə üzərində işlədiyini və tədbirdə kiminlə tanış olmaq istədiyini deyir. Digər iştirakçılar onun yaxasındakı kartın QR kodunu telefonla oxudub həmin yazıya qulaq asa bilirlər.
İdeyanı tərəfdaşa belə təqdim edə bilərsiniz: "Növbəti forum üçün QR kodlu səsli vizit kartları hazırlamaq istəyirik. İştirakçılar özləri haqqında qısa səsyazma edəcəklər. Digərləri kartdakı kodu oxudub həmin yazıya qulaq asa biləcəklər”.
Tərəfdaş kartın necə işlədiyini anlayır. Növbəti sualı isə bu ola bilər: "Bəs iştirakçı bundan nə qazanır?” Təqdimata elə həmin sualdan başlayaq: "Forumda vizit kartından adamın harada işlədiyini öyrənirik. Bəs onun burada kiminlə tanış olmaq istədiyini necə bilək? Təklifimiz səsli vizit kartıdır. İştirakçı 20 saniyəlik səsyazmada nə üzərində işlədiyini və kiminlə görüşmək istədiyini deyir. Yazıya kartdakı QR kod vasitəsilə qulaq asmaq olur. İstəsəniz, növbəti forumda bunu kiçik bir qrupla sınayaq”.
İkinci təqdimatı eşidən tərəfdaş artıq forumda konkret bir səhnəni təsəvvür edə bilir. Bir iştirakçı kodu oxudur və telefondan belə bir cümlə eşidir: "Yeni qablaşdırma həlli üzərində işləyirəm, yerli istehsalçı ilə tanış olmaq istərdim”. Əgər dinləyən adam elə həmin sahədə çalışırsa, söhbətə haradan başlayacağını bilir. İdeyanın dəyəri də məhz o anda görünür.
Eyni ideyanın ilk cümləsi niyə dəyişir?
Forumun proqram rəhbəri ilə danışırsınızsa, iştirakçıların tədbirdə özlərinə uyğun əlaqələri necə tapa biləcəyindən başlamaq məntiqlidir. Texniki koordinatorla ilkin söhbətdə isə ilk cümlə belə səslənə bilər: "Mövcud iştirakçı kartlarına qısa səsyazmaya aparan QR kod əlavə etmək istəyirik”. Bu cümlə ona təklifin tədbir hazırlığına necə təsir edəcəyini soruşmaq üçün əsas verir.
Stenford Universitetinin biznes məktəbində kommunikasiya fənnini tədris edən Met Abrahams mesajı üç sual ətrafında qurmağı təklif edir. Təklif nədir? Bu, dinləyici üçün niyə əhəmiyyətlidir? Növbəti addım nədir? Sonuncu sual təqdimatın necə bitəcəyini müəyyənləşdirir. İlkin rəy istəyirsinizsə, "Sizcə, iştirakçılar bundan istifadə edərmi?” deyə soruşa bilərsiniz. Təklif sınağa hazırdırsa, "Gələn forumda bunu kiçik bir qrupla yoxlayaqmı?” sualı daha konkret söhbət açır.
Təqdimatınızdan hansı fikir yadda qalır?
Boaz Keysar və An S. Henlinin 2002-ci ildə Psychological Science jurnalında dərc olunan araşdırmasında iştirakçılar bir neçə mənaya gələ bilən cümlələrlə konkret bir fikri çatdırmağa çalışıblar. Sonra dinləyicilərin onları nə dərəcədə düzgün anladığını təxmin ediblər. Danışanlar nəzərdə tutduqları mənanın qarşı tərəfə çatma ehtimalını sistemli şəkildə olduğundan yüksək qiymətləndiriblər.
Təqdimatı məşq edəndə "Aydın oldumu?” sualına çox güman ki, "bəli” cavabı alacaqsınız. İdeyanı ilk dəfə eşidən birindən "Səncə, bu təklif kimə və necə kömək edir?” deyə soruşmaq sizə daha çox şey deyər. "QR kodlu kart hazırlayırsınız” cavabından texniki detalın yadda qaldığını biləcəksiniz. "İştirakçılar forumda görüşmək istədikləri adamları daha asan tapa bilərlər” cavabını eşidəndə isə təklifin məqsədinin də aydın olduğunu görəcəksiniz.
Liftin qapısı açılanda söhbət bitə bilər. Amma qarşınızdakı adam çıxarkən "Bunu növbəti forumda necə sınaya bilərik?” deyə soruşursa, deməli, həmin 30 saniyə öz işini görüb.
Xülya Sabirli
Jurnalist, kommunikasiya üzrə ekspert











































