Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ən qüdrətli dövlətlərin iqtisadi inkişafının əsas amili kimi diqqət yetirilən enerji təhlükəsizliyinin təminatında böyük rolu olan Azərbaycanın tranzit ölkə kimi gələcəkdə daha böyük layihələrin təşəbbüsçüsü olacağına inamın tükənməzliyi bu gün də aktuallığını qoruyur
Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmi artır. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələrinin uğurlu icrası, yeni-yeni layihələrin gündəmə gətirilməsi bu önəmi daha da diqqətçəkən edir. Dövlətimizin başçısı İlham Əliyev "Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimində bildirmişdir: "Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur.” Bu məqam da vurğulanmışdır ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkədir: "Ona görə neft kəmərləri tikilməli idi və 1999-cu ildə artıq birinci neft kəməri - Bakı-Supsa kəməri istifadəyə verilmişdir. Yəni bu, onu göstərir ki, biz bu böyük işləri nə qədər qısa müddət ərzində görmüşük. Bu işlər həm böyük maliyyə vəsaiti tələb edirdi, həm də texniki cəhətdən çox çətin layihələr idi. Onu da deməliyəm ki, 1999-cu ildə bizim hələ böyük vəsaitimiz də yox idi. Ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verildi. Ona görə bu layihələrin həyata keçirilməsi doğrudan da böyük səylər, böyük müdriklik tələb edirdi. Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi ilə biz tarixdə ilk dəfə Xəzər dənizini Qara dənizlə neft kəməri ilə bağlamışıq.”
Bu reallıq beynəlxalq səviyyədə də etiraf olunur ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində və marağında olub. Bu maraq ölkəmizin uğurlarına əsasən müxtəlif dövrlər üçün fərqli olub. Bu baxımdan ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda xaos və anarxiyanın, özbaşınalığın baş alıb getməsi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin və şirkətlərin tərəddüdlərinə səbəb olmuşdur. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün bu tərəddüdlər aradan qalxdı, Azərbaycanda yaradılan sabitlik və normal biznes mühiti xarici investorların ölkə iqtisadiyyatına sərmayə yatırmalarına geniş imkanlar açdı. "Dünya təcrübəsi də göstərir ki, heç bir dövlət qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” söyləyən ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində tarixə "Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Ölkə Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılışı mərasimində həyata keçirilən enerji layihələrini diqqətə çatdırmaqla keçilən yolun aydın mənzərəsini yaratmışdır. Dünyaya açılan pəncərə kimi dəyərləndirilən BTC və BTƏ neft-qaz layihələrinin reallığa çevrilməsi TAP, TANAP kimi ardıcıllarının sıralanmasına yol açdı. Məlum olduğu kimi, bu ilin iyununda "Cənub Qaz Dəhlizi”nin əsas tərkib hissələrindən olan TANAP istifadəyə verildi. TAP-ın istifadəsi 2020-ci ilə nəzərdə tutulub.
"TANAP ortaq baxışımızın ən son bəhrəsidir” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, enerji bazarında yaşanan dəyişikliyə və ehtiyaca cavab verən TANAP, eyni zamanda, qarşıdakı illərdə həyata keçirəcəyimiz yeni layihələrin də müjdəsidir. TANAP 20 vilayət, 67 rayon və Çanaqqala boğazını keçən marşruta sahibdir. TANAP təkcə enerji təhlükəsizliyi baxımından deyil, Xəzər bölgəsindən Avropaya qədər marşrut üzərindəki bütün ölkələrin rifahına və məşğulluq probleminə də töhfə verəcək.
TAP isə Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. "TAP Azərbaycan, Yunanıstan, İtaliya və və Albaniya arasında münasibətləri daha da gücləndirəcəkdir. Biz Xəzər dənizi, Qafqaz və Avropanın yeni geniş regional əməkdaşlıq formatını yaradacağıq. Bu, bizim hamımıza fayda verəcəkdir. TAP layihəsinin reallaşması nəticəsində çoxlu işlər olacaq, minlərlə yeni iş yeri yaradılacaqdır. Bu da Azərbaycana Avropa bazarına enerjini təchiz etmək üçün yeni marşrutun yaradılmasından ibarət strateji məqsədləri tam yerinə yetirmək imkanını verəcəkdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz bu məqsədə nail olacağıq, çünki bu günədək işlər qrafik üzrə gedir. İtaliya Prezidenti Sercio Mattarellanın bu günlərdə ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərdə də Azərbaycan qazının Avropaya nəqli üçün TAP-ın seçilməsi alqışlanaraq bildirilmişdir ki, bu, Avropanın enerji təhlükəsizliyi və rəqabət qabiliyyətinin gücləndirilməsi, eləcə də İtaliyanın aparıcı ticarət tərəfdaşlarından olan Azərbaycanla ikitərəfli münasibətlərin genişlənirilməsi yolunda mühüm addımdır.
Əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan, Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin də ötən il istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyətlidir. BTQ Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə uzanır və beləliklə Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir. "Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur” söyləyən cənab İlham Əliyev bu statistikanı da açıqlayır ki, yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, BTQ dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan bəhrələnəcək bütün ölkələr arasında əməkdaşlıq daha da dərinləşəcək. Ən əsası BTQ dəmir yolunun uğurlu fəaliyyəti ölkəmizin geosiyasi əhəmiyyətini artıracaq və əlavə imkanlar yaradacaq.
Haqqında bəhs etdiyimiz enerji və nəqliyyat layihələrinin reallığa çevrilməsi səylərin birləşdirilməsinin biri-birindən əhəmiyyətli uğurlara yol açdığını bir daha ortaya qoyur. Azərbaycan, Gürcüstan və Türkiyə dövlətlərinin siyasi iradəsinin nəticəsi olaraq gerçəkləşdirilən BTC, BTƏ neft-qaz kəmərləri, həmçinin BTQ dəmir yolu xətti bu birliyin, həmrəyliyin regionun iqtisadi inkişafına töhfələrinin göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bu amili xüsusi qeyd edir: "Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir və bu gün bu kəmərlə, eyni zamanda, Xəzər şərq hissəsindən də neft nəql edilir. Yəni bizim ölkələrimiz, eyni zamanda başqa ölkələr üçün də tranzit imkanları təmin edibdir. Ondan bir il sonra - 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum kəməri yenə də Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı əməkdaşlıq hesabına inşa edilmişdir... Avropanın ən böyük infrastruktur layihələrindən biri olan "Cənub Qaz Dəhlizi” də məhz Azərbaycan, Gürcüstan, Türkiyənin və digər ölkələrin birgə fəaliyyəti nəticəsində yaradılır.” Ölkə Prezidenti bu sadalananlar fonunda bildirir ki, güclü iradə, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür: "Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər.” Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə olunur.
Göründüyü kimi, ən qüdrətli dövlətlərin iqtisadi inkişafının əsas amili kimi diqqət yetirilən enerji təhlükəsizliyinin təminatında böyük rolu olan Türkiyə, Azərbaycan və Gürcüstanın tranzit ölkə kimi gələcəkdə daha böyük layihələrin təşəbbüsçüsü olacaqlarına, maraq doğuracaqlarına inamların tükənməzliyi bu gün də aktuallığını qoruyur. Dövlətimizin başçısı İlham Əliyev enerji və nəqliyyat sektorunda əldə olunan uğurlara söykənərək bu fikri böyük inamla qeyd edir ki, biz son illərdə ölkə daxilində nəqliyyat infrastrukturu ilə çox ciddi məşğul olmuşuq: "Dəmir yolu infrastrukturu yeniləşir. Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir. Burada da biz liderliyi möhkəmləndiririk. Gəmiqayırma zavodunun tikintisi artıq xaricdən gəmilərin alınmasına ehtiyac qalmadığını göstərir. Bir sözlə, nəqliyyat infrastrukturunun yeniləşməsi, yaradılması, əlbəttə ki, daxili tələbat idi. Eyni zamanda, biz qonşularla əməkdaşlıq edərək regional infrastrukturu da yaratmışıq... Azərbaycan ərazisindən yüklərin daşınması gündən-günə artmaqdadır. Bununla paralel olaraq, hazırda biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq və Azərbaycan ərazisində bütün işləri tamamladıq. İndi biz, ümumiyyətlə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq. Əminəm ki, qonşu ölkələrlə əməkdaşlıq edərək bu yolun çatışmayan hissəsi də yaxın gələcəkdə tikilib istifadəyə veriləcək. Beləliklə, açıq dənizlərə çıxışı olmayan ölkə olan Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Bu, real işlərin nəticələridir.”
///iki sahil