Elviranın ölümü ilə bağlı ATU tələbələrindən şok iddialar: Rəşid Mahmudov sərt cavab verdi

Elviranın ölümü ilə bağlı ATU tələbələrindən şok iddialar: Rəşid Mahmudov sərt cavab verdi
SOSİAL
13:08 17.11.2026
45
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi Elvira Eyyubova universitetin yataqxanasındakı otağında ölü vəziyyətdə tapılıb.

Məlumata görə, hadisədən əvvəl Elviranın başı ağrıyıb və o, daha sonra hamam otağına keçib. Bacısı onun uzun müddət geri qayıtmadığını görərək narahat olub. Hamam otağının qapısını açdıqdan sonra Elviranı yerdə hərəkətsiz vəziyyətdə görüb.

Hadisədən sonra sosial şəbəkələrdə Elviranın vəfatı ilə bağlı paylaşımlar geniş müzakirələrə səbəb olub.

Diqqət çəkən məqamlardan biri isə ATU tələbələrinin hadisə ilə bağlı şərhləri və universitetdəki təhsil sistemi barədə səsləndirdikləri fikirlərdir. 

Belə ki, bir sıra tələbələr Elviranın vəfatı ilə universitetdəki ağır dərs yükü və sıx imtahan qrafiki arasında əlaqə olduğunu iddia ediblər.

Tələbələrdən biri paylaşımında universitetdəki tədris və imtahan sistemini tənqid edib:

"Elvira kimi gənc, gözəl bir ruhun aramızdan ayrılmasına səbəb olan ən böyük faktorlardan biri Azərbaycan Tibb Universitetidir. İmtahanlar arasında bir gün belə fasilə yoxdur, materialın həcmi həddindən artıq çoxdur və imtahanı keçə bilmək üçün kitab oxumaq lazımdır. Amma buna vaxt yoxdur. Biz tələbələri robot kimi düşünürlər. Bəlkə də itə göstərdikləri hörmət bizə göstərdiklərindən daha çoxdur”.

Digər tələbə isə universitetdəki təhsilin keyfiyyətindən və müəllimlərin tələbələrlə davranışından narazılığını ifadə edərək, heç kimə ATU-da təhsil almağı tövsiyə etmədiyini bildirib:

"Bezmişik artıq. Nə normal dərs keçirlər, nə normal imtahan sistemi var, nə də tələbələrlə normal rəftar edilir. Hətta müəllimlərin özlərinin də imtahan sualları və dərslərlə bağlı məlumatları olmur. Tibbdə oxumağa bu qədər bərbad təhsil sisteminə görə dəymir. Heç kimə ATU-da təhsil almağı məsləhət görmürəm”.

Tələbələrin səsləndirdiyi iddialarla bağlı AZXEBER.COM Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovla əlaqə saxlayıb.

Rəşid Mahmudov tələbələrin universitetdəki tədris prosesi ilə bağlı narazılıqlarını qəbul etməyib və iddialarla razılaşmadığını bildirib:

"Onlar yalan deyirlər. Çətin bir şey yoxdur. Çox gözəl dərs keçilir, tələbələrə hər şey öyrədilir”.

Fəridə Əsədzadə
 

 

 

 


OXŞAR XƏBƏRLƏR