Büdcədən milyardlar ayrılır, əhalinin rifahı necə dəyişəcək? – AÇIQLAMA

Büdcədən milyardlar ayrılır, əhalinin rifahı necə dəyişəcək? – AÇIQLAMA
SOSİAL
11:18 17.11.2026
113
2027-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 18,7 milyard manat ayrılması nəzərdə tutulur. Bu, cari illə müqayisədə 1,6 milyard manat və ya 9,2 faiz çoxdur.

Bunu Milli Məclisin plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.

Komitə sədrinin sözlərinə görə, sosialyönümlü xərclər büdcə xərclərinin 44,2 faizini təşkil edəcək. Bu göstərici dövlət siyasətində sosial öhdəliklərin və insan kapitalının prioritet olduğunu göstərir:

"Gələn ilin büdcəsi rifah və inkişafa xidmət edəcək. Sosial xərclərin böyük hissəsi davamlı və təkrarlanan öhdəliklərdən ibarətdir. Bu səbəbdən onların fasiləsiz icrası etibarlı maliyyə bazası tələb edir”.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında iqtisadi ekspert Akif Nəsirli bildirib ki, 2027-ci ildə sosialyönümlü xərclərin 9,2 faiz artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından müsbət addımdır:

"Lakin bu artımın insanların real yaşayış səviyyəsinə təsiri yalnız büdcədən ayrılan vəsaitin həcmi ilə deyil, inflyasiyanın səviyyəsi və əhalinin gündəlik xərclərinin dinamikası ilə müəyyən olunacaq. Çünki sosial xərclərin artırılması avtomatik olaraq əhalinin rifahının eyni nisbətdə yüksəlməsi demək deyil. Əgər ərzaq, kommunal xidmətlər, dərman və digər zəruri məhsulların qiymətləri gəlirlərin artımından daha sürətlə yüksələrsə, vətəndaşların əldə etdiyi əlavə vəsaitin real dəyəri azalacaq. Bu baxımdan pensiya və əməkhaqqı artımları müəyyən qədər alıcılıq qabiliyyətini qoruya bilər, amma inflyasiyanın təsirini tam kompensasiya edib-etməyəcəyi artımın konkret məbləğindən və qiymətlərin dəyişməsindən asılı olacaq.
Burada xüsusilə aşağı gəlirli ailələrin vəziyyətinə diqqət yetirmək lazımdır. Çünki onların büdcəsində ərzaq, kommunal xidmətlər və dərman xərclərinin xüsusi çəkisi daha yüksəkdir. Məsələn, yüksək gəlirli ailə qiymət artımını müəyyən qədər başqa xərclərini azaltmaqla qarşılaya bildiyi halda, minimum pensiya və ya aşağı əməkhaqqı ilə yaşayan insanlar üçün belə imkanlar məhduddur. Ona görə də sosial ödənişlərin indeksləşdirilməsi zamanı yalnız orta inflyasiya göstəricisinə deyil, aztəminatlı əhalinin faktiki istehlak səbətindəki qiymət dəyişikliklərinə də diqqət yetirilməlidir”.

Ekspertin sözlərinə görə, əhalinin rifahının uzunmüddətli yaxşılaşması baxımından isə yeni iş yerlərinin yaradılması daha dayanıqlı nəticə verə bilər:

"Sosial ödənişlər insanların mövcud ehtiyaclarının qarşılanmasına kömək edir, lakin daimi iqtisadi təminat yaratmır. Yeni iş yerləri isə vətəndaşlara müntəzəm gəlir əldə etmək, peşə bacarıqlarını inkişaf etdirmək və gələcəkdə sosial təminat sistemində iştirak etmək imkanı verir. Bununla yanaşı, məşğulluğun artması dövlət büdcəsinə vergi və sosial sığorta daxilolmalarını da yüksəldir. Məncə, bu iki istiqaməti bir-birinə alternativ kimi qiymətləndirmək düzgün olmaz. Dövlət həm sosial ödənişləri inflyasiyaya uyğun artırmalı, xüsusilə həssas əhali qruplarını qiymət artımlarından qorumalı, həm də iqtisadiyyatda məhsuldar və dayanıqlı iş yerlərinin yaradılmasını stimullaşdırmalıdır. Əsas hədəf insanların yalnız büdcə hesabına aldığı sosial yardımlarla yaşaması deyil, öz əmək fəaliyyəti hesabına layiqli gəlir əldə edə bilməsidir. Uzunmüddətli rifahın əsas təminatı məhz yüksək məşğulluq, məhsuldarlıq və real əməkhaqqı artımıdır”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR